Müxalifət Azərbaycan iqtidarına başağrısı yaratmaq gücünə malik deyil - MÜSAHİBƏ
Əli Əhmədov: “Belə halda zəif müxalifətə qarşı hər hansı planların düşünməsi öz mənasını itirir”
19 Noyabr 2012 13:56 MüsahibəMüsahibimiz Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədovdur
-Son günlər yenidən müxalif düşərgə və ona mənsub olan mediada belə iddialar ortaya atılır ki, qarşıdan gələn 2013-cü il prezident seçkiləri ilə bağlı hakim partiya və komandada hansısa anlaılmazlıq, namizəd problemi yaşanır. Sizcə, bu iddialar nə dərəcədə əsaslıdır?
- Bu iddialar, məlumatlar heç bir real, ciddi əlamətlərə istinad etmir. Azərbaycan vətəndaşlarının qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar rəyi, mən belə hesab edirəm ki, əsas etibarilə mövcuddur. Bu rəyin hər hansı bir istiqamətdə dəyişməsi üçün hansısa bir əsas yoxdur. Birmənalı şəkildə qeyd edə bilərəm ki, Azərbaycan vətəndaşları ölkənin Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişafından faydalarını görürlər. Həmçinin, bu inkişafın bundan sonrakı illərdə də davam etdirilməsini arzu edirlər və bu arzudan da irəli gələrək 2013-cü ilin seçkiləri ilə bağlı Azərbaycan vətəndaşlarının rəyi formalaşıb. Bu rəyin dəyişməsi üçün əsas yoxdur və bu rəy heç bir halda dəyişməyib. Yerdə qalan - müxalif düşərgə və mətbuatda özünə yer tutan təhlillər haqqında isə onu deyə bilərəm ki, bütün bunların hamısı uydurmalardan başqa bir şey deyil. Azərbaycanda çox monolit, işlək komanda formalaşıb. Əgər Azərbaycanda uzun müddət inkişaf mövcud olubsa, bu gün də həmin inkişaf təmin edilirsə, bundan sonrakı dövrlərdə də inkişafın olacağı ehtimalları çox real göstəricilərə söykənirsə, təbii ki, bütün bunların hamısı Prezidentin rəhbərliyi altında monolit şəkildə formalaşan komandanın fəaliyyətinin birbaşa nəticəsi kimi qəbul olunmalıdır. Ona görə də mən mətbuatda heç bir reallığa söykənməyən söhbətlərin aparılmasını qətiyyətlə pisləyirəm. Bütün bunların hamısı hər hansı bir xoşagəlməyən təxribat elementlərini özündə ehtiva edir. Amma bu, o qədər ucuz bir təbliğatdır ki, bundan, onu düşünüb ortaya atanlar, ümumiyyətlə, hər hansı bir fayda götürə bilməyəcəklər. Bunun üçün heç bir əsas yoxdur.
- Müxalifət və müxalif media onu da iddia edir ki, azad rəqabət şəraitində seçkilərdə hakimiyyətin namizədi yox, müxalifətin namizədi qalib gələ bilər. Bu məsələyə necə baxırsınız?
- Bu, müxalifətin gerçəkləşməsi mümkün olmayan xəyallarından başqa bir şey deyil və 20 il ərzində Azərbaycan cəmiyyəti birmənalı şəkildə bu reallığı görüb. Azərbaycan müxalifəti reallığa söykənməyən istək və arzularla yaşayır. Onların hansı istək və arzularla yaşamasına mən etiraz etmək fikrində deyiləm, bu, onların öz işləridir. Amma Azərbaycan cəmiyyətində formalaşmış rəy Azərbaycan müxalifətinin nə istəyinə, nə də arzularına uyğundur. Buna görə də Azərbaycanda keçirilən bütün seçkilərdə Azərbaycan müxalifəti və onun irəli sürdüyü namizədlər uğur qazana bilməyib. Mən onu da qəti şəkildə bildirmək istəyirəm ki, bu günə qədər ölkəmizdə keçirilən bütün seçkilər ədalətli, Azərbaycan vətəndaşlarının iradəsini ifadə edən seçkilər olub və bu seçkilərdə qeyd etdiyim kimi, müxalifət nümayəndələri uğur qazana bilməyiblər. Hesab edirəm ki, 2013-cü ilin prezident seçkilərində də müxalifət nümayəndələri hər hansı bir uğur qazanmaq ehtimalına uyğun hərəkətlərə, parametrlərə malik deyillər. Yəni, onların mövcud olan potensialı, cəmiyyət içərisindəki nüfuzları, siyasi reytinqləri qarşıdan gələn prezident seçkilərində azacıq da olsa belə yüksək rəqəmlərlə ifadə olunacaq göstəricinin əldə olunması üçün əsaslar vermir.
