2016-cı il Azərbaycan üçün siyasi göstəricilərinə görə çox uğurlu oldu

Başa vurmaqda olduğumuz il bir sıra müsbət və mənfi məqamları ilə yadda qaldı. 2016-cı ildə ən yadda qalan hadisələrdən biri dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsindən sonra ölkədə baş verən devalvasiya oldu. Həmçinin cari il ərzində ölkə həyatı üçün digər mühüm hadisələr də baş verdi. Bəs görəsən 2017-ci ildən gözləntilər nədir? Bu və digər suallarla millət vəkili Azər Badamova müraciət etdik. 

Azər Badamov: "Yaxın gələcəkdə ölkəmizdə başlanmış iqtisadi islahatlar öz bəhrəsini verəcək"

"Ölkəmizin büdcəsinin formalaşmasında neft amilinə ehtiyac qalmayacaq və Azərbaycan iqtisadiyyatı xarici amillərin təsirindən tam şəkildə azad olunacaq"

Başa vurmaqda olduğumuz il bir sıra müsbət və mənfi məqamları ilə yadda qaldı. 2016-cı ildə ən yadda qalan hadisələrdən biri dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsindən sonra ölkədə baş verən devalvasiya oldu. Həmçinin cari il ərzində ölkə həyatı üçün digər mühüm hadisələr də baş verdi. Bəs görəsən 2017-ci ildən gözləntilər nədir? Bu və digər suallarla millət vəkili Azər Badamova müraciət etdik. 

-Azər müəllim, artıq 2016-cı il başa çatmaq üzrədir. Bu ili siyasi, iqtisadi, eləcə də beynəlxalq münasibətlər baxımından Azərbaycan üçün necə dəyərləndirərdiniz?

-2016-cı il Azərbaycan üçün iqtisadi baxımdan çox uğurlu olmasa da, siyasi və beynəlxalq münasibətlər baxımından uğurlu oldu. Dünyada baş verən siyasi oyunların nəticəsində neftin qiyməti aşağı həddə qalmış və iqtisadiyyatları neftlə bağlı bir çox ölkələrə öz mənfi təsirini göstərmişdi. Cari ildə milli valyutamızın məzənnəsi dolların qarşısında bir az da azaldı və bəzi enerji daşıyıcıların satış qiymətlərinin qaldırılması barədə Tarif Şurası qərar verdi. Qeyd etmək istəyirəm ki, bu da mövcud iqtisadi reallıqlardan irəli gəlirdi. Azərbaycanda büdcənin müəyyən qismi neftlə formalaşdığından iqtisadi artımımızda böyük irəliləyişlər müşahidə olunmayıb. Lakin, sevindirici haldır ki, iqtisadiyyatımızın qeyri-neft sektoru inkişaf etməkdədir və ümumi daxili məhsulun tərkibində bu sektorun payı artmaqdadır. 2016-cı ilin 9 ayında sənaye potensialımız az da olsa 0,2 faiz, iqtisadiyyatımızın qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatımız 2,4 faiz artıb . Cari il ərzində böyük sosial infrastruktur layihələrinin açılışları oldu, dövlət dəstəyi ilə müasir sənaye sahələri istismara verildi, kənd təsərrüfatında ənənəvi istehsal sahələrinin dirçəldilməsi işlərinə başlanıldı. Düşünürəm ki, yaxın gələcəkdə ölkəmizdə başlanmış iqtisadi islahatlar öz bəhrəsini verəcəkdir. Ölkəmizin büdcəsinin formalaşmasında neft amilinə ehtiyac qalmayacaq və Azərbaycanın iqtisadiyyatı xarici amillərin təsirindən tam şəkildə azad olunacaqdır. Ümumiyyətlə, 2016-cı il Azərbaycan üçün siyasi göstəricilərinə görə çox uğurlu oldu. İl ərzində ölkəmizin beynəlxalq arenada dostlarının sayı artdı, mövqelərimiz daha da möhkəmləndi. Azərbaycan artıq dünya üçün etibarlı tərəfdaşa çevrildi ,

beynəlxalq əhəmiyyətli tədbirlər üçün ev sahiblik edə biləcək siyasi sabitlik təmin olunmuş məkana çevrildi. İl ərzində Bakıda BMT -nin Sivilizasiyalararası Dialoq Forumu , 5-ci Bakı Humanitar Forumu və s. dünya əhəmiyyətli tədbirlər keçirildi, tədbirlərdə iştirak edən yüzlərlə siyasətçilər ölkəmizin tolerant və multikultural siyasətinin əyani şahidi oldular. 2016-cı ildə ölkəmizin başçısı və siyasətçilərimiz dünya ölkələrinə çoxlu səfərlər etdi, bir çox dövlətlərin prezdentləri, dövlət rəsmiləri Azərbaycanda oldu. Bunu Azərbaycanın beynəlxalq miqyasda artan siyasi nüfuzunun göstəricisi hesab etmək olar. 2015-ci ildə ölkəmizin ərazi bütövlüyü haqqında ədalətsiz mövqe nümayiş etdirdiyinə görə Avropa İttifaqı Azərbaycan Parlamentlərarası aməkdaşlıq komitəsi və Avronest Parlament Assambleyasında Milli Məclisimizin fəaliyyətini birtərəfli qaydada dayandırmışdıq. 2016-cı ildə Azərbaycanın çatışmamazlığını hiss edən Avropa İttifaqı Parlamenti mövqeyini ölkəmizin xeyrinə dəyişdi, nümayəndə heyətini danışıqlar üçün Azərbaycana göndərdi və Qarabağla bağlı ədalətli bəyanat səsləndirəndən sonra fəaliyyətimizi qeyd etdiyim təşkilatlarda bərpa etdik

-Sizcə, cari ildə Azərbaycanın həyatında yadda qalan ən mühüm hadisə nə oldu?

-2016- cı il çoxlu yadda qalan və mühüm hadisələrlə zəngin oldu. Ən birincisi aprelin əvvəlində münaqişə bölgəsində hərbi uğurumuz sayəsində 2000 hektar torpağımız düşmən tapdagından azad olundu və Azərbaycan öz hərbi qüdrətini göstərməklə düşməni çıxılmaz vəziyyətə saldı. Ikincisi ən mühüm və ölkəmiz üçün ən əhəmiyyətli yadda qalan hadisə sentyabrda keçirilmiş ümumxalq səsvermə yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasında edilən dəyişikliklər oldu. Referendumda Azərbaycan vətəndaşları yüksək aktivlik göstərərək cənab prezdentin təqdim etdiyi təkliflərə "hə" deməklə ölkə başçısına yüksək etimad və etibar etdiklərini nümayiş etdirdilər. Məhz belə olan halda ölkə inkişaf edəcək, möhkəmlənəcək və hər bir çətinlikdən üzüağ çıxacaqdır.

-Amma, bu ili də göründüyü kimi Dağlıq Qarabağ probleminin həllinə nail olmadan başa vururuq. Növbəti ildə bu istiqamətdə ciddi bir addımın atılacağını proqnozlaşdırmaq olarmı?

-Çox təəsüf ki, bu il də Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həll yolunu tapmadı. Amma, buna baxamayaraq müəyyən qədər az olsa da, öz gücümüzü nümayiş edə bildik və dünyaya göstərdik ki, əgər siz ədalətli mövqedə qətiyyətli addımlar atmasanız, biz özümüz məsələni həll etmək iqtidarındayıq. 2016-cı ildə münaqişənin sülh yolu ilə həll olunması istiqamətində müəyyən irəliləyişlər

olmasa da, missiyanı öz üzərinə götürmüş beynəlxalq təşkilatlar aktivliyini artırdılar və ən azından ədalətin bərpasında istəklərini nümayiş etdirdilər. Düşünmürəm ki, bu qədər uzun müddədən sonra beynəlxalq təşkilatlar fövqəladə bir qərar qəbul edərək məsələnin dərhal həll olunması istiqamətində hərəkətə keçsinlər. Amma , biz öz mövqeyimizi mütəmadi təqdim etməklə onları ciddi addımlar atmağa məcbur etməliyik və bütün imkanlardan istifadə etməklə münaqişənin sülh yolu ilə həll olunmasına nail olmalıyıq. Əgər bu baş verməzsə, ədaləti bərpa etməklə torpaqlarımızın işğaldan azad edilməsinə biz həmişə hazır olmalıyıq. Düşünürəm ki, 2017-ci ildə bu istiqamətdə işlər daha aktiv fazaya keçəcək və ciddi irəlliləyişlər olacaqdır.

-Bu günlərdə növbəti ilin büdcə layihəsi müzakirə edilərək qəbul olundu. 2017-ci ilin dövlət büdcəsi Azərbaycan iqtisadiyyatı üçün nə vəd edir?

-2017-ci ilin dövlət büdcəsi ölkəmizin mövcud iqtisadi reallıqlarını nəzərə alınaraq respublikamızın gələcək inkişafına hesablanıb. Büdcəmizdə müəyyən sahələrdə qənaət tədbirləri nəzərə alınsa da, sosial proqramların icrasının davam etdirilməsi nəzərdə tutulmuş, parlament müzakirələri zamanı 300 milyon manatdan çox vəsait əlavə olunmaqla ölkədə enerji daşıyıcıların qiymətlərinin artmasından əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi nəzərə alınmışdı. 2017-ci ilin dövlət büdcəsinin gəlirlər və xərclərin strukturunda köklü dəyişiklik aparılıb, əsas büdcə xərcləri mərkəzləşdirilməklə 33 rayon və şəhərin özünü maliyyələşməsinə keçməsi nəzərdə tutulub. Bu , da həmin şəhər və rayonların rəhbərlərini dövlət büdcə gəlirlərini artırmaq istiqamətində düşündürəcək və dövlətin həyata keçirdiyi iqtisadi islahatlarda yaxından iştirak edərək regionlarda sahibkarlıq mühitinin inkişaf etdirilməsinə marağını artıracaqdır. Ümumilikdə götürüləndə 2017-ci ilin dövlət büdcəsi müsbətdir və Azərbaycanın bütün sahələri tam şəkildə əhatə olunub.

-Ümumiyyətlə, 2017-ci ildən gözləntiləriniz nədən ibarətdir?

2017-ci ilə saylı günlərimiz qalıb. Birinci növbədə ölkəmizə, xalqımıza uğurlu bir il olmağını arzulayıram. Gözləntilərim çoxdur. Millət vəkili olduğuma görə ilk gözləntim uzun illər hamımızı narahat edən düşmən tapdagı altında olan torpaqlarımızın işğaldan azad olunması və qaçqınlarımızın doğma yurdlarına qayıtmasıdır. Məhz belə olan halda hamımızı narahat edən əsas məsələyə son qoymuş olarıq. Biz qaçqınlarımız üçün nə qədər gözəl şəraitlər yaratsaq da, onlar üçün ən əzizi doğma kəndində, yurdunda rahat nəfəs almaqdır və bunu heç bir maddiyat əvəz edə bilməz. İkinci gözləntim isə iqtisadiyyatımızın yeni dinamik inkişaf mərhələsinə qədəm qoyacağıdır. 2016-cı ildə müəyyən nəzərə çarpacaq iqtisadi artımlar olmasa da, mühüm iqtisadi islahatlara start vermişik. Təbii ki, bunun bəhrəsini 2017-ci ildən görməyə başlayacağıq. Qanunvericilikdə həyata keçirilmiş dəyişikliklər, Cənab prezidentin təsdiq etdiyi Strateji İqtisadi Yol Xəritələrinin həyata keçirilməyə başlanması ölkədə biznes mühitinin yaxşılaşmasına və özəl sektorun inkişafına gətirib çıxaracaq. Qısa olaraq qeyd etmək istəyirəm ki, 2017-ci il ölkə iqtisadiyyatında dönüş ili olacaq və gələcək inkişafımızın yeni əsasları formalaşacaqdır. Həyata keçirilən bütün islahatların təməlində Azərbaycan vətəndaşının güzəranının yaxşılaşdırılması durur ki, gələcək illərdə biz bunu daha yaxşı hiss edəcəyik.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31