“Söyün Sadıqov Ara Abramyanla birlikdə Gümrüdə iki kilsə təmir etdirib” - MÜSAHİBƏ
Mürsəl Dilavər: “O, Rusiyanın Gürcüstanı bombalamasını dəstəkləyən tək “azərbaycanlı”dır”
3 Dekabr 2012 15:43 MüsahibəSon günlər mətbuatda "AzərRos" Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqovun adı çox hallanır. Haqqında müxtəlif fikirlər səslənir. Hətta bəzi mətbuat oranları öz həmkarlarını bu insana qara yaxmaqda belə ittiham edir. Müsahibimiz Mürsəl Dilavər Söyün Sadıqov haqqında bilmək istəyənlər üçün həqiqətləri danışdı. Mürsəl Dilavər - 18 yanvar 1967- ci ildə Naxçıvan şəhərində anadan olub. 1990-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. İxtisasca İnşaat mühəndisidir. 2004-cü ildən Ukraynanın Xarkov şəhərində yaşayır. 2006-2007 tədris ilindən etibarən Xarkov Milli İnşaat və Memarlıq Universitetində müəllim işləyir. Bununla yanaşı "Dneproprokat" inşaat şirkətinin sahə rəisidir. Siyasi mənsubiyyəti 1997-ci ildən AXCP üzvüdür.
-Mürsəl bəy, Söyün Sadıqovla ilk tanışlığınız və onun bir insan kimi Sizdə hansı təəssürat yaratması ilə bağlı nələri deyə bilərsiniz?
- Bu müsahibə üçün əvvəlcədən təşəkkür edir və vətənindən uzaqda yaşayan bir insan olaraq, bu imkanı mənə tanıdığınız üçün təşəkkür edirəm. Söyün Sadıqovla tanışlığımıza gəlincə, mən Söyün Sadıqovu "Mosrekonstruksiya" şirkətində direktor müavini işlədiyi vaxtdan, təxminən 1994-95-ci illərdən tanıyıram. Dəfələrlə işimlə əlaqədar "Mosrekonstruksiya"da olarkən onun Azərbaycanlılara və ermənilərə olan münasibətini görürdüm. Biz bəzən bir fakturaya imza atması üçün 3 gün gedib-gəlirdik. Bizi süründürürdü. Neçə dəfə mübahisə etmişəm. Ancaq əlimiz onlara məhkum idi. İnşaat işində yeni olduğumuz üçün onlarla işləməyə məcburduq. Sag olsun, Söyün də bunu bildiyi üçün bizə zülm verirdi. Ermənilər isə Söyünə qardaş deyirdilər. Şəxsən mən erməni biznesmendən öncə növbəyə yazılsam da, ermənini növbəsiz qəbul edib, etirazımı bildirdikdə isə rusca "kefim belə istəyir" deyib. Eyni materialı ermənilərə daha ucuz verirdi. Bunun səbəbini soruşduqda, o, bunu şirkətin siyasəti ilə əlaqəndirmişdi ki, buna inanmamışdıq. Buna görə mən bu şəxsin vətənpərvər olduğuna inanmıram. Azərbaycanı sevdiyi üçün bu təşkilatı qurduğuna da. Bu şəxs "AzərRosu" yaradanda da çox təəcüblənmiş və hətta dostlarıma demişdim ki, bu adamın başına daşmı düşdü ki, birdən birə ermənipərəstlikdən vaz keçdi. Ancaq sonra araşdırdıqda, ermənilərlə əlaqələrini davam etdirdiyini gördük. Son hadisələr isə onun mahiyyətini ortaya qoydu.
-Azərbaycanda bu insanın etnik kimliyinin də qaranlıq olması ilə bağlı fikirlər var. Bu barədə nə deyə bilərsiniz?
-Bu insan əslən Gürcüstandandır. Qardabanidən. Qardabaninin əhalisi qarışıqdır. Orada azərbaycanlılarla yanaşı, gürcü və ermənilər də yaşayır. Mən bu suala cavab verməzdən əvvəl bir suala cavab tapmaq istərdim. Hansısa dövlət sizin doğmalarınızın da yaşadığı ərazini bombalamaq istəsə, onu dəstəkləyərsiniz? Siz bəlkə inanmayacaqsınız, amma, Söyün Sadıqov Rusiyanın Gürcüstanı bombalamasını dəstəkləyən tək "azərbaycanlı"dır. Qanı qarışıq olmayan necə soydaşlarının başına bomba yağdırılmasını istəyər? Məsələ burasındadır ki, Rusiyanın Gürcüstana hücumu zamanı burnu qanamayan sadəcə ermənilər idi. Mənə elə gəlir ki, Söyün Sadıqovun etnik mənsubiyyəti ilə bağlı bu məqam çox aydınlaşdırıcı faktor sayıla bilər.
-Söyün Sadıqovun ermənilərlə ortaq biznesə malik olduğu bildirilir. Bu məlumatların əsası varmı?
- Əlbəttə. Söyün Sadıqovla Ara Abramyan ortaqdırlar. S.Sadıqovun Gürcüstanda və Ermənistanda xeyli obyekti var və həmin obyektləri erməni qohumları işlədir. Ermənistan ərazisində Spitak, Kirovokan və Kamoda bu gün böyük inşaat işləri görür. Mən bunu Facebookda statusunda açıqlamışam. QAT sədri, yaxın dostum Akif Nağı da məndən sonra bu barədə açıqlamanı verdi. Bir şirkət prezidentinin üç əsas adamı olur: mühasib, sürücü katibə. Mühasib varsa bütün kirli ticarəti ört-basdır edir, şoferlə katibə isə evdəkilərdən daha çox səninlə olduqlarından nə zaman nə etdiyindən xəbərdardırlar. Bu aksiomadır və əksəriyyət bu üç vəzifəyə ya qohumlarını, ya çox yaxın dostlarını təyin edirlər. Çünki bunlardan biri səni satarsa, əbədiyyətə qədər içəridən çıxa bilməzsən. Söyün Sadıqov azərbaycanlıdırsa, niyə bu üç vəzifəni düşmən ermənilərə peşkəş edib?! İnsan düşmənə özünü təslim edərmi? Söyün Sadıqovun bu üç vəzifədəki adamlarının üçü də ermənidir. Mənim özüm qədər inandığım, hazırda bizim şirkətin Moskvadakı nümayəndəsi Həmid Mustafayev araşdıqdıqdan sonra mənə dedi ki, Söyünün mühasibə işinə əslən Vanadzordan olan Aram Ter-Martirosyan adlı yaşlı erməni baxır. Şoferi Livan ermənisidir. Soyadını unutsa da, adının Suren olduğunu dedi. Söyün Sadıqovun ta "Mosrekonstruksiya" şirkətində işlədiyi vaxtdan katibələri erməni gözəlçələri olub. O vaxtkı katibəsi Gümrü qızı Sonia Gulvartian olub. O "qocaldıq"da, bu ailəyə Söyün Sadıqov necə bağlı olubsa, onun qızı Ritanı özünə katibə götürüb. İşin biədəb tərəfi Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin inzibati binasına da bu erməni qız Söyün Sadıqovla bərabər girib-çıxır. Söyün Sadıqov bu faktları niyə təkzib etmir? Edə bilmir. Çünki pis yerdən yaxalamışıq.
-"Milyarderlər İttifaqı"nın Azərbaycandan kənarda-Rusiyada yaşayan azərbaycanlıların mühafizəsi, onların hüquqlarının müdafiəsi məqsədilə yaradıldığı bildirilir. Bunu inandırıcı hesab etmək olar?
- Görünən dağın bələdçiyə ehtiyacı yoxdur. RATİ və ya "Milyarderlər İttifaqı" yaranan kimi təşkilatın sözçüsü Söyün Sadıqov gedib Ara Abramyanla şəkil çəkdirib, Rusiyada necə mehriban yaşadıqlarından danışdı. Bu nə anlama gəlir? Bu konfransın mesajı bu idi: yenidən Rusiyanın himayəsinə girək və mehriban yaşayaq. Rusiya yenidən Qafqazı işğal etmək istəyir. Bu adamlar da Rusiyanın hər çaldığı havaya qol süzdürürlər. Baxın, mən 1997-ci ildən AXCP üzvüyəm və 2003-cü ildən mühacir həyatı yaşayıram. Ancaq bu insanlar müstəqil şəxslər deyil. Kremlin diktəsi ilə oturub-duran şəxslərdənsə indiki hakimiyyət yaxşıdır.
-Söyün Sadıqov yaratdığı iş yerlərində Rusiyada yaşayan həmvətənlərimizə köməklik edirmi. Xeyriyyəçiliyi varmı?
- Mən bir az öncə onun azərbaycanlılara etdiyi köməkdən özümü misal çəkərək, verdim. Erməniyə 3 rubla satılan armatur Söyün Sadıqovun sayəsində bizə 5.3 rubla satılırdı. Bundan "böyük kömək"?! Gözdən pərdə asmaq üçün üç-beş müğənnini gətirib qonaqlıq vermək xeyriyyəçilikdirsə, Söyün çox böyük "xeyriyyəçidir". Xeyriyyəçiliyinə gəlincə isə, çox "xeyriyyəçidir". Gümrüdə iki kilsəni Ara Abramyanla birlikdə təmir etdiriblər. Leninakanda isə bir erməni məktəbi tikdirib.
-Moskvada "Rusiya Erməniləri İttifaqı" (REİ) Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyan və Rusiya azərbaycanlılarının "AzərRos" Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıxov arasında keçirilən görüşdə iki dövlət arasında Dağlıq Qarabağ problemi ilə bağlı 20 ildir fikir ayrılığının olmasından təəssüf hissi keçirilir...
-Söyün Sadıqov Kremlin tapşırığı ilə və özünün də istəyi ilə Dağlıq Qarabağı unutdurmaq və xalqları Rusiyanın himayəsinə məcbur etmək siyasətini yürüdür. Müavini deyir ki, madam Qarabağın açarı Rusiyanın əlindədir, o zaman niyə bizə irad tutursunuz, biz güclünün yanındayıq. Söyün Sadıqov erməni əsill olmasaydı, Ara Abramyanla dostluq və qardaşlıq nəğməsini bu qədər rahat söyləyə bilməzdi.
-Sizcə, S.Sadıqov erməni və Azərbaycan gənclərini qarşılıqlı hörmət ruhundə tərbiyə etmək deyəndə nəyi nəzərdə tutur. Bunu hansı yolla edəcək?
- O, gəncləri ancaq təslimçi və Kremlə itaətkar ruhda tərbiyə edə bilər.
-Görüşdə hər iki təşkilatın bazasında qarşılıqlı maraq doğuran məsələlərlə məşğul olan daimi işçi komissiyası yaradılması qərara alınıb. Sizcə bu qarşılıqlı maraq kimin xeyrinə işləyəcək?
- Əlbəttə Rusiya və Ermənistanın.
-Bir müddət əvvəl S.Sadıqov D.Q. məsələsinin Rusiyada yaşayan azərbaycanlı və erməniləri maraqlandırmadığını bildirmişdi. İndi onun bu işdə can yandırmasını nə ilə əsaslandırmaq olar?
- Ağası əmr etdiyi üçün. Bu insanlar müstəqil deyillər ki, öz başlarına qərar çıxarsınlar. Sizə məlumat verim ki, Söyün Sadıqov Ara Abramyanla yeni proyektə imza atacaq. "AZERROS" Rusiyada Azərbaycanlıların Federal Millli-Mədəni Muxtariyyatı ilə Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanla birlikdə "Qarabağ: barış və turizmin perspektivləri" lahiyəsinə başlayır. Bunu Regnum-a danışan Söyün Sadıqovun özü də təsdiq edib. O, Qarabağ münaqişəsinin bölgəyə vurduğu zərbəni azaltmaq və bölgənin inkişafına çalışdıqlarını iddia edib: "Sabah sülh olsa, heç kim sökülüb-dağılan ərazilərdə yaşamaq istəməyəcək. Biz əlli il əvvəl necə bərabər yaşayırdıq, indi də elə yaşamaq tərəfdarıyıq. Başqa niyyətimiz yoxdur". O, başqa niyyətinin olmadığını desə də, turizminin inkişafına yardım etmək istədiyi ərazi Azərbaycanın işğal altında olan əraziləridir. Bu isə vətənə xəyanətdir. Erməni turizminin inkişafına etdiyi yardımlar bir daha Söyün Sadıqovun Ara Abramyanla bərabər ermənilərə xidmət etdiyini göstərir. Bu gün Söyün Sadıqov və Rüstəm İbrahimbəyovu iqtidara qarşı çıxdığına görə dəstəkləyənlərə üz tuturam: Serj Sərkisyan onlardan da radikal şəkildə Azərbaycan dövləti və prezidenti haqqında danışır. Bəlkə ona da dəstək verəsiniz?! Hər oxuyan Molla Pənah olmaz.
-Sizcə, S.Sadıqov necə olub ki, diasporanın effektiv işləmədiyini yenicə başa düşüb?
- Məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir. Onların Diaspora Komitəsini suçlamasında səbəb iz azdırmaq, öz günahlarına don geyindirməkdir. Diaspora Komitəsi 10 ildir fəaliyyət göstərir, fəaliyyətsiz olması indi yadlarına düşdü? Bunlar hamısı məqsədli və planlı işlərdir. Bunları birisi deməlidir. Baxın, mən bu gün bu danışdıqlarıma görə, təhdidlər alıram. Elə keçən ayın əvvəlində Söyün Sadıqovun yaxın adamlarından Elena Usanova zəng etmişdi. Dedi ki, "Ukraynadasan deyə, hər şeyi deyə biləcəyini sanma, Ukrayna da bizim barmaq işarəmizə baxır". Başa düşmədiyimi dedikdə, "Söyün müəllimlə bağlı ağzına gələni yazırsan. Səni tanıyırıq. Söyün müəllim istəsə, bir saata sənin bu kiçik biznesini batırar. Bizim davamız sən və sənin kimi Əliyevlərdən qaçanlarla deyil, Azərbaycandakı rejimlədir". Mən də dedim ki, sənin müdürün nə qədər ermənilərə qardaş deyir, bu iqtidardan çox mənim düşmənimdir. Nə qədər ki, Söyün Sadıqovun pasportunda Ermənistan möhürü (giriş-çıxış) Azərbaycan möhüründən çoxdur, o mənim düşmənimdir. Nə qədər Qarabağı unutdurmağa çalışacaq, o zaman mənim düşmənimdir. Düşmənimin düşməni o vaxt mənim dostumdur ki, vətənə xəyanət etməsin. Söyün isə vətənə xəyanət edib, indi onu ört-basdır etmək üçün həmişə söydüyü, təhqir etdiyi azərbaycanlılığa sığınıb.
Aygün