IV İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi bütün müsəlman dünyasının diqqətini ölkəmizə çəkəcək
Məlum olduğu kimi may ayının 12-dən 22-dək Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Sayca dördüncü dəfə keçiriləcək bu oyunlara hazırlıq işləri artıq başa çatmaq üzrədir. Ölkənin bütün idman arenaları demək olar ki, bu mötəbər yarışa tam hazırdır. Bəs görəsən IV İslam Həmrəyliyi Oyunları Azərbaycana hansı dividentlər gətirəcək? Bu və ya digər suallarla millət vəkili Azər Badamova müraciət etdik.
26 Aprel 2017 13:46 MüsahibəAzər Badamov: "İslam coğrafiyası ölkəmiz haqqında daha dərin bilgilərə yiyələnəcək"
Məlum olduğu kimi may ayının 12-dən 22-dək Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Sayca dördüncü dəfə keçiriləcək bu oyunlara hazırlıq işləri artıq başa çatmaq üzrədir. Ölkənin bütün idman arenaları demək olar ki, bu mötəbər yarışa tam hazırdır. Bəs görəsən IV İslam Həmrəyliyi Oyunları Azərbaycana hansı dividentlər gətirəcək? Bu və ya digər suallarla millət vəkili Azər Badamova müraciət etdik.
-Azər müəllim, artıq İslam Həmrəyliyi Oyunlarına sayılı günlər qalır. İlk öncə bilmək istərdim ki, bu oyunların əhəmiyyəti nədən ibarətdir və Azərbaycanıa hansı dividentlər gətirəcək?
-Azərbaycan inkişaf edən gənc ölkədir. Dövlət siyasətimizin təməlində iqtisadiyyatın şaxələndirilməsi və qeyri -neft sektorunun inkişaf etdirilməsi dayanır. Qeyri-neft sektorunun aparıcı sahələrindən birisi də turizmdir. Ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində böyük işlər görülmüşdür. Məlumdur ki, IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Azərbaycana on minlərlə turist gələcək və bunun da ölkəmizin turizm potensialının dünya arenasında tanınması baxımından böyük əhəmiyyəti vardır. Gələn qonaqlar Azərbaycanın gözəllikləri ilə tanış olacaq , müəyyən qədər vəsaitlər xərcləyəcək və qayıdandan sonra ölkəmizin təbliğatçıları olacaqlar. Məhz mütəmadi keçirilən beynəlxalq tədbirlərin nəticəsidir ki, Azərbaycana gələn turistlərin sayında kəskin artım müşahidə olunur. Qeyd etmək istəyirəm ki, turizmin inkişafı iqtisadiyyatın inkişafı deməkdir.
-Bundan əvvəl də Bakı Birinci Avropa Oyunlarına evsahibliyi etdi. Hazırda da İslam Həmrəylik Oyunlarıa hazırlaşır. Bu həm də onun göstəricisi sayıla bilərmi ki, Azərbaycan Qərblə Şərq arasında önəmli körpü rolunu oynayır, hər iki dəyərləri özündə yüksək səviyyədə birləşdirir?
-Çox düzgün qeyd edirsiniz ki, Azərbaycan Qərblə Şərq arsında körpü rolunu oynayır. 2015-ci ildə xristian mənşəli idmançıların iştirakı ilə ölkəmizdə I Avropa Oyunları keçirilıdi. Bu il isə müsəlman mənşəli idmançıların iştirakı ilə İV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu onu göstərir ki, Azərbaycan dünyaya multikulturalizm və tolerantlıq ənənələrinin carçısı misiyyasına sadiqdir. Qloballaşan dünyada dinlər və mədəniyyətlər arası fərqli baxışların aradan qaldırılmasına, dostluq və barışın yaranmasına Azərbaycan öz töhfəsini verir. Ümumiyyətlə son illər Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər tez-tez keçirilir və ölkəmiz dünya ölkələrinin etibar edə biləcəyi bir məkan olduğu sübut olunmuşdur. Təbii ki, dünyanın ölkəmizə göstərdiyi yüksək etimad və etibarın kökündə dövlət başçımızın yürütdüyü düzgün dövlət siyasəti və bunun nəticəsində ölkəmizin artan nüfuzu dayanır. Azərbaycan dünyada dost və dostluğa sadiq ölkədir. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinin çoxalması dostlarımızın, bizi dəstəkləyənlərin sayını da artırır. Azərbaycan sabitlik adasıdır və hər bir istqamətdə beynəlxalq tədbir keçirməyə hazırdır. Dünya ölkələri də bunu çox yüksək dəyərləndirir.
-Bu oyunlar İslam dünyası, müsəlman aləminin Azərbaycana olan marağı, diqqətini nə dərəcədə artıracaq?
- Azərbaycan İslam ölkəsidir və hər zaman ölkə başçısı beynəlxalq tədbirlərdə bunu dilə gətirir. Həm də İslam ölkəsi olmaqla sivil dəyərlərin inkişaf etdiyi bir məkandır. Belə bir məkan isə müsəlman dünyasında çox azdır. IV İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi bütün müsəlman dünyasının diqqətini ölkəmizə çəkəcək, İslam coğrafiyası ölkəmiz haqqında daha dərin bilgilərə yiyələnəcəkdir. Müsəlman ölkələri arasında siyasi sabitlik təmin olunaraq stabil inkişaf edən ölkələr çox azdır. Onlar ölkəmizə gəlib öz gözləriylə görəndə ki, belə gözəl məkan var təbii ki, Azərbaycana diqqət və maraq artacaq. Bunun da Azərbaycanın iqtisadi inkişafında əhəmiyyətli rolu olacaqdır.
-Bu kimi tədbirlər həm də Azərbaycanın üzləşdiyi problemlər, eləcə də Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli deyilmi?
Azərbaycan bütün istiqamətlərdə öz inkişaf dövrünü yaşayır, qarşısına qoyduğu bütün məsələlər həll olunur. Həll olunmayaraq qalan yeganə problemimiz torpaqlarımızın işğaldan azad olunmamasıdır. Biz istəyirik ki, ermənilərlə münaqişəni mümkün qədər danışıqlar yolu ilə həll edək. Bunun üçün də beynəlxalq ictimaiyyətin dəstəyi lazımdır. Çünki, Ermənistan sanksiyalarla işğala son qoyulmasına məcbur edilməlidir. Bu baxımdan ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından əvəz olunmaz platformadır. Ölkəmizə gələn hər bir şəxs erməni işğalı, azərbaycanlılara qarşı törədilmiş soyqırımlar barəsində məlumatlanacaq və ermənilərin cinayətkar əməlləri ilə tanış olacaqlar.
-Adətən belə tədbirlər ərəfəsində Azərbaycan bəzi xarici dairələr tərəfindən hədəfə götürülür. Bu dəfə də ölkəmizə qarşı əsassız ittihamların gündəmə gələcəyi gözləniləndirmi?
-Biz görmüşük ki, hər dəfə ölkəmizdə keçirilən hər hansı siyasi və beynəlxalq tədbir ərəfəsində bəzi xarici dairələr hərəkətə keçir, bizi qarayaxmalarla ləkələmək istəyirlər. Bu dəfə də belə bir prosesin olacağı gözləniləndir. Çünki dünyada ikili standartlar, ikili yanaşmalar var. Bəzi dairələr düşünürlər ki, necə ola bilər ki, kiçik bir müsəlman ölkəsi bu qədər inkişaf etsin, dünyada bu qədər nüfuza sahib olsun. Ona görə də gözü götürməyən dairələr olub və bundan sonra da olacaqdır. Biz isə onlara fikir vermədən öz işimizlə məşğuluq. Biz düz yoldayıq. Düz, ədalətli yolda olanlara isə heç bir şər-böhtan yapışmır.
-Ümumilikdə İslam Həmrəylik Oyunılarına hazırlıq prosesini necə dəyərləndirirsiniz?
-Azərbaycanın beynəlxalq yarışmalar keçirməsində böyük təcrübəsi var. Həm də böyük idman oyunları keçirmək üçün müasir infrastruktura malik nadir ölkələrdənik. 2015-ci ildə keçirdiyimiz I Avropa Oyunlarını da Dünya Olimpiya Oyunları səviyyəsində təşkil etdik və bunu tədbirlərin iştirakçılarının özləri ifadə etmişdir. İndi isə IV İslam Həmrəylik Oyunları ərəfəsindəyik və bu beynəlxalq tədbirə çox yüksək səviyyədə hazırlıq görülmüşdür. Xüsusilə qeyd etmək istəyirəm ki, təşkilat komitəsi öz işinin öhtəsindən çox məharətlə gəlir və düşünürəm ki, olimpiadanın iştirakçıları bu dəfə də böyük məmnunluqla ölkəmizdən ayrılacaqlar.
Süleyman