“Atatürk Liseyi kimi məktəblərin sayının artırılmasının çox böyük faydası var”
Bu günlərdə Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyinin fəaliyyətə başlamasının 25 il tamam oldu. Liseyin 25 illik yubileyinin təhsil ocağının məzun buraxılışı ərəfəsinə təsadüf etməsi ikiqat bayrama çevrilib. Hər zaman olduğu kimi bu dəfəki məzun gününə Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbər heyəti də təşrif buyurub. Məlumat üçün qeyd edək ki, ənənəvi olaraq Bakı Atatürk Liseyinin məzun günü tədbirlərinə Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu, mərhum Turan Yazqan gələrdi.
6 İyun 2017 13:12 MüsahibəKözhan Yazqan: "Əks təqdirdə yaranmış boşluğu təhlükəli ünsürlər doldururlar"
"FETÖ tipli təhlükəli qurumların idarəsi altında olanlar təhsil sahəsinə də nüfuz edirlər"
Bu günlərdə Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyinin fəaliyyətə başlamasının 25 il tamam oldu. Liseyin 25 illik yubileyinin təhsil ocağının məzun buraxılışı ərəfəsinə təsadüf etməsi ikiqat bayrama çevrilib. Hər zaman olduğu kimi bu dəfəki məzun gününə Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbər heyəti də təşrif buyurub. Məlumat üçün qeyd edək ki, ənənəvi olaraq Bakı Atatürk Liseyinin məzun günü tədbirlərinə Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu, mərhum Turan Yazqan gələrdi. Artıq bir neçə ildir ki, həyatını itirən Turan Yazqanın bu missiyasının onun oğlu, TDAV başqanı Közhan Yazqan davam etdirir. Bu dəfə həm də Bakı Atatürk Liseyinin 25 illik yubiley tədbiri olduğundan TDAV başqanı ilə yanaşı vəqfin digər səlahiyyətli şəxsləri Səadət Pinar Yıldırım, Karahan Yazqan, eləcə də Turan Yazqan ailəsi Bakıya gəlib. Fürsətdən istifadə edərək biz də TDAV başqanı Közhan Yazqanla görüşüb söhbətləşmək qərarına gəldik. Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı müsahibəsində rəhbərlik etdiyi qurumun mövcud fəaliyyəti, qarşıdakı planları, eləcə də Bakı Atatürk Liseyinin 25 illik fəaliyyəti barədə danışıb.
-Közhan bəy, məlum olduğu kimi Bakı Atatürk Liseyinin fəaliyyətinin 25 illiyi ilə bağlı yubiley tədbiri və məzun günündə iştirak etmək üçün Bakıya gəlmisiniz. Bir qayda olaraq məzun günü tədbirlərində mərhum Turan Yazqan iştirak edərdi. Hazırda Turan Yazqanın yerinə bu missiyanı yerinə yetirmək, bir növ onu əvəzləmək nə dərəcədə çətin və məsuliyyətlidir?
-Sizin də qeyd etdiyiniz kimi Bakı Atarürk Liseyinin məzun günü tədbirlərində bir qayda olaraq mərhum Turan Yazqan iştirak edərdi. Səhhəti imkan verdiyi müddət ərzində Turan Yazqan hər il Bakıya gələrək liseyin məzun günü tədbirlərində iştirak etdi. Çünki o, Bakı Atatürk Liseyinə çox böyük önəm verirdi və bu təhsil ocağını göz bəbəyi hesab edirdi. Təbii ki, Turan hocadan sonra Bakıda keçirilən məzun günü tədbirlərində iştirak etmək bir qədər çətindir. Daha dəqiq desək onun yoxluğu ilə barışmaq, onsuz bu tədbirlərə qatılmaq təsirlidir. Ancaq buradakı tədbirlərdə iştirak etməyin zəruriliyini də bilirik. Çünki yuxarıda da qeyd etdiyim kimi Bakı Atatürk Liseyi Turan Yazqanın göz bəbəyi hesab edilirdi. Biz də çalışırıq ki, Turan hocanın göz bəbəyi hesab etdiyi bu liseyi qoruyaq, onu yaşadaq və bununla da Onun ruhunu şad etmiş olaq. Ona görə də bu yola çıxmışıq və Turan hocanın yolunu davam etdirməyə çalışırıq. Qeyd etdiyiniz kimi, bu yol həm çətin, həm də məsuliyyətli bir yoldur. Bakıya səfərimizə gəlincə, məlum olduğu kimi səbəb Atatürk Liseyinin 25 illiyi ilə bağlı tədbirlərdə və məzun günündə iştirak etməkdir. Ümumiyyətlə, biz həm Turan Yazqan ailəsi, həm də Türk Dünyası Araşdırmalar Vəqfi olaraq Bakı Atatürk Liseyinin məzun günü ilə bağlı mərasimlərə hər zaman çox qiymət veririk, bu mərasimlərdə iştirak edirik. Qeyd etdiyim kimi bu ənənənin əsasını rəhmətlik Turan Yazqan hocamız qoyub və bizlər də böyük zövqlə davam etdiririk. Ona görə də bu dəfəki yubiley tədbirində həm Turan hocanın həyat yoldaşı Gülən xanımın, həm də Vəqfimizin İdarə Heyətinin iştirak etmələrini zəruri bildik və böyük bir heyətlə Bakıya gəldik.
-25 yaşlı Bakı Atatürk Liseyinin Türk dünyasında yeri necə görünür?
-Əvvəla onu deyim ki, 25 yaşlı Bakı Atatürk Liseyinin xüsusi bir özəlliyi var. Belə ki, Turan Yazqan hocamız türkdilli xalqlar arasında əlaqələri inkişaf etdirmək, mədəni və iqtisadi inteqrasiyaya nail olmaq məqsədi ilə 1992-ci ildən etibarən fərqli türk dövlətlərində məktəblər açmağa başladı və Bakı Atatürk Liseyi Türkiyə Cümhuriyyəti istisna olaraq, Vəqfimizin türk coğrafiyasında açılan ilk məktəbidir. Ötən 25 il ərzində Bakı Atatürk Liseyi ilə yanaşı, Türkiyədən Azərbaycana digər məktəblər də gəldi. Lakin təəssüflər olsun ki, dövlət xəttindən kənar gələn həmin təhsil müəssisələri burada xoş niyyətlə fəaliyyət göstərmədilər. Bakı Atatürk Liseyi isə ötən 25 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi və bundan sonra da gəlməyə, milli düşüncəli, ölkəsinə, xalqına, Azərbaycana, Türkiyəyə, Türk dünyasına yararlı gəncləri yetişdirməyə davam edəcək. Mən fürsətdən istifadə edib liseyimizin müəllim və şagird kollektivini təbrik edirəm. Şagirdlərimizə arzum budur ki, Vətəninə, xalqına, bayrağına, Türk dünyasına, "Bir millət, iki dövlət" fəlsəfəsinə sadiq bir əsgər kimi hər zaman ön sırada olsunlar. Azərbaycan-Türkiyə qardaşlığının əbədiyyətə qədər irəliləməsi işində üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün Türk dünyasının gələcək idarəçiləri kimi güclü biliyə, savada sahib olsunlar.
-Bəs Türk Dünyası Araşdırmalar Vəqfi olaraq gələcək planlarınız nələrdir?
-Planımızda dildə, fikirdə, işdə birlik yolunda dayanmadan çalışmaq var. Atatürkün dediyi "türk birliyini görür, ona inanıram" sözünü əldə rəhbər tutan Turan Yazqan hocamız bizə belə vəsiyyət etmişdi: "Hər bir türk gənci, türk uşağı bu birliyi görənə qədər mübarizəni davam etdirəcəyik". Biz də o vəsiyyətə əməl edərək bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycandakı fəaliyyətimizə gəlincə, düşünürük ki, imkanlarımız olduqca Bakı Atatürk Liseyi kimi məktəblərin sayının artırılmasının çox böyük faydası var. Çünki əks təqdirdə yaranmış boşluğu təhlükəli ünsürlər doldururlar. Yəni bəlli bir dairələrin, FETÖ tipli təhlükəli qurumların idarəsi altında olanlar təhsil sahəsinə də nüfuz edirlər.
- Azərbaycandan hansı təəssüratlarla qayıdırsınız?
-Azərbaycana hər dəfə səfər edəndə burada daha bir yeniliyin şahidi oluruq. Eyni zamanda, burada reallaşdırılan siyasəti, keçirilən beynəlxalq tədbirləri yaxından izləyirik və qardaş Azərbaycanın hər bir uğuru bizi sevindirir. Bu uğurların təməlində məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası dayanır. Yəni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan inkişaf edərək Türk dünyasının və bölgənin parlayan ulduzu olub.
Süleyman İsmayılbəyli