Müxalifət bir neçə partiya ilə seçkilərə gedərsə öz gücünü parçalamış olar - MÜSAHİBƏ
Əhməd Oruc: “İctimai Palata ilə bir araya gələ bilərik”
7 Dekabr 2012 14:18 Müsahibə"Ola bilsin ki, bu əməkdaşlıq hansısa bir formatda reallaşsın"
Demokratik Qüvvələrin Məşvərət Məclisinin Sədrlər Şurasının üzvü, Azadlıq Partiyasının sədri Əhməd Orucun "OLAYLAR"-a müsahibəsi
-Əhməd bəy, Demokratik Qüvvələrin Məşvərət Məclisi ilə İctimai Palata arasında birgə əməkdaşlıq barədə tərəfinizdən göstərilən təşəbbüsə münasibət necədir?
-Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, eləcə də İctimai Palatanın bütün təmsilçilərinə birgə əməkdaşlıq təklif etmişik. Məqsədimiz seçki mühtinin demokratikləşdirilməsi və seçki qanuna dəyişikliklərə nail olmaq üçün demokratik düşərgəni bir araya gətirməkdir. İctimai Palata bir müddət tərəddüd etdi. İndi isə İctimai Palatada da birgə əməkdaşlığın zəruriliyi haqqında qərar qəbul edilib. Hesab edirəm ki, seçki qanunvericiliyənə dəyişikliklərlə bağlı biz Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq İctimai Palata ilə bir araya gələ bilərik. Ola bilsin ki, bu əməkdaşlıq hansısa bir formatda reallaşsın. Yəni, daimi olmasa da, periodik fəaliyyət göstərən bir format yarada bilərik.
-Belə çıxır ki, Demokratik Qüvvələrin Məşvərət Məclisi və İctimai Palatada təmsil olunan partiyaların təmsilçiliyi ilə yeni bir əməkdaşlıq formatı yaradıla bilər?
-Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq kütləvi informasiya vasitələri ilə 3 təklif irəli sürmşük. Belə ki, Demokratik Qüvvələrin Məşvərət Məclisi və İctimai Palata birlikdə yeni bir qurum yarada bilər. Yaxud iki qurum arasında əməkdaşlıq mühitinin yaradılması da mümkündür. Eyni zamanda müəyyən məsələlərlə əlaqədar funksional əməkdaşlıq da etmək olar. Demək olar ki, biz İctimai Palata ilə funksional əməkdalığa başlamışıq. Bu əməkdaşlıq əsasən seçki qanununnun demokratikləşdirilməsi istiqamətindədir. Digər iki formatda da əməkdaşlıq etmək mümkündür. Əgər İctimai Palata qeyd edilən iki formatı da qəbul edərsə Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq sözügedən istiqamətlərdə də onlarla əməkdaşlıq etməyə hazırıq.
-Partiya liderləri səviyyəsində hansısa məsləhətləşmələr keçirilərək razılıq əldə edilibmi? Yoxsa bu fikir mübadilələri yalnız mətbuat səhifələri vasitəsilə həyata keçirilir.
-Biz qarşılıqlı olaraq keçirilən bu və ya digər tədbirlərdə iştirak edirik. Bir müddət əvvəl İctimai Palatanın seçki qanunu layihəsi ilə bağlı keçirdiyi dinləmədə Demokratik Qüvvələrin Məşvərət Məclisinin nümayəndəsi iştirak edib. Eyni ilə Məşvərət Məclisinin keçirdiyi dinləmələrə İctimai Palatanın nümayəndələri qatılırlar. Ancaq əvvəl belə deyildi. Bizim keçirdiyimiz tədbirlərə İctimai Palata, onların keçirdiyi tədbirlərə isə Məşvərət Məclisi dəvət olunmurdu. Hazırda isə bir qədər pozitiv istiqamətdə inkişafın olduğu müşahidə edilir.
-İctimai Palata ilə əməkdaşlıq vahid namizədin müəyyən edilməsi istiqamətində də mümkün ola bilərmi?
-Demokratik Qüvvələrin Məşvərət Məclisi yalnız iki məsələ ətrafında yaranıb. Bura seçki mühitinin demokratikləşdirilməsi və mövcud seçki qanununun dəyişdirilməsi daxildir. Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq öz aramızda razılaşdırdığımız fəaliyyət istiqamətləri bunlardır. Onu da qərara almışıq ki, prosesin gedişində əməkdaşlığın dərinləşməsi, bizim bir komanda şəklinə çevrilməyimiz, seçkilərdə iştirakımızın əlaqələndirilməsi və digər məsələlər mümkündür. Eyni ilə İctimai Palatada da bu əməkdaşlıq özünü göstərə bilər. Hesab edirəm ki, ilkin olaraq bu və ya digər məsələlərlə bağlı əməkdaşlıq ortada olmalı, birgə işləmək təcrübəsi ortaya çıxamlıdır. Ondan sonrakı dövrdə isə əməkdaşlığın dərinləşməsindən asılı olaraq istənilən məsələdə, o cümlədən prezident seçkilərində iştirakın da formatını müzakirə etmək mümkündür.
-Bir sıra partiyalar təkid edirlər ki, müxalifətin seçkilərdə iştirak edəcək vahid namizədi müəyyən olunmalıdır. Sizcə, bu təşəbbüs müxalifət arasında fikir ayrılığı və qarşılıqlı ittihamları daha da artırmayacaq?
-Azərbaycan reallığı elədir ki, bu gün ölkə müxalifəti bir neçə partiya ilə seçkilərə gedərsə öz gücünü parçalamış olar. Bu da hakimiyyətin qələbə qazanmaq imkanlarını daha da artırır. Hamı tərəfindən başa düşülür ki, müxalifətin bir arada olması lazımdır.
Süleyman İsmayılbəyli