Təhlükə! Misir, Liviya, Tunis və Suriya hadisələrində istifadə edilən hizbiçilər Azərbaycanda

Qardaş Türkiyədə son aylar bir-birinin ardınca yaşanan terror olayları beynəlxalq terrorizmin nə qədər amansız və qəddar olduğunu bir daha ortaya qoydu. Təkcə son bir neçə ay ərzində yüzə yaxın türk qardaşımızın terror qurbanına çevrilməsinin fonunda bunu aydın görmək mümkündür.

Əkrəm Həsənov: "Hizbilərin lideri rayonlarda adamlar təyin edir və gizli şəkildə biznesmenlərdən topladıqları sədəqə və zəkatları öz dairələrini genişləndirmək üçün istifadə edirlər. Onlar rayonlarda kiçik biznes şəbəkələri qurmağa nail olublar"

"Hizbilərin lideri 2011-ci ildə ərəb baharı başlananda demişdi ki, biz güclü olduğumuz zaman hakimiyyətə qarşı çıxa bilərik"

Qardaş Türkiyədə son aylar bir-birinin ardınca yaşanan terror olayları beynəlxalq terrorizmin nə qədər amansız və qəddar olduğunu bir daha ortaya qoydu. Təkcə son bir neçə ay ərzində yüzə yaxın türk qardaşımızın terror qurbanına çevrilməsinin fonunda bunu aydın görmək mümkündür. Türkiyədəki terraktların arxasında bir qayda olaraq PKK və İŞİD terror təşkilatlarının dayandığını nəzərə alsaq, qardaş ölkənin bundan sonra da terrordan əziyyət çəkəcəyini təəssüf hissi ilə qeyd etmək olar. Amma bəzi ekspertlər isə hesab edirlər ki, beynəlxalq terrorizmin bir parçası sayılan PKK və İŞİD hədəfi yayındırmaq üçün region ölkələrində də bu acı taleni yaşada bilərlər. Bu arada İŞİD terror təşkilatının tərəfdarlarına Rusiyanın xarici ölkələrdəki səfirliklərini hədəfə almaq barədə verdiyi təlimat da təhlükəli məqamlardan xəbər verir. Məlumata görə, həmin təlimatda Rusiyanın Bakıdakı səfirliyi də hədəf seçiləcək məntəqələr sırasında yer alıb. Bəs görəsən bu nə dərəcədə realdır və İŞİD təhlükəsi region ölkələri, eləcə də Azərbaycanda mümkündürmü?. Yaxud İŞİD-in regionda hər hansı formada sosial bazası varmı? Bu və  digər suallarla ilahiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi Əkrəm Həsənovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Əkrəm Həsənov ölkədə dini radikalizmə qarşı mübarizə məqsədilə aparılan maarifləndirici tədbirlər və onun nəicələrindən də söhbət açıb.

-Əkrəm müəllim, İŞİD terror təşkilatının Rusiyanın xarici ölkələrdə, o cümlədən Bakıda yerləşən səfirliklərinə terror hücumu edilməsi barədə təlimat verdiyi bildirilir. Azərbaycanda sözügedən terror təşkilatının hansısa terrakt həyata keçirməsi mümkündürmü və burada İŞİD-in sosial bazası varmı?

-Azərbaycanda hazırda İŞİD terror təşkilatının elə bir bazasının olmasına inanmıram. Ancaq buna zəmin hazırlanacaq proseslərin olması təhlükəsi ola bilər. Xüsusilə biz bunu sosial şəbəkələrdən müşahidə edirik. Qeyd etməliyik ki, ərəb ölkələrində qadağan olunan və xəvariclik, təkfirçilik fikirlərinin yaydığını iddia edən alimlərin adları açıqlanmış və onlardan çəkindirilmişdir. Ancaq bizim ölkəmizdə həmin alimlərin təqlidçiləri özləri üçün sosial baza yaratmağa cəhd edirlər. Belə ki, sosial şəbəkələrdə məzhəb ayrıseçkliyi salacaq fikirlərə yönəldən özünü İslam dəvətçisi hesab edən şəxslər var. Bundan başqa yaxın günlərdə insanları cihada çağıran bəzi şəxslərin adları mediada getmişdir. Yadınızdadırsa Suriyada cihada çağırış edən radikal kimi tanınan Əlixan Musayevin səsyazısı yayılmışdı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bununla bağlı fikir bildirmiş və belə çağırışların təhlükəli olmasını qeyd etmişdi. Ardınca da ilahiyyatçıların bəyanatı var idi ki, belə çağırışlar gənclərdə radikallıq fikirləri formalaşdırır. Bunların kimlər olduğunu biz mediada bildirmişik. Hətta onların adlarını çəkdiyimiz üçün bizə hədə-qorxu da gəlmişdilər. Ancaq onlara qarşı elə ciddi bir tədbir görülmədi.

-Türkiyəyə terror şoku yaşadan terror təşkilatlarının hədəfi yayındırmaq üçün yerləşdiyimiz regiona, o cümlədən Azərbaycana keçməsi mümkün görünürmü?