- Əli müəllim, eyni zamanda eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin hakimiyyətə gəlmək üçün Rusiyadan dəstək cəhdində bulunması, bu məqsədlə həmin ölkənin prezidenti Vladimir Putinlə görüşə can atması yönündə səslənən və dövriyyəyə buraxılan məlumatlarla bağlı nə demək istərdiniz?
- Əvvəla, məndə belə bir məlumat yoxdur ki, Rəsul Quliyev Rusiyanın prezidenti Vladimir Putinlə görüşüb. Belə bir məlumatın olduğundan mənim xəbərim yoxdur. Əgər Rəsul Quliyev Putinlə görüşmək arzusundadırsa, yenə də bayaq dediyim fikri təkrarlamaq istəyərdim ki, kiminsə istəyinə, arzusuna qarşı çıxmaq niyyətində deyiləm. Amma mən düşünmürəm ki, Rusiya kimi böyük bir dövlətin prezidentinin Azərbaycanın siyasi mühitinə təsir etmək parametri olmayan və artıq Azərbaycanın keçmişində qalmış Rəsul Quliyevlə görüşmək istəyi, belə bir arzusu olsun. Mən bunu real görmürəm. Rəsul Quliyev Azərbaycandakı siyasi proseslərə təsir göstərmək imkanlara malik deyil, elə bir rıçaqı da yoxdur. Rəsul Quliyevin rəhbərlik etdiyi hər hansı bir partiya da yoxdur ki, Azərbaycandakı ictimai-siyasi proseslərdə yaxından iştirak etsin, Azərbaycanın siyasi həyatına azacıq da olsa belə, təsir göstərə bilsin. Azərbaycan cəmiyyətinin daxilində Rəsul Quliyev, demək olar ki, unudulub və mən onu bir də təkrar etmək istərdim ki, o, Azərbaycanın siyasi həyatının keçmişidir. Ona görə də Yeni Azərbaycan Partiyası olaraq, Rəsul Quliyevin istər Vladimir Putinlə görüşmək arzusunu ifadə etməsi, yaxud da hansısa bəyanatlar səsləndirməsi artıq bizi zərrə qədər narahat etmir.
-Eyni zamanda, belə fikirlər də var ki, eks-spikeri hakimiyyətdən kimlərsə "diriltmək"də və müxalifətin əsas, aparıcı qüvvəsinə qarşı "kozır" kimi istifadə etməkdə maraqlıdır...
- Nə Yeni Azərbaycan Partiyasının, nə də bütövlükdə Azərbaycan iqtidarının bu gün həddən artıq zəif durumda olan müxalifətə qarşı kimisə qoyması niyyəti və yaxud planları var. Ən azından belə niyyət və plan ortada yoxdur, çünki Azərbaycanın müxalifəti bugünkü Azərbaycan iqtidarına istər bu gün olsun, istər qarşıdan gələn seçkilərdə olsun, başağrısı yaratmaq gücünə, imkanlarına malik deyil. Belə olduğu halda bugünkü zəif müxalifətə qarşı hər hansı planların düşünməsi, planların işlənib hazırlanması da öz mənasını da itirir. Demək istəyirəm ki, belə bir istək və niyyət Azərbaycan iqtidarında mövcud deyil.
Alim