Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi

Keçən həftənin ən yadda qalan hadisələrindən biri Birləşmiş Ştatlar və Rusiyanın yüksək səviyyəli hərbi rəsmilərinin Azərbaycanda bir araya gələrək müxtəlif istiqamətləri əhatə edən müzakirələr aparması oldu. ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin sədri general Cozef Dunford və Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimovun Bakı görüşü Azərbaycan üçün də xüsusi əhəmiyyətli hadisə kimi dəyərləndirilməlidir. Belə ki, dünyanın iki super gücünün məhz Azərbaycanın paytaxtında bir araya gələrək bir sıra regional məsələləri müzakirə etməsi əslində bir tərəfdən də rəsmi Bakıya verilən önəmin, dəyərin göstəricisidir. Elə təsadüfi deyil ki, əksəriyyət ekspertlər də bu qənaətdədirlər. Müstəqil ekspert Əlabbas Məhərrəmli də Amerika və Rusiya generallarının Azərbaycanın paytaxtında görüşməsini əhəmiyyətli hadisə kimi dəyərləndirir. “OLAYLAR”-a verdiyi müsahibədə Bakı görüşünün əhəmiyyətindən danışan Əlabbas Məhərrəmli sözügedən danışıqların Azərbaycan üçün mümkün müsbət dividentlərindən də söhbət açıb.

Əlabbas Məhərrəmli: "İki böyük dövlət öz münasibətlərini müzakirə etmək üçün Bakını seçiblərsə, bu, özlüyündə Azərbaycanın dünya birliyində mühüm yer tutmasının göstəricisidir"

Keçən həftənin ən yadda qalan hadisələrindən biri Birləşmiş Ştatlar və Rusiyanın yüksək səviyyəli hərbi rəsmilərinin Azərbaycanda bir araya gələrək müxtəlif istiqamətləri əhatə edən müzakirələr aparması oldu. ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin sədri general Cozef Dunford və Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimovun Bakı görüşü Azərbaycan üçün də xüsusi əhəmiyyətli hadisə kimi dəyərləndirilməlidir. Belə ki, dünyanın iki super gücünün məhz Azərbaycanın paytaxtında bir araya gələrək bir sıra regional məsələləri müzakirə etməsi əslində bir tərəfdən də rəsmi Bakıya verilən önəmin, dəyərin göstəricisidir. Elə təsadüfi deyil ki, əksəriyyət ekspertlər də bu qənaətdədirlər. Müstəqil ekspert Əlabbas Məhərrəmli də Amerika və Rusiya generallarının Azərbaycanın paytaxtında görüşməsini əhəmiyyətli hadisə kimi dəyərləndirir. "OLAYLAR"-a verdiyi müsahibədə Bakı görüşünün əhəmiyyətindən danışan Əlabbas Məhərrəmli sözügedən danışıqların Azərbaycan üçün mümkün müsbət dividentlərindən də söhbət açıb.

-Əlabbas bəy, Birləşmiş Ştatlar və Rusiyanın yüksək səviyyəli hərbi rəsmilərinin Bakıda bir araya gəlməsini necə dəyərləndirirsiniz və bu görüşdən gözləntilər nədir?

-ABŞ Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin sədri general Cozef Dunford və Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimovun görüşünün Bakıda keçirilməsi öz-özlüyündə əhəmiyyətli hadisədir. Bilirsiniz ki, Donald Trampın prezident seçilməsindən sonra Birləşmiş Ştatlar-Rusiya münasibətlərinin hansı yöndə davam edəcəyini bütün dünya maraqla gözləyirdi. O baxımdan, bu iki böyük dövlətin hərbi rəhbərlərinin məhz Bakıda bir araya gəlmələri dünyanın nəzərlərini yenidən Bakıya yönəltdi. Qeyd edim ki, Donald Trampın seçki kampaniyası vaxtı Rusiya ilə bağlı səsləndirdiyi barışdırıcı bəyanatlar onun seçiləcəyi təqdirdə Moskva ilə münasibətləri normallaşdıracağına işarə kimi qəbul olunurdu. Ancaq Donald Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra Birləşmiş Ştatlar-Rusiya münasibətlərinin qaydaya düşməsinin asan olmayacağı görünür. Ona görə də, Dunford ilə Gerasimovun Bakı görüşündə ciddi nəticə əldə olunacağı gözlənilmirdi. Fikrimcə, tərəflər bu görüşdə daha çox bir-birilərinin mövqeyini dəqiqləşdirməyə və aradakı ziddiyyətlərin həll imkanlarını qiymətləndirməyə çalışıblar.

-Görüşün Bakıda keçirilməsi təsadüfü idi, yoxsa bu Azərbaycana olan maraqdan irəli gəlir?

-Bildiyiniz kimi, Bakıda başqa ölkələrin prezidentləri arasında bir neçə dəfə görüşlər keçirilib. Yəni Azərbaycanın belə görüşləri təşkil etmək təcrübəsi var.

Ancaq yuxarıda qeyd etdiyim kimi, bütün dünya Birləşmiş Ştatlar-Rusiya münasibətlərinin perspektivini maraqla izləyir. Bunu nəzərə aldıqda deyə bilərik ki, belə mühüm görüşün Bakıda baş tutması Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir. Həmçinin ölkəmizin regionda mühüm yerə və rola malik olduğunun göstəricisidir.

- Bu kimi görüşlər Azərbaycanın beynəlxalq imicinə nə dərəcədə müsbət təsir göstərir?

- Təbii ki, dünya üçün belə həssas bir dönəmdə Birləşmiş Ştatlar və Rusiya hərbi rəhbərliyinin görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq imicinə müsbət ştrixlər əlavə edir. Yəni, iki böyük dövlət öz münasibətlərini müzakirə etmək üçün Bakını seçiblərsə, bu, özlüyündə Azərbaycanın dünya birliyində mühüm yer tutmasının göstəricisidir. Gəlin baxaq, beynəlxalq səviyyədə mühüm görüşlərin keçirilməsi üçün Avropada ənənəvi şəhərlər var. Ancaq Dunford və Gerasimovun görüşü Bakıda təşkil olundu. Bu, ciddi hadisədir.

- Bu görüş Azərbaycanın Rusiya və ABŞ arasındakı münasibətlərini nə dərəcədə sürətləndirəcək?

- Həm Birləşmiş Ştatlar, həm də Rusiya bu görüşün Bakıda keçirilməsini münasib görüblərsə, bu o deməkdir ki, hər iki ölkənin Azərbaycana münasibəti yaxşıdır. Eyni zamanda, qeyd oluna bilər ki, Azərbaycanın balanslı xarici siyasətinin düzgünlüyü burada da öz təsdiqini tapıb. Azərbaycanın bu iki böyük dövlətlə normal münasibətləri, əlaqələri var. Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərin normallaşması isə tək Azərbaycan üçün deyil, bütün dünya üçün faydalı olacaq.

- Bu həm də Donald Tramp hakimiyyətinin Azərbaycanla əlaqələrə üstünlük verdiyinin göstəricisi deyilmi?

- Donald Trampın prezident seçilməsindən sonra Birləşmiş Ştatların xarici siyasətində ciddi dəyişikliklərin olacağı gözlənilir. Birləşmiş Ştatlar prezidenti öz vədlərini yerinə yetirə bilsə, o zaman dünyanın indiki mənzərəsi, proseslərin yönü xeyli dəyişəcək. Donald Trampın Azərbaycana münasibəti haqqında indidən qəti fikir bildirmək çətindir. Ancaq onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıqlarından açıq görünür ki, Ağ Ev Ankara ilə korlanmış münasibətləri bərpa etməyə çalışır. Hər halda, Birləşmiş Ştatların Türkiyə ilə münasibətləri yaxşılaşdırması Azərbaycan üçün də əhəmiyyətlidir. Yəqin ki, yaxın müddətdə bu məsələlərə müəyyən aydınlıq gələcək.

S. İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31