Özgə uşağı olmur...

Bu gun uşaqlarla bağlı fəaliyyət göstərən müxtəlif  birliklər, sığınacaqlar var. Uşaqları düşünərək yaradılan hər bir cəmiyyətin, birliyin fəaliyyəti təqdirəlayiqdi.

Belə  ictimai birliklərdən biri də  Azərbaycan Uşaqlar Birliyidi. Birliyin tərkibində  Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzi də fəaliyyət göstərir.Bu günkü müsahibimiz mərkəzin  koordinatoru Vasif Akiflidi.

Azərbaycan Uşaqlar Birliyi...

2010 - cu ildə  Kəmalə Ağazadənin rəhbərliyi ilə yaradılan Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində 24 saat ərzində fəaliyyət göstərən Uşaq Sığnacağı - Reinteqrasiya Mərkəzi açılıb. Mərkəzdə insan alverinin, məişət zorakılığının qurbanı olan baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyası həyata keçirilir. Mərkəzdə küçədə yaşayan, kimsəsiz, baxımsız və həssas qrupdan olan uşaqlara psixoloji, hüquqi yardımın göstərilməsi, onların sığınacaqla, təhsillə, paltar, qida, asudə vaxtını təşkili ilə bağlı və.s zəruri xidmət və tibbi yoxlama ilə təmin edilmələri həyata keçirilir.

Altı ildi fəaliyyət göstərən sığınacaqda  uşaqların sayı  gün ərzində dəyişir. Ona görə də dəqiq say söyləmək çətindi. Qış aylarında sığınacaqda uşaqların sayı daha çox  olur. Ailə - məişət zəminində problem yaşayan uşaqlar, zorakılığa məruz qalmış, küçədə diləndirilən, imtina edilmiş və müxtəif formada təzyiqə məruz qalmış uşaqlar polis aktları ilə sığınacağa təhvil verilir. İki ildi Uşaq sığınacağı - reinteqrasiya mərkəziniə rəhbərlik edən Vasif Akifli bildirir ki, sığınacağa daha çox küçədə məskunlaşan uşaqlar gətirilir. Uşaqların valideynləri axtarılır, onlarla söhbətlər aparılır, valideynlərə və uşaqlara ilk olaraq psixoloji yardım göstərilir. Təəssüf ki, bəzən valideynlər özləri uşaqlarını sığınacağa təhvil verirlər...

Vasif Akifli deyir ki,  təkcə orada məskunlaşan sakinlərə deyil, müraciət edən hər kəsə təmənnasız yardım göstərilir. Sənədi olmayan uşaqlar üçün qeydiyyat işləri, sənədlərinin hazırlanması, təsdiqlənməsi həyata keçirilir. Ailələrinə təhvil verilən uşaqlar mütəmadi olaraq sosial işçilər tərəfindən yoxlanılır. Monitorinqlər vaistəsilə uşaqların ailələrindəki hazırkı sosial və psixoloji, fiziki durumları, tibbi müayinələri daim nəzarətdə olur. Dərslərindəki müvəffəqiyyətləri şəxsən izlənilir. Həmçinin sığınacağın nəzdində könüllü fəaliyyət göstərən "Çərpələng" təhsil kursu var. Məhz "Çərpələng" - in köməkliyi ilə uşaqların məktəbəqədər təhsili, həmçinin məktəbdə oxuyan uşaqların dərslərinin hzırlanması, repetitor hazırlıqları həyata keçirilir. Könüllü çalışmaq istəyən müəllimlər sığınacağa gəlib, uşaqlarla məşğul olurlar.

Uşaq İctimai Birliyinə dəstək...

Vasif Akifli  daim dövlət təşkilatlarının onlara dəstək olduqlarını xüsusi vurğuladı.  Vasif bəy fəaliyyətləri zamanı Daxili İşlər , Səhiyyə , Əmək və Əhalinin Sosial Müdafiəsi  nazirlikləri ilə, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqları olduğunu bildirdi. Bütün bu dəstəklər nəticəsində birliyin  fəaliyyəti artıq komanda şəklində olur.

Birliyə xeyriyyəçi insanların da dəstəkləri danılmazdı.

Sığınacaqda təhsil...

Sığınacağa daxil olan uşaqlara ilk olaraq  psixoloji və təhsil yardımları göstərilir. Uşaqların İQ səviyyəsi yoxlanılır, valideyn məsuliyyətsizliyi və cahilliyi səbəbi ilə təhsildən yayınan uşaqların yaşlarının neçə olmasına baxmayaraq, təhsil proqramı onlara ardıcıl öyrədilir. Təbii ki, sığınacağın müəllim kollektivi bu fəaliyyətlərindən usanmırlar. Vasif bəy uşaqların təhsillərində Turan Qarayevanın və "Çərpələng" - in xüsusi rolu olduğunu qeyd etdi.

" Sığınacağa sığınan uşaqları kimsəsizliklərini hiss etdirəcək hər bir şeydən uzaq tuturuq. Onların normal orta  ümumtəhsil mərkəzlərində təhsil almaları üçün əlimizdən gələni edirik. Valideyn iclaslarında iştirak edirik, dərsə özümüz aparıb - gətiririk, hər axşam  gündəliklərinə şəxsən özüm nəzarət edirəm. Məktəbin direktoru, müavinləri və sinif rəhbərləri ilə sıx əlaqə yaradırıq. Məqsədimiz uşaqları dörd divara sığındırmaq deyil, gələcəyə bir fərd kimi yetişdirməkdi"

Qeyd edək ki, sığınacaqda məskunlaşmış uşaqlardan Bakı Dövlət Universitetində, keçmiş Qafqaz Universitetində, Azərbaycan Dillər Universitetində təhsil alanlar var.

Uşaqların əyləncəsi...

Sığınacaqda məskunlaşan uşaqların əyləncə saatları orada çalışan kollektivin iştirakı ilə həyata keçirilir. Könüllü yardım edən xeyriyyəçi gənclərin maddi və mənəvi dəstəkləri ilə uşaqlar teatrlara, əyləncə və oyun zallarına aparılır. Uşaqlara tariximizin, mədəniyyətimizin, görkəmli şəxsiyyətlərimizin tanıdılması mütləqdi.  Təəssüf ki, sığınacağdakı uşaqların istirahəti və maariflənməsi üçün   teatr və əyləncə mərkəzinin rəhbərləri hələki laqeyd münasibət göstərirlər.

Özgə uşağı olmur...

Vasif Akifli  yanvar ayının ilk günlərində 5 - illik  "Özgə uşağı olmur" adlı layihəyə start verəcəklərini bildirdi. Layihədə əsas məqsəd regionlarda zorakılığa məruz qalan uşaqlara psixoloji yardım göstərmək, ailələrdə sağlam mühütün olmama səbəblərindən biri olan erkən nikahın zərəri barədə insanları maarifləndirmək, hər hansı səbəblə təhsildən yayınmış uşaqları yenidən təhsilə cəlb etmək, sağlamlığında ciddi problemi olan uşaqları paytaxtda həkim müayinəsindən keçirtməkdi. Layihənin davam edəcəyi 5 ildə birlik hər il bir nazirliklə  birgə çalışmağı, yerli icra nümayəndələri, onların nəzdində fəaliyyət göstərən qəyyumluq şöbələri  ilə birgə fəaliyyət düşünülür.

Gələn il "Özgə uşağı olmur" layihəsi çərçivəsində ilk olaraq  Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsi ilə fəaliyyət  planlaşdırılır.

Yaşamadığım uşaqlıq...

Bir gəncdə uşaqlara qarşı bu qədər sevginin hardan qaynaqlandığı ilə maraqlandıqda Vasif bəyin " Sadə səslənən, ağır yaşanmışlara söykənən cavabı var": yaşamadığım uşaqlığım..." Bu cavab hər birimizi çox üzdü...

Hər kəsin bir yaşadıqları olduğunu qeyd edən Vasif  bəy, söhbət əsnasında səmimi etiraflar etdi.  Vasif Akifli həyatında olan yanlış və doğru addımların nümunəvi tərəflərini hər zaman gənclərə misal göstərməkdən çəkinməyən biridi.

Vasif Akifli uşaq  ikən  ağır xəstəliyə tutulur.  Həkimlərin ümidlərini ondan üzdükləri bir vaxtda gözlənilmədən səhhətində heç bir problemi olmayan atası vəfat edir. Amansız xəstəlik və atasını vaxtsız  itirməsi ilə bütün xəyal dünyası, arzuları paramparça olur...

Həyatda əldə etdiyi hər bir uğurunda atasının "səninlə fəxr edirəm, oğlum" sözünə həsrət qalan Vasif Akiflinin gənc yaşda uşaqlara göstərdiyi bu sevginin səbəbi  arzuladığı, amma heç vaxt görə bilməyəcəyi ata sevgisidi. Vasif bəyin həyatda ən böyük qazancı və məqsədi ömrünü ona bağışlayan atanın, adını bundan sonra layiqincə yaşatmaqdı. Məhz  buna görə də Vasif bəy atasının adını özünə soy ismi edib.  

Atasının sağlığında qazandığı sevgini, hörməti, vəfatından sonra da  soy ismində  davam etdirən, köməksiz, sevgidən məhrum olmuş uşaqlara qayğı göstərməklə, ətrafındakı anaların, onu özünə oğul kimi qəbul etmiş  ataların sevgisi və duaları hər zaman onunladı.

Uşaq ikən yaşadığı acıların sayəsində güclu olmağı bacaran Vasif Akifli uşaqların yanında olmağı, yaşamadığı uşaqlığı, uşaqlığını yaşamadan həyatın çətinlikləri ilə üz - üzə gələn körpələrlə birgə yaşamağa çalışır. Özgə uşağı olmur deyərək onlara həm ata, həm qardaş, həm də dost olmağa çalışır. Bu böyük sevginin qarşılığı isə sığınacaqda doğulan, orada məskunlaşan uşaqların ona "ata", "dədə" deyə müraciət etmələridi.

Bütün uğurlarını atasının ruhuna borclu olan Vasif bəy heç bir  uşağın atılmamasını, sındırılmamasını, təzyiqlərə məruz qalmamasını arzulayır.  Söhbət zamanı "Bu gün atılan, sındırılan uşaqlar sabah cinayətkar, qatil ola bilər" - fikrini tez- tez  xatırladaraq  hər zaman uşaqların yanında olduğunu, onları dəstəklədiyini  və hər zaman sevəcəyini  dönə - dönə vurğulyır.

Vasif Akiflinin bu böyük işdə yeganə təmənnası uşaqların gözlərindəki səmimi gülüşlərdi.

Nigar Nigar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31