--Ümumiyyətlə, İŞİD-i dəstəkləyən şəxslərin xüsusi yerlərdə toplanması barədə məlumatlar gəzir. Radikal fikirli şəxslər vardır ki, onlar ayrı-ayrı rayonlarda gizli fəaliyyət göstərirlər. Həmçinin onlar sosial şəbəkələrdə çox aktivdirlər. Biz sosial şəbəkələrdə onların bəzən hücumlarını, hətta bizi kafir adlandırmalarının şahidləri oluruq. Bunlar əvvəlcə müsəlmanlara kafir deyərək gənclərdə həmvətənlərimizə qarşı mənfi fikir formalaşdırırlar. Sonra gələcəkdə insanlara qarşı aqressiv olan dini bir şüur formaşaldırmaq istəyirlər. Biz hamılıqla bununla bağlı maarifləndirmə işləri aparırıq. Xüsusilə ölkəmizdə dini maarifçilik işləri aparılır. Əlbəttə belə maarifçilik işlərinin çox böyük faydaları vardır. Amma bu kifayət etmir.

-Bəs, hazırda Azərbaycan üçün bu istiqamətdə ən ciddi təhlükə nədir?

-İndi Azərbaycanda ən böyük təhlükə ərəb ölkələrində hizbçilik adı verilən, elə bizdə də bu adda tanınan bir qruplaşmadır. Bunların məqsədi dindarları hakimiyyətə və dövlət başçısına qarşı nifrət hissi ilə tərbiyə etməkdir. Əslində hizbçilik (yəni qruplaşma) elə İŞİD və.s. kimi radikal terrorçu qruplaşmalarının alt sosial bazası deməkdir.

-Sizcə, mümkün terror təhlükələrini önləmək üçün hansı tədbirərin görülməsinə ehtiyac var?

-Azərbaycanda hizbçilərin lideri barədə mediada açıqlamam vardır. Ancaq indiyənə kimi onunla bağlı nə kimi tədbirlər görüldüyünü dəqiq bilmirəm. Artıq onu qeyd etməliyəm ki, regionda olan jurnalistlər də bununla bağlı həyəcan təbili çalmaqdadırlar. Qeyd edim ki, hizbçilər əsasən şimal və şimal-qərb rayonlarında daha çox aktivlik nümayiş etdirirlər. Bakıda da bir çox məscidlərdə gizli yollarla dindarlar arasında təbliğatlarını aparırlar. Bunların lideri, elm əhli hesab edilən şəxs rayonları gəzərək dərslər keçir, insanları din adı altında hakimiyyətə qarşı nifrət hissi ilə tərbiyə edir. Buna baxmayaraq hələ ki, ona qarşı tədbir görülməsi barədə heç bir məlumatım yoxdur.

-Bəs, onların ən çox toplaşdıqları məkanlar haradır?

-Hizbçilərin lideri özlərinə məxsus kafelərdə təbliğat aparır. Bir neçə dəfə onların kafelərinə polislər daxil olub və onlardan bir neçəsini həbs etsə də onlar hansı yollarlasa azadlığa çıxaraq yenidən dəvətlərinə başlayıblar. Ərəb baharında Misir, Liviya, Tunis və Suriya hadisələrində hizbçilərdən istifadə edildi, dindarları din adı altında üsyana qaldırdılar və buna nail oldular. Ona görə ki, əvvəlcədən gizli yolla sosial baza formalaşdırmışdılar. Bu gündə məhz Azərbaycanda hizbiçilər sürətlə yayılır, sosial bazanı formalaşdırır. Onlar çox bacarıqlıdırlar. Belə ki, insanlar içərisində dövlətin təqibindən xilas olmaq üçün hakimiyyəti tərifləyə də bilərlər. Ancaq öz adamları arasında tamamilə başqa təbliğat aparırlar. Azərbaycanda ilk dəfə təkfirçi radikallığa dəstəyi Əlixan Musayev verdi və müsəlmanlar arasında parçalanmanın əsasını qurdu. O zaman ümummilli lider Heydər Əliyev dünyasını dəyişəndə ona məscidlərdə müsəlmanlar cənazə namazı qıldılar. O zaman Əlixan Musayev cənazə namazı qılanları tağut, yəni dindən çıxan adlandırdı. Bu təbliğatın əsasını da Türkiyədə və Rusiyada apardı. Azərbaycan əleyhinə Türkiyədəki və Rusiyadakı radikalları qızışdırdı və nəticədə Bakıda Əbu Bəkr məscidinə qarşı terror hadisəsi törədildi. Azərbaycanda ilk dinə aid terror bu oldu və gələcəkdə belə halların olmaması üçün hər birimiz bu məsələdə ciddi olmalıyıq. İndi isə Əlixan Musayev ilə Azərbaycanda hizbi lider kimi tanınan şəxs birləşib bərabər fəaliyyət göstərirlər. Onların demək olar ki, sosial bazaları formalaşmaqdadır. Belə ki, hizbilərin lideri rayonlarda adamlar təyin edir və gizli şəkildə biznesmenlərdən topladıqları sədəqə və zəkatları öz dairələrini genişləndirmək üçün istifadə edirlər. Deyə bilərik ki, rayonlarda kiçik biznes şəbəkələri qurmağa nail olublar. Ancaq bu biznes işində 100 minlərlə məbləğdan söz gedir. Əgər hizbi liderinə qarşı vaxtında tədbir görülməsə sosial baza güclənəcək və gələcək on ildə bunların sayı on minləri keçəcəkdir. Hizblərin lideri 2011-ci ildə ərəb baharı başlayanda demişdi ki, biz güclü olduğumuz zaman hakimiyyətə qarşı çıxa bilərik. Elə həmin ildən bunun fətvası verilmiş və hazırda sosial bazanı böyütmək üçün fəaliyyət göstərirlər.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31