Vüqar Bayramov: "Adına ev olanlar da sosial mənzil almaq üçün müraciət edə bilərlər"
Bir neçə gündən sonra sosial evlər almaq üçün qeydiyyat başlayacaq. Bununla bağlı müraciətlərin və sualların sayı da artır. Yaranan suallara iqtisadçı Vüqar Bayramov aydınlıq gətirib.
21 Aprel 2017 16:20 MüsahibəBir neçə gündən sonra sosial evlər almaq üçün qeydiyyat başlayacaq. Bununla bağlı müraciətlərin və sualların sayı da artır. Yaranan suallara iqtisadçı Vüqar Bayramov aydınlıq gətirib.

-Vüqar müəllim hazırda mənzil sahibi olanlar sosial ev ala bilərmi?
- Mövcud qanunvericilik mənzilə sahib olanların sosial evlərə müraciətini məhdudlaşdırmır. Bu isə o deməkdir ki, adına ev olanlar da sosial mənzilə almaq üçün müraciət edə bilərlər.
- Kredit borcu olanlar sosial mənzil ala bilərlərmi?
- Kreditin olması sosial mənzilə müraciəti məhdudlaşdırmır. Krediti olanlar sosial mənzil ala bilərlər. Sadəcə bu zaman aylıq kredit ödənişləri xərc olaraq müraciət edən şəxsin gəlirindən çıxılır və əgər müraciətçinin gəliri bütün öhdəlik və xərc çıxıldıqdan sonra sosial evə müraciətə imkan verirsə, o zaman bu mümkündür.
-Müraciətlər neçə mərhələli olacaq?
- Müraciət sistemi 2 mərhələli olacaq. Mayın 1-dən başlanan 1-ci mərhələdə qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcək. Məhz ikinci mərhələdə müraciətə daha tez baxılacaq.
-Mayın 1-dək qeydiyyatdan keçmək mümkündürmü?
-Mayın 1-dək qeydiyyatdan keçmək mümkün deyil. Bununla belə, Bakıda 1,3 və 5 saylı ASAN xidmətlərində və eləcə də Sumqayıt ASAN xidmətində artıq sosial evlər ilə bağlı bütün suallara aydınlıq gətirilir. Sosial ev almaq istəyənlər sözügedən xidmətlərə müraciət edə bilərlər.