ABŞ hər zaman Azərbaycana strateji tərəfdaş kimi baxıb

Son aylar Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərdə müsbət dinamika özünü göstərməyə başlayıb. Xüsusilə Donald Trampın yeni Ağ Ev rəhbəri seçilməsindən sonra bu tendensiya özünü büruzə verir.

Azər Verdiyev: "ABŞ prezidentinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə yazdığı məktub sözün hər mənasında strateji əhəmiyyətə malikdir"

"Həm Birləşmiş Ştatların Azərbaycana münasibəti müsbətdir, həm də İlham Əıiyev şəxsiyyətinə dərin hörmət var"

Son aylar Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərdə müsbət dinamika özünü göstərməyə başlayıb. Xüsusilə Donald Trampın yeni Ağ Ev rəhbəri seçilməsindən sonra bu tendensiya özünü büruzə verir. Birləşmiş Ştatlar prezidenti seçilən gündən ölkəsinin xarici siyasətində köklü dəyişikliklər edəcəyini bəyanlayan Donald Trampın xüsusilə, Barak Obama zamanında Amerika ilə münasibətlərində müəyyən sərinlik yaranmış ölkələrlə əlaqələrə yenidən nəzər salacağı bildirilirdi. Və gözlənilən kimi də oldu. Yeni Ağ Ev rəhbəri özündən əvvəlki Amerika prezidentindən fərqli olaraq Rusiya ilə sərt ritorika ilə danışmağa deyil, mövcud problemləri qarşılıqlı anlaşma şəraitində həll etməyə üstünlük verdi. Eyni yanaşma digər ölkələrə, eləcə də Cənubi Qafqaz regionuna daxil olan respublikalara münasibətdə də özünü göstərdi. Bu sırada Azərbaycan müstəsna rol oynayırdı. Elə bu səbəbdəndir ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp Ağ Ev rəhbəri kimi Azərbaycanla münasibətləri bir qədər də inkişaf etdirməyə maraq göstərir. Hər halda Donald Trampın keçən ay ərzində iki dəfə azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlamış olduğu məktublar bunu aydın şəkildə təsdiqləyir. İstər 28 may-Respublika Günü ilə bağlı, istərsə də mayın 31-də Bakıda keçirilən XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Birləşmiş Ştatların dövlət başçısı Donald Trampın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlamş olduğu təbrik məktublarında qeyd edilən mövqe özünü aydın şəlildə göstərir. Hər iki məktubdan gəlinən qənaət ondan ibarətdir ki, yeni Ağ Ev administrasiyası Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək, Azərbaycan hakimiyyəti ilə əməkdaşlığı yeni bir mərhələyə, dönəmə daşımaq niyyətindədir. Bunu regionda Azərbaycanın yeri və mühüm əhəmiyyət kəsb edən mövqeyi, eləcə də Azərbaycanın Avropa üçün əvəzsiz enerji mənbəyi rolu oynaması ilə əlaqələndirən Vaşinqton əmindir ki, qarşıdakı müddətdə Amerika-Azərbaycan münasibətlərində yeni bir mərhələ açılacaq. Elə əksər ekspertlər, analitiklər də məhz bu qənaətdədirlər. "Qlobal Araşdırmalar Liqası" İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev Birləşmiş Ştatlar prezidenti Donald Trampın Azərbaycanın dövlət başçısı Cənab İlham Əliyevə göndərmiş olduğu təbrik məktublarının əhəmiyyətinə toxunaraq bildirib ki, bu Vaşinqton-Bakı münasibətlərində yeni bir dönəmin başlanğıcı deməkdir.

-Azər müəllim, son vaxtlar Amerika ilə Azərbaycan arasında müşahidə edilən isti münasibətlər ikitərəfli əlaqələrin gələcək perspektivləri üçün nə kimi müsbət zəmin yaradır?

-Ümumiyyətlə, Birləşmiş Ştatlar hər zaman Azərbaycana strateji tərəfdaş kimi baxıb. Hələ Ulu Öndər Heydər Əliyevin dönəmində Birləşmiş Ştatlarla ölkəmiz arasında isti münasibətlər yaranmışdı. Ölkəmiz müstəqillik əldə edənən sonra ilk illər xeyli geriləsə də, Heydər Əliyevin qayıdışından sonra iqtisadi dirçəliş dövrü başladı. Bu gün regionda baş verən proseslərdə ölkəmizin siyasi iradəsi ABŞ-a yaxşı bəllidir.

-Keçən ay ərzində Amerika prezidentinin iki dəfə Azərbaycan dövlət başçısına məktub göndərməsi Vaşinqtonun Bakıya önəm verməsinin göstəricisi sayıla bilərmi?

-Birləşmiş Ştatlar prezidentinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə yazdığı məktub sözün hər mənasında strateji əhəmiyyətə malikdir. Məktubun mətnindən də hiss olunur ki, burada həm Birləşmiş Ştatların Azərbaycana münasibəti müsbətdir, həm də İlham Əıiyev şəxsiyyətinə dərin hörmət var. Çünki Azərbaycan prezidentinin dünya liderləri arasında xüsusi çəkisi var. Bunu hər kəs təsdiq edir.

-Donald Trampın məktubunda Azərbaycanla bağlı müsbət fikirlərin yer alması, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək dəyərləndirməsi Azərbaycanla ABŞ arasında əməkdaşlıqda yeni dönəmin başladığını söyləməyə əsas verirmi?

Azərbaycan son 10 ildə dünya, xüsusən də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bundan başqa ölkəmizin siyasi iradəsi olmadan regionda hər hansı qlobal layihənin reallaşmasından söz gedə bilməz. Bu mənada hesan edirəm ki Amerika Azərbaycana həm də enerji təhlükəsizliyi vəd edən ölkə kimi çox lazımdır.

-Azərbaycan prezidentinə ünvanlanmış məktublarda Ağ Ev rəhbəri Donald Trampın Dağlıq Qarabağ məsələsinə də toxunması Vaşinqtonun problemin həllində aktivliyinin artacağına ümid verirmi?

-Rəsmi Vaşinqton Dağlıq Qarabaş münaqişəsində Azərbaycanın haqlı mövqeyini rəsmi şəkildə təsdiqləyib. Bundan başqa hazırki prezident heç bir erməni lobbisinin təsirinə düşə bilməz. Bu da imkan verir ki, münaqişənin həllində ABŞ-ın obyektiv mövqeyi daha da qətiləşsin. Məhz bu məqama görə hal-hazırda Ermənistan iqtidarı təlaş içindədir.

-Ümumiyyətlə ABŞ-Azərbaycan əlaqələrinin inkişafı regiona, o cümlədən Azərbaycana nə vəd edir?

-Birləşmiş Ştatlar dünyanın super güc dövlətidir. Bu gün dünyanın istənilən nöqtəsinə ABŞ-ın siyasi və iqtisadi təsir imkanları var. Eyni zamanda ABŞ dünyaya demokratik dəyərləri təbliğ edir. Ümumilikdə hər iki ölkənin dünyaya baxışı eynidir. Siyasi, iqtisadi maraqlar isə dövlətlərarası münasibətlərin daha da inkişafına stimul yaradır. Hesab edirəm ki, rəsmi Vaşinqton da Azərbaycanın mövqeyinin beynəlxalq hüquq normalarına uyğun olduğunu təsdiqləyir. ABŞ prezidentinin son məktubu isə bu əlaqələrin ən bariz nümunəsi kimi dəyərləndirilməlidir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31