Prezidentlərin növbəti görüşündən gözləntilər nədir?

Arzu Nağıyev: “Sankt-Peterburq görüşü Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımlar atmağa çalışmasından irəli gəlir”

Cari ilin aprel ayının əvvəllərində erməni təxribatı nəticəsində təmas xəttində yaşanan gərginlikdən sonra Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində daha bir görüşün keçiriləcəyi proqnozlaşdırılır. Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə işğalçı Ermənistanın dövlət başçısı Serj Sərkisyan arasında nöbəti görüş Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq. Hələlik görüşün formatı tam açıqlanmasa da, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin də iştirak edəcəyi şübhəsizdir. Bəs görəsən Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən gözləntilər nədən ibarətdir? Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəliyə doğru hansısa müsbət addım atıla bilərmi? Bu və ya digər suallarlala bağlı siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Arzu Nağıyev prezidentlərin Sankt-Peterburq görüşünün baş tutmaması mümkünlüyü barədə səslənən fikirlərə də aydınlıq gətirib.

-Arzu müəllim, artıq Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşəcəyi məlum olub. Bu görüşdən hansısa müsbət bir nəticə gözləməyə dəyərmi?

-Müsbət hal kimi BMT qətnamələrinin həlli, ərazilərimizin işğaldan təmizlənəcəyi, qaçqın və köçkünlərin qayıtması nəzərdə tutulursa, bu inandırıcı görünmür. Düşünürəm ki. ümumiyyətlə Sankt-Peterburq görüşü Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımlar atmağa çalışmasından irəli gəlir və məhz Rusiya prezidentinin təşəbbüsüdür.

-Azərbaycan Prezidenti ilə keçirilən görüşdə alman kanslerinin Qarabağ probleminin həlli açarının Rusiyada olması fikri onu deməyə əsas verirmi ki, bundan sonra münaqişənin həlli ilə bağlı bütün görüşlər məhz Rusiyanın diqtəsi ilə keçiriləcək?

-Əslində, müsbət haldır ki, artıq Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımlar atmağa çalışır. Çünki Prezident İlham Əliyevin Almaniyada keçirdiyi görüşlərdə Almaniya kansleri Angela Merkelin də problemin həllində məhz Rusiyanın açar rolu oynadığını qeyd etməsi təsadüfi deyildi. Çox güman ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşünün məhz bu formatda keçirilməsinin əsas səbəblərindən biri də budur . Mən buna diqtə deməzdim. Çünki Rusiyanın bu görüşü təşkil etməsi cəhdində də özəl maraqları var. Bəli bu gün regionda nüfuz savaşı da gedir. Buna görə də Ruisya canfəşanlıq edir və Qərb də bunu görür, Rusiyaya bir divident verməklə məhz münaqişənin həmmüəllifi olduğunu göstərməyə çalışır.

-Belə olan halda Rusiya münaqişənin həllinə nə dərəcədə maraqlı görünəcək?

-Qeyd edildiyi kimi burada maraqlı məqamlar var. Rusiya münaqişənin həllinə müsbət təsir göstərsə regionda tam nüfuz sahibi olar. Digər tərəfdən isə hər iki tərəf silah satan dövlətdir və sanksiyalara məruz qalan bir dövlət kimi bu bazarı itirə bilməz. Ona görə də tam şəkildə maraq göstərməsə də səyləri var.

-Bir müddət əvvəl prezidentlərin iyun görüşünün baş tutmayacağı bildirilirdi. Belə bir hal mümkündürmü?

-Ermənistanın atəşkəsi pozması, ərazilərimizdə hərbi təlimlər keçirməsi məhz buna görə idi. Lakin sonradan Rusiyanın təkidi ilə bu halların müəyyən qədər qarşısı alındı. Bildiyimiz kimi bu görüş ATƏT Minsk Qrupunun həmsədr dövlətlərinin qərarına əsasən, ABŞ, Rusiya və Fransa xarici işlər nazirləri ilə baş tutacaq formatdan fərqlənir. İyunun sonunda Sankt-Peterburqda gözlənilən görüş Moskva tərəfindən irəli sürülüb və yuxarıda qeyd etdiyimiz kimi bir sıra mətləblərdən xəbər verir.

-Ümumiyyətlə, hazırkı situasiya Qarabağ münaqişəsi ilə bağlı nədən xəbər verir?

-Sutuasiya gərgin olaraq qalır. Çünki artıq boş bəyanatlar, müxtəlif siyasi gedişlərin vaxtı bitib. Konkret addımlar atılmalı və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu isə erməniləri qane etmir. Çünki Sərkisyan və onun komandası məhz Dağlıq Qarabağ münaqişəsinin üzərindən hakimiyyəti zəbt ediblər. Buna görə də Qərb və təbii ki, Rusiya öz təsirindən istifadə edərək münaqişəni Madrid və ya digər