Azərbaycan dünyanın dialoq mərkəzidir
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Dünyanın nüfuzlu beynəlxalq təşkilat və qurumları, dövlət və hökumət rəhbərləri iki gün ərzində müasir dünyanı narahat edən mühüm proseslər, humanitar böhran, sülh və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Sayca dördüncü dəfə keçirilən bu forum bir sıra vacib məqamları ilə diqqət çəkir.
4 May 2017 14:23 MüsahibəƏli Qənbərli: "Bu gün beynəlxalq birlik Azərbaycana güvənir və bu kimi təşəbbüsləri Bakıda keçirməyi vacib hesab edir"
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Dünyanın nüfuzlu beynəlxalq təşkilat və qurumları, dövlət və hökumət rəhbərləri iki gün ərzində müasir dünyanı narahat edən mühüm proseslər, humanitar böhran, sülh və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Sayca dördüncü dəfə keçirilən bu forum bir sıra vacib məqamları ilə diqqət çəkir. İlk növbədə forumun Bakıda keçirilməsi ölkəmizin dialoq, müzakirə məkanı olduğunu ortaya qoyur. Eyni zamanda Azərbaycanın bir təşəbbüskar ölkə olaraq beynəlxalq aləmdəki imicinə, nüfuzuna müsbət təsir göstərir. Eyni zamanda bu forum Azərbaycandakı tolerant mühit, multikulturalizm barədə dünyada ətraflı rəy formalaşdırır. Ən əsas məqamlardan biri isə ondan ibarətdir ki, Ümumdünya Mədəniyyətlərarası Forum və digər bu kimi toplantılar vasitəsilə Azərbaycanın üzləşdiyi problemlər, Ermənistanın ərazilərimizə təcavüzü, işğalçılıq siyasətləri barədə beynəlxalq aləm bir daha məlumatlandırılır. Elə politoloq Əli Qənbərli də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Əli Qənbərli Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışıb.
-Əli bəy, bu günlərdə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Forumun əhəmiyyətini necə dəyərləndirərdiniz və belə bir mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycana nə vəd edir?
--Əlbəttə 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi olduqca mühüm hadisədir. Bu ən azından onun göstəricisidir ki, bu gün beynəlxalq birlik Azərbaycana güvənir və bu kimi təşəbbüsləri Bakıda keçirməyi vacib hesab edir. Forumun tərəfdaş təşkilatlarına, qurumlarına baxdıqda görmək mümkündür ki, bu forum kifayət qədər onəmli məsələlərin birgə müzakirəsi baxımından faydalı olacaq. Belə ki, burada qızların təhsilə cəlb edilməsi ilə zorakı ekstremizmə qarşı mübarizə, qida təhlükəsizliyi, mədəniyyətlər arasında dialoqun təşviqində şəhərlərin rolu və.s məsələlər müzakirə ediləcək. Bu kimi tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın hümanist siyasətinin dünyada təbliği baxımından önəmlidir.
- Azərbaycan artıq bir neçə belə mühüm toplantılara evsahibliyi edir. Bu öz-özlyündə ölkəmizin beynəlxalq aləmi narahat edən məsələlərin müzakirə edildiyi bir məkana çevirdiyindən xəbər vermirmi?
--Əlbəttə, son illər ərzində Azərbaycan dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməkdədir. Bu tədbirlər sırasında dünya əhəmiyyətli forumlar, idman yarışları, mədəniyyət tədbirlərini qeyd etmək olar. Bütün bu sadalananlar onun göstəricisidir ki, Azərbaycan hazırda dünyanın dialoq mərkəzidir.
-Ümumiyyətlə, Axərbaycanın bu kimi təöşəbbüslərlə çıxış etməsi ölkəmizin beynəlxalq aləmdəki nüfuzu, çəkisini nə dərəcədə artırır?
-Bu kimi tədbirlərin Azərbaycanda keçirilməsi Azərbaycanın beynəlxalq reputasiyasının artması baxımından çox vacibdir. Çünki, bu gün bütün dünya hümanitar fəlakətlərdən, eksteremizmdən əziyyət çəkir. Azərbaycan isə dünyaya çıxış yolu göstərir, qarşılıqlı dialoqu təmin etmək üçün alternativ variantlar təklif edir.
-Belə tədbirlər eyni zamanda dünyaya Azərbaycandakı tolerant mühit, dini dözümlülüyü bir daha açıq şəkildə göstərmirmi?
- Azərbaycan tarixən tolerantlığın başlıca mərkəzlərindən biri olmuşdur. Əlbəttə, Azərbaycandakı tolerant mühiti təkcə bu tədbirlərlə əlaqələndirmək olmaz. Tolerantlıq tarixən Azərbaycan vətəndaşlarının həyat tərzi olub. Bu kimi tədbirlər Azərbaycandakı tolerantlığı dünyaya çatdırmaq baxımından bir vasitədir. Ölkəmizdə dini zəmində həmrəylik vardır. Həm də, bu gün bu həmrəyliyə dünyanın heç bir yerində bu qədər yüksək səviyyədə rast gəlmək mümkün deyil.
-Bəs Azərbaycanın problemləri, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq aləmə çatdırlması baxımından bu kimi tədbirlər nə dərəcədə önəm kəsb edir?
-Bilirsiniz, əslində Dağlıq Qarabağ problemi beynəlxalq səviyyəlidir.Yəni, bu problemin həlli ilə birbaşa məşğul olan tərəflər var. Əlbəttə, lazımi tərəflər problemin həlli ilə 20 ildən çoxdur ki, məşğuldurlar. Ancaq, bizə nəticə lazımdır.Təbii ki, bu kimi tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından önəmlidir. Lakin, bu tədbirlərin Dağlıq Qarabağ probleminin birbaşa həllinə təsiri yoxdur.
Məhəmməd