Strateji Yol Xəritələrin təyin olunan vaxtda icrası Azərbaycanı güclü iqtisadiyyata malik ölkəyə çevirəcək

Bu günlərdə Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzaladı. Fərmanda iqtisadiyyatın bir çox sahələrinin müasir tələblərə və iqtisadi çağırışlara uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulur. Bəs görəsən, fərmanın icrası Azərbaycan iqtisadiyyatı üçün hansı müsbət nəticələrə gətirib çıxaracaq? Bu və ya digər suallara aydınlıq gətirmək üçün millət vəkili Azər Badamova müraciət etdik. Azər Badamov “OLAYLAR”-a verdiyi müsahibədə bundan sonra ölkə iqtisadiyyatında müşahidə ediləcək müsbət tendensiyalardan da danışıb. Millət vəkili əmin olduğunu bildirib ki, fərmanın uğurlu icrası ölkə iqtisadiyyatını risklərdən qoruyacaq.

Azər Badamov: "Və dünyada baş verə biləcək hər hansı bir iqtisadi risklərdən sığortalayacaqdır"

Bu günlərdə Prezident İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərman imzaladı. Fərmanda iqtisadiyyatın bir çox sahələrinin müasir tələblərə və iqtisadi çağırışlara uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulur. Bəs görəsən, fərmanın icrası Azərbaycan iqtisadiyyatı üçün hansı müsbət nəticələrə gətirib çıxaracaq? Bu və ya digər suallara aydınlıq gətirmək üçün millət vəkili Azər Badamova müraciət etdik. Azər Badamov "OLAYLAR"-a verdiyi müsahibədə bundan sonra ölkə iqtisadiyyatında müşahidə ediləcək müsbət tendensiyalardan da danışıb. Millət vəkili əmin olduğunu bildirib ki, fərmanın uğurlu icrası ölkə iqtisadiyyatını risklərdən qoruyacaq.

-Azər müəllim, Prezident İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərmanı imzaladı. Bu fərmanı necə dəyərləndirirsiniz?

-Cənab prezdentin imzaladığı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərmanı ölkədə həyata keçirilən iqtisadi islahatların tərkib hissəsidir. Biz davamlı olaraq iqtisadiyyatımızı neft sektoru üzərində qura bilmərik. Çünki, həm neft resursları tükənə bilər və həm də neft artıq dünyanın güc mərkəzlərinin siyasi oyunlarının predmetinə çevrilib. Dünyada belə siyasi oyunlar bundan sonra da davam edəcək. Ona görə də biz neft amilini müəyyən müddət unutmalı və iqtisadiyyatın ayrı-ayrı sektorlarının davamlı inkişafını təmin etməliyik. Düşünürəm ki, ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş Strateji Yol Xəritəsi ölkəmizi ərzaq təhklükəsizliyini təmin etməklə güclü iqtisadiyyata malik ölkəyə çevirəcəkdir.

-Bu sənəd Azərbaycan iqtisadiyyatına hansı töhfələri verəcək?

• Ölkə başçısı 16 mart 2016-cı ildə Milli İqtisadiyyat və İqtisadiyyatın əsas sektorları üzrə yol xəritəsinin başlıca istiqamətlərini təsdiq edən sərəncam imzalamışdı. İndi isə artıq strateji yol xəritələri hazırlanıb və cənab prezdent təsdiq etmişdir. İqtisadiyyatın on bir əsas sektoru üzrə hazırlanan strateji yol xəritələrinin hazırlanmasında vətəndaş cəmiyyəti təsisatları və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb. Bu yol xəritəsi Azərbaycan dövlətinə iqtisadiyyatın inkişaf etdirilməsi və qeyri-neft sektoru üzərində formalaşdırılması üçün 2025 və ondan sonrakı dövr üçün hədəflər müəyyənləşdirir. Strateji yol xəritələri iqtisadiyyatın aparıcı sahələrində müəyyən olunub və fərmanda qeyd olunan sahələrin davamlı inkişafını təmin edəcək. Biz qeyd edirdik ki, ölkədə kiçik və orta sahibkarlıq inkişaf etməlidir. Bu dünya təcrübəsində də belədir. Dünyanın inkişaf etmiş ölkələrində ümumi daxili məhsul istehsalının 60-70 faiz məhz kiçik və orta sahibkarlığın payına düşür. Strateji yol xəritəsində qeyd olunan istiqamətlərin həyata keçirilməsi sahibkarlıq sektorunun inkişafını sürətləndirəcək və ölkədə aprılan iqtisadi islahatlar üçün bünövrə təşkil edəcəkdir. Strateji yol xəritəsinin ayrı-ayrı sektorlarda icrasına nəzarətin Prezdent Administrasiyasına tapşırılması nəzərdə tutulan proqramın icrasının məsuliyyətliliyini artıracaq və ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edərək dünyada baş verə biləcək siyasi- iqtisadi oyunlardan qorunmasına imkan yaradacaqdır. Son məqsəd isə Azərbaycan vətəndaşının yaxşı yaşanmasının təmin edilməsidir.

-Fərmanın icrası qlobal iqtisadi böhran ərəfəsində Azərbaycanı bu böhrandan nə dərəcədə sığortalayacaq?

-İqtisadiyyatını şaxələndirməklə inkişaf etdirən ölkələrə qlobal iqtisadi böhranların bir o qədər təsiri olmur. Çünki, istehsalın və ixracın tərkibində bir məhsul dayananda o ölkəyə təsir etmək və iqtisadi çətinliklər qarşısında qoymaq imkanları çox olur. Məsələn neftin qiyməti yüksək olanda dünyada neft istehsal edən ölkələrin gəlirləri çoxalır, yaşayış səviyyəsi yüksəlir. Əksinə, neftin qiyməti azaldıqca həmin ölkələrdə iqtisadi çətinliklər yaranır. Azərbaycan iqtisadiyyatı da neft üzərində qurulmuşdu. Məqsədimiz isə neftdən asıllığını birdəflik aradan qaldırmaqdır. Strateji Yol Xəritələri də uzun müddət Azərbaycanın iqtisadiyatını şaxələndirməklə inkişafını təmin edəcək və dünyada baş verə biləcək hər hansı bir iqtisadi risklərdən sığortalayacaqdır.

-Ümumiyyətlə fərmanın icrası hansı müsbət nəticələrə səbəb olacaq?

-Ümumiyyətlə fərmanın icrası ilk növbədə Azərbaycanın iqtisadiyyatını yaxın illərdə sürətlə inkişaf etdirəcəkdir. Burada 11 əsas aparıcı sahə üzrə həyata keçiriləcək tədbirlər təsdiq olunmuşdur. Düşünürəm ki, bu istiqamətlərin inkişaf etdirilməsi ilə Azərbaycanda sahibkarlıq mühitinin tam inkişafını təmin etməklə iqtisadi yüksəlişlərə nail olacağıq. Ümummilli Heydər Əliyev demişdi: ,, İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir". Bu Strateji Yol Xəritələrin təyin olunan vaxtda icrası da Azərbaycanı güclü iqtisadiyyata malik ölkəyə çevirəcəkdir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31