Dərsliklərdəki qüsurlara DİM-dən REAKSİYA: “Mənbəyi məlum olmayan məlumatlar...”
Orta məktəb dərsliklərində yol verilən nöqsanlar zaman-zaman gündəmə gəlir. Bəzi iradlar müəlliflər tərəfindən qəbul edilsə də, bəzilərinin doğru olmadığı bildirilir. Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fəaliyyət göstərdiyi dövrdə bu istiqamətdə araşdırmalar aparılıb, nəticələri Təhsil Nazirliyi, eləcə də ictimaiyyətə açıqlanıb. Hazırda TQDK-nın fəaliyyətini Dövlət İmtahan Mərkəzi davam etdirir. Bu günlərdə DİM struktur və kadr islahatları aparılıb və Afiqə Batıyeva Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri təyin edilib.
3 Mart 2017 12:46 MüsahibəOrta məktəb dərsliklərində yol verilən nöqsanlar zaman-zaman gündəmə gəlir. Bəzi iradlar müəlliflər tərəfindən qəbul edilsə də, bəzilərinin doğru olmadığı bildirilir. Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fəaliyyət göstərdiyi dövrdə bu istiqamətdə araşdırmalar aparılıb, nəticələri Təhsil Nazirliyi, eləcə də ictimaiyyətə açıqlanıb. Hazırda TQDK-nın fəaliyyətini Dövlət İmtahan Mərkəzi davam etdirir. Bu günlərdə DİM struktur və kadr islahatları aparılıb və Afiqə Batıyeva Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri təyin edilib.
TQDK-nın fəaliyyəti dövründə də müvafiq şöbəyə rəhbərlik edən Afiqə xanım dərsliklərdəki problemlərlə bağlı sualları cavablandırıb.
- Afiqə xanım, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyət göstərdiyi dövr ərzində nə qədər dərsliyin monitorinqi aparılıb?
- Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsasnaməsində dəyişikliklər edilməsi barədə verdiyi 19 aprel 2012-ci il tarixli Fərmanına əsasən TQDK-ya ümumtəhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vəsaitlərinin elmi-metodiki monitorinqinin aparılması vəzifəsi həvalə olunmuşdu.
Bu sahədə beynəlxalq təcrübə öyrənilərək, monitorinqin keçirilməsi qaydaları, ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadədə olan dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi meyarları hazırlandı. [email protected] səhifəsi yaradıldı və I-XI sinif dərslikləri barədə fikir bildirmək üçün pedaqoji ictimaiyyətə müraciət ünvanlandı.
Dərsliklərin açıq müzakirələrinə və rəylərin formalaşdırılmasına praktik müəllimlər, metodistlər, ali məktəblərin metodika kafedralarının müəllimləri, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin nümayəndələri, psixoloqlar, bədii tərtibat və dizayn üzrə mütəxəssislər dəvət edildi. Ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər əsasında formalaşdırılmış yekun rəylər Təhsil Nazirliyinə göndərildi.
2012-2016-cı illər ərzində I-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) istifadədə olan 388 dərslik, 242 müəllim üçün metodik vəsaitin monitorinqi aparılıb.
- Dərsliklərdə ən çox aşkarlanan səhvlər nələrdir?
- Qüsurlar əsas etibarı ilə standartların siniflər üzrə bölgüsündə şagirdlərin yaş xüsusiyyətlərinin əsasən nəzərə alınmaması, standartlarda nəzərdə tutulmayan mövzu və anlayışlardan istifadə edilməsi, terminlərin yerində düzgün işlədilməməsi, izahların natamamlığı, mətnlərin seçilməsi, tapşırıqların forması və məzmunu ilə bağlıdır.
- Səhvlər aradan qaldırıldımı?
- Ölkədə tətbiq olunan dərslik siyasətinə görə dərsliklər bir neçə ildən bir tam tirajla yenidən nəşr olunur. Bu səbəbdən də, monitorinq nəticəsində bildirilən irad və təkliflərin qısa müddətdə düzəldilməsi mümkün deyil. Bununla bağlı, dərsliklərdə mövcud olan problemlərin həllində müəllimlərə kömək məqsədilə elektron "Dərslik portalı" yaradıldı və yekun rəylər orada yerləşdirildi. Bu vaxtadək "Dərslik portalı"ndan 1681242 nəfər istifadə edib, 2844 nəfər qeydiyyatdan keçərək, qeyd və təkliflərini bildiriblər. Portalda yerləşdirilmiş rəylərlə bağlı sorğuları isə mütəmadi olaraq dərslik müəllifləri və dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər cavablandırırlar.
Monitorinqlər 2 yönümdə - yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış I-IX və qüvvədə olan ənənəvi tədris proqramları əsasında tərtib olunmuş X-XI sinif dərslikləri üzrə aparılıb. Hər bir dərslik, dərs vəsaiti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki cəhətdən məzmuna uyğunluğu, müəllim üçün metodik vəsaitin məzmunu baxımından təhlil olunub.
Yekun rəylər Təhsil Nazirliyinə göndərilib və "Dərslik portal"ında yerləşdirilib.
- TQDK-nın monitorinqindən sonra hansı dərsliklərdə səhvlər aradan qaldırılıb?
- 2012-ci ildən indiyədək I, II, III, IV,VI və VII siniflər üzrə dərslik komplektləri təkrar nəşr edilib. Təkrar monitorinq onu göstərir ki, ilkin monitorinq zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış yekun rəylərdə göstərilən irad və təkliflərin xeyli hissəsi təkrar nəşrlərdə nəzərə alınıb. Lakin bəzən düzəlişlər zamanı yeni səhvlərə də yol verilir.
- Bu gün dərsliklərdə daha çox razı olmadığınız hallar nə ilə bağlıdır? Ümumiyyətlə, dərsliklərdə yol verilən nöqsanların səbəbləri barədə fikirlərinizi öyrənmək istəyərdik...
- Bu gün riyaziyyat fənni üzrə dərsliklər bəzi hallarda məzmun etibarilə şagirdin məntiqi təfəkkürünün formalaşmasında yetərli rol oynamır. Halbuki milli kurikulumda bu məsələ aparıcı mövqedədir və təliminin başlıca məqsədi hesab olunur. Dərslik komplektlərində şagirdlərin müstəqil şəkildə məsələ və çalışmaları həll etmək bacarıq və vərdişləri tam formalaşdırılmır. Yeni keçilən mövzu öncəki mövzularla əlaqələndirilmədiyi üçün öyrənilənlərin bacarıq və vərdişlərə çevrilməsi tam reallaşdırılmır. Yazılı, şifahi bacarıq və vərdişlər tam formalaşdırılmır. Riyazi biliklərin öyrədilməsi sistemli və tətbiqi mahiyyət daşımır. Tapşırıqların əsas standart və alt standartlara uyğunluğu əksər hallarda gözlənilmir. Bütün bunlara əsas səbəb bəzi hallarda həm də dərsliklərin metodiki cəhətdən məzmun etibarilə düzgün tərtib olunmamasıdır.
- Bəs digər fənn dərsliklərində vəziyyət necədir?
- Məsələn, dil fənləri üzrə dərslik komplektlərində nəzərdə tutulan bəzi standartlar heç də hər mövzu üzrə tam reallaşdırılmır. Mövzu və mətnlərin bir qismi şagirdlərin yaş psixologiyasına tam uyğun deyil. Bəzi hallarda mətnlərin tərbiyəvi rolu qənaətbəxş olmur. Mətnlərin bir qismi vətənpərvərlik və millilikdən uzaqdır, əksər hallarda həcmcə böyükdür, lazımsız informasiyalarla yüklənilib. Verilən dil qaydaları mətnlər üzrə paralel şəkildə işlək vəziyyətə gətirilmir. Dil qaydaları üzrə verilən çalışmaların bir qismi qüsurludur. Mövzulararası əlaqə bəzən gözlənilmir. Mövzular üzrə tədris xətti sadədən mürəkkəbə deyil, bır sıra hallarda mürəkkəbdən sadəyə doğru verilib. Təqdim olunan dil qaydlarının izahı lazımi şəkildə əksini tapmır. Belə ki, eyni xarakterli dil qaydalarının izahı bərabər şəkildə izah edilmir. Bir sıra hallarda dərsliklərdə öz əksini tapmayan dil qaydalarına aid tapşırıqlar və çalışmalar verilir. Standartlarda nəzərdə tutulan "oxu və nitq bacarıqlarını inkişaf etdirmə" prosesi bir sıra hallarda mövzular və mətnlər üzrə tam açıla bilmir.
Məhz bu sadalananlara görədir ki, dərslik komplektlərində şagirdlərin şüurlu oxu və məntiqi - şifahi nitq bacarıqlarını, öz fikirlərini yazılı şəkildə ifadə etmək, qabiliyyət və vərdişlərini formalaşdırmaq üçün bir sıra hallarda etibarlı və lazımi zəmin yoxdur.
"Həyat bilgisi" dərslik komplektlərində bir sıra alt standartlarda nəzərdə tutulmuş bilik, bacarıq və dəyərlərin reallaşdırılması üçün ya heç bir material verilmir, ya da verilmiş material bunun üçün kifayət etmir. Dərsliklərə alt standartlarda nəzərdə tutulmayan, bəzi hallarda isə hətta fənnə heç bir aidiyyəti olmayan materiallar daxil edilir. Fəndaxili və fənlərarası inteqrasiya prinsiplərinə düzgün əməl edilmədiyinə görə materialların daha anlaşıqlı olması və şagirdlər tərəfindən daha asan mənimsənilməsi ilə bağlı ciddi problemlər yaranır. Bir çox hallarda dərsliklər çətin mövzularla başlayır, asan mövzularla bitir. Əksər hallarda mötəbər olmayan mənbələrdən götürülmüş və ya mənbəyi məlum olmayan məlumatlardan istifadə edildiyinə görə çoxlu sayda elmi-pedaqoji səhvlərə yol verilir.
- Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsi olaraq dərsliklərin monitorinqi üçün hazırda hansı işlər həyata keçirilir?
- Hazırda respublikanın ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi (qiymətləndirilməsi) qaydaları dəyişdirilib. Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinə görə isə dərsliklərin monitorinqi (qiymətləndirilməsi) yalnız Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sifarişi əsasında həyata keçiriləcək.
"Nizamnamədə göstərilib ki, qurum ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodiki monitorinqini həyata keçirəcək".
Məlumat üçün qeyd edək ki, indiyə qədər elmi-metodiki monitorinqin aparılmasında iştirak edən ekspertlərə əmək haqqı büdcədən ödənilirdi. Hazırda isə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan, Təhsil Nazirliyi tərəfindən hansısa dərsliyin monitorinqinin aparılması sifariş edilsə, o zaman qarşılıqlı müqavilə bağlanacaq və proses icra olunacaq. Publika.az