Azərbaycanın bir-birinə əks mövqedə dayanan iki qütblə də uğurlu əməkdaşlığı

Həftə ərzində Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi ən ciddi uğurlardan biri də Bakı ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması oldu. Məlum olduğu kimi bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə səfər edərək Avropa İttifaqının rəsmiləri ilə görüşlər keçirdi. Keçirilən görüşlər çərçivəsində tərəflər arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. Təsadüfi deyil ki, Azərbaycan prezidentinin bu səfəri ölkəmizin Avropa ilə münasibətlərində yeni bir mərhələ kimi xarakterizə edilir. Bəs görəsən bundan gözləntilər nədir? Bu və ya digər suallarla Ədalət Partiyasının sədr müavini, Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri Mütəllim Rəhimli ilə söhbətləşdik.

Mütəllim Rəhimli: "Aparılan xarici siyasətdə ölkəmizin maraqları öndə dayanır"

Həftə ərzində Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi ən ciddi uğurlardan biri də Bakı ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması oldu. Məlum olduğu kimi bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə səfər edərək Avropa İttifaqının rəsmiləri ilə görüşlər keçirdi. Keçirilən görüşlər çərçivəsində tərəflər arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. Təsadüfi deyil ki, Azərbaycan prezidentinin bu səfəri ölkəmizin Avropa ilə münasibətlərində yeni bir mərhələ kimi xarakterizə edilir. Bəs görəsən bundan gözləntilər nədir? Bu və ya digər suallarla Ədalət Partiyasının sədr müavini, Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri Mütəllim Rəhimli ilə söhbətləşdik.

-Mütəllim bəy, bu günlərdə Azərbaycan Prezidenti Brüsseldə bir sıra vacib görüşlər keçirdi. Bu görüşləri necə dəyərləndirirsiniz və belə demək mümkündürmü ki, Azərbaycanla Avropa arasında yeni mərhələ başlayır?

- Son vaxtlar dünyada, o cümlədən, Qafqaz regionunda çox mühüm hadisələr baş verməkdədir. Rusiyanın nüfuzunun artması, bir sıra ölkələrin dünya düzənində qeyri-müəyyən vəziyyətin yaranması ilə əlaqədar avtoritarlaşmaya meyllənməsi onları Avropa məkanından uzaqlaşdırmaqdadır. Artıq belə ölkələrlə Avropa məsafə saxlamaqdadır. Belə bir vaxtda Azərbaycan Prezidentinin Avropa Birliyinin paytaxtına səfər edərək orada yüksək səviyyəli görüşlər keçirməsi təqdir edilməlidir. Bu Azərbaycanın bir-birinə əks mövqedə dayanan iki qütblə də uğurla əməkdaşlıq etdiyini göstərir. Deməli, hazırda aparılan xarici siyasətdə ön planda ölkəmizin maraqlarının dayandığını demək olar. Konkret olaraq səfərin nəticələrinə gəldikdə isə deyə bilərik ki, Prezident İlham Əliyev Brüsselə səfəri zamanı Avropa Parlamentinin sədrindən başqa Avropa İttifaqının strukturlarına rəhbərlik edən bütün şəxslərlə görüşdü. Bu sıraya Avropa İttfaqının prezidenti Donald Tusku, Avropa İttifaqının baş komissarı Jan-Klod Yunkeri, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçi və digər vitse-prezidenti, o cümlədən qurumun xarici siyasət məsələlərinə cavabdeh Federika Mogerini göstərmək olar. Bu görüşlərdə Azərbaycanla Avropa Birliyi arasında perspektiv münasibətlər müzakirə edilib. Çox güman ki, Avropa Birliyinin enerji təhlükəsizliyi, Gürcüstan və Ukrayna vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv etməsindən sonra Azərbaycana qarşı mövqeyi də ciddi müzakirə predmeti olub.

-Bu yeni mərhələdə Azərbaycanın Avropadan gözləntiləri və əldə edəcəkləri nə ola bilər?

