Müxalifətin prezident seçkilərinə hazırlığı normal deyil - Ənvər Ağazadə - MÜSAHİBƏ

Güman etmirəm ki, ilkin seçkilər vahid namizəd probleminin həllinə yardım etsin. Əksinə bu məsələni bir qədər də qəlizləşdirəcək"

Azərbaycan müxalifəti prezident seçkilərində iştirak edəcək vahid namizəd müəyyən edə bilməyəcəyi təqdirdə Ümid Partiyası seçkilərə öz namizədi ilə qatılacaq. Partiyanın Ali Məclisinin sədri Ənvər Ağazadə "OLAYLAR"-a verdiyi müsahibədə deyib ki, sözügedən məsələ partiyanın növbəti qurultayında müzakirə edilə və müvafiq qərar qəbul oluna bilər. Ənvər Ağazadə hazırda Azərbaycan müxalifətinin prezident seçkilərinə hazırlığı prosesinə, eləcə də müxalifətin vahid namizədinin müəyyən edilməsi üçün təklif olunan ilkin seçki məsələsinə də münasibət bildirib.

-Ənvər bəy, Ümid Partiyasının növbəti qurultayına hazırlıq işləri hansı mərhələdədir? Partiya bu ilin sonuna qədər qurultayını keçirməyə nail olacaqmı?

-Hələlik Ümid Partiyasının növbəti qurultayının vaxtı bir qədər ertələnib. Çünki qurultaya hazırlıq işləri də tam başa çatmayıb. Partiyanın bir neçə rayon şöbəsində qurultaya hazırlıq konfransları keçirilməyib. Qurultayın vaxtının ertələnməsinin əsas səbəblərindən biri də "Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklər və bəzi partiyaların dövlət büdcəsindən maliyyələşməsidir. Bu maliyyələşmə hansı formada həyata keçiriləcək onu gözləyirk. Eyni zamanda Maliyyə Nazirliyi maliyyə hesabatları ilə bağlı sənədlər təqdim etməlidir. Ola bilsin ki, bütün bu məsələlərə görə, qurultayda partiyanın nizamnaməsinə də hansısa dəyişikliklər edilsin. Ona görə də biz partiya olaraq qurultayımızı keçirməyə hələ ki tələsmirik. Hesab edirəm ki, gələn ilin ilk altı ayı ərzində Ümid Partiyasi öz qurultayını keçirəcək.

-Qurultayda partiyanın prezidentliyə namizədi müəyyən ediləcəkmi?

-Təbii ki. Çünki partiyanın prezident seçkilərində iştirak edəcək namizədini müəyyən etmək qurultayın səlahiyyətindədir. Sözsüz ki, qurultayda bu məsələ də müzakirə mövzusu olacaq və quultay partiyanın namizədini müəyyənləşdirəcək.

-Ümid Partiyasının yubileyi nə vaxt keçiriləcək?

-Ümid Partiyasının yubiley tədbirinin keçirilməsi dekabr ayının 15-nə nəzərdə tutulmuşdu. Lakin yubiley tədbirinin keçirilməsi ilə bağlı bəzi problemlər var. Ola bilsin ki, bu səbəbdən yubiley tədbirinin vaxtı dəyişsin. Ancaq bütün halda dekabr ayında Ümid Partiyasının yubileyi keçiriləcək.

-Partiyanın yubiley tədbirində xarici ölkələrdən də qonaqlar iştirak edəcək?

-Konkret xarici ölkələrdən qonaq nəzərdə tutulmasa da, ancaq səfirliklər, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, siyasi partiyaların rəhbərləri yubiley tədbirinə dəvət ediləcək. Çalışacağıq ki, bu məsələdə ayrıseçkilik qoymayaq və tədbirə hamını dəvət edək.

-Hazırda Azərbaycan müxalifətinin prezident seçkilərinə hazırlıq prosesini necə dəyərləndirirsiniz? Bəzi siyasi liderlər hesab edirlər ki, müxalifət hələlik düzgün istiqamətdə fəaliyyət göstərmir. Siz də bununla razısınızmı?

-Prezident seçkilərinə demək olar ki, çox az vaxt qalıb. Ancaq buna baxmayaraq Azərbaycan müxalifətinin seçki hazırlıqları qaneedici səviyyədə deyil. Yaxşı olardı ki, bu vaxta qədər Azərbaycan müxalifətinin vahid komandası, vahid namizədi müəyyən edilər, vahid konsepsiya ilə seçki hazırlıqlarına start verilərdi. Ancaq hələlik bu proses baş verməyib. Ona görə də hesab edirəm ki, Azərbaycan müxalifətinin prezident seçkilərinə hazırlığı prosesi normal deyil. Buna baxmayaraq Ümid Partiyası, eləcə də digər ayrı-ayrı partiyalar seçkiyə ciddi şəkildə hazırlaşır. Ümid Partiyası olaraq təkcə bu ildən deyil, 2010-cu ilin parlament seçkilərindən sonra fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. Hazırda da gündəlik işlərimiz davam edir. Bizim partiya olaraq istəyimiz odur ki, Azərbaycan müxalifəti vahid bir komanda halında prezident seçkilərinə qatılsın. Əgər bu baş verməyəcəksə bizim partiyanın prezident seçkilərində öz namizədi olacaq və işlərimizi bu istiqamətdə davam etdirəcəyik.

-Sizcə, indki vəziyyətdə müxalifətin vahid komanda ilə seçkilərə getməsi mümkün görünürmü? 

-Bu günkü reallıqdan baxanda mümkün görünmür. Ancaq sabah nə baş verəcəyini indidən demək olmaz. Onu da qeyd edim ki, hazırda bu istiqamətdə danışıqlar davam edir, partiyalar arasında aparılan danışıqlara son nöqtə qoyulmayıb. Güman edirəm ki, bu və ya digər şəkildə müxalifətin burliyi yaranacaq. Burada bütün müxalifət partiyaları, yaxud əsas müxalifət partiyaları təmsil olunacaq bunu indidən söyləmək mümkün deyil. Hazırda bu istiqamətdə ciddi şəkildə müzakirələr gedir.

-Bu arada müxalifətin vahid namzədinin müəyyən edilməsi üçün ilkin seçki keçirilməsi təşəbbüsü ortaya atılıb. Sizcə bu nə dərəcədə real görünür?

-Hesab edirəm ki, prezidentliyə namizəd olmaq iddiasını ortaya qoyan insanlar ilk növbədə qərar qəbul etməlidirlər ki, seçkilərə bir yerdə gedirik. İlk növbədə bu məsələ həll olunmalıdır. Əgər bu məsələ həll olunsa sonradan ikinci bir məsələ, vahid namizədin kim olması müzakirə edilə bilər. Burada ən yaxşı variant razılaşmadır. Yəni, prezidentliyə iddalı olan bir neçə adam bu məsələni öz aralarında razılaşdıra bilər. Daha mürəkkəb variant seçdikdə isə bu məsələnin həlli bir qədər də çətinləşəcək. Ən sadə danışıqlar, razılaşma yoludur. Ancaq buna istək, səmimi münasibət olmalıdır. Əgər səmimi bir istək olmasa müxtəlif variantlar ortalığa atılacaq ki, bu da nətucə etibarilə birliyə gətirib çıxarmayacaq. Ən doğru variant razılaşma yolu ilə vahid namizəd müəyyən etməkdir. Əgər belə bir razılaşma olsa müxalifət cəmiyyətin dəstəyini ala bilər.

-Konkret desək ilkin seçki problemin həllinə yardımçı olmayacaq?

-Güman etmirəm ki, ilkin seçkilər vahid namizəd müəyyən edilməsi problemin həllinə yardım etsin. Əksinə bu məsələni bir qədər də qəlizləşdirəcək. Çünki bu ilkin seçkidən sonra mümkündür ki, kimsə nəticələrdən narazı qalsın və seçkinin nəticələri şübhə altına alınsın. Ən doğru variant prezidentliyə iddialı olan insanların bir araya gəlib öz aralarında razılaşmasıdır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31