- Qeyd etdiyim kimi Azərbaycan Avropa Birliyindən Gürcüstan və Ukraynaya göstərilən münasibətin ona da sərgilənməsini istəyə bilər və buna haqqı var. Bu baxımdan görüşlərdə tərəflər arasında Avropa Birliyinin təklif etdiyi assosiativ sazişin və yaxud Azərbaycanın irəli sürdüyü strateji əməkdaşlıq sazişinin imzalanması məsələlərinin də nəzərdən keçirildiyini qeyd etmək olar. Təbii ki, Azərbaycan özünün təklif etdiyi strateji əməkdaşlıq sazişinin imzalamasını istəyir və buna görə də hər iki tərəf üçün qaranlıq qalan məqamların aydınlaşdırılmasına, şərtlərin dəqiqləşdirilməsinə ehtiyac var. Bütün bunlardan başqa Azərbaycan Avropa Birliyindən ona qarşı ikili münasibətlərə son qoyulmasını, Dağlıq Qarabağ probleminin həllində beynəlxalq hüququn prinsiplərinə əməl edilməsini, separatizmi həvəsləndirən hər hansı bir hərəkətlərə yol verilməməsini gözləyir.

-Avropa İttifaqı ilə yeni əməkdaşlıq sazişi Azərbaycana nə verəcək?

- Avropa İttifaqı Ukrayna, Gürcüstan və Moldova ilə assosiativ saziş imzalayıb. Həmin ölkələrlə əməkdaşlıq bu sazişlər çərçivəsində həyata keçirilir. Avropa İttifaqı bu günlərdə irəliyə doğru daha bir addım ataraq Gürcüstan və Ukrayna vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv edib. Azərbaycan Avropa İttifaqı ilə assosiativ saziş imzalamadığından Brüssellə münasibətlərin məzmununu özü müəyyənləşdirməli idi. Ona görə də rəsmi Bakı təxminən bir il əvvəl Brüsselə assosiativ sazişdən fərqli - strateji əməkdaşlıq sazişi imzalamağı təklif etdi. Ancaq Avropa Birliyi indiyədək bununla bağlı hər hansı qəti mövqeyini açıqlamayıb. İlham Əliyevin Brüsselə səfəri o deməkdir ki, Azərbaycan tərəfi təklif etdiyi bu sənədin imzalanması üçün israrlıdır və bunu qısa müddətdə həyata keçirmək niyyətindədir. Sazişin imzalanması o deməkdir ki, Azərbaycanla Avropa Birliyi arasında iqtisadi əməkdaşlıq məsələsi rəsmi sənədlə təsbit olunacaq. Ölkəmizin TAP və TANAP boru xətləri ilə ötürəcəyi qaz, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu daşınacaq yüklərin Avropaya çıxarılması məsələləri öz həllini tapmış olacaq. Azərbaycan neçə illərdi ki, Dünya Ticarət Təşkilatına üzv qəbul edilməsi probleminin aradan qaldırılması da sazişin imzalanmasından xeyli dərəcədə asılıdır.

-Azərbaycanın Avropaya yaxınlaşması şimal qonşumuzda qısqanclıq və ölkəmizə qarşı müəyyən adekvat addımların atılması ilə nəticələnməyəcək?

- Rusiya çox yaxşı bilir ki, Avropa Birliyinin Azərbaycana olan münasibəti Ukrayna və Gürcüstana, hətta Moldovaya göstərdiyi mövqedən fərqlənir. Yaxın perspektivdə də Avropa Birliyi Azərbaycanı bu ölkələr kimi özünə yaxın buraxmayacaq və arada böyük məsafə saxlayacaq. Ona görə də Rusiya bu əməkdaşlıqdan ciddi şəkildə narahat ola bilməz. İkinci tərəfdən, rəsmi Bakının Avropa İttifaqı ilə əlaqələrində üçüncü tərəfin, xüsusilə Rusiyanın əleyhinə yönələcək hər hansı nüans yoxdur.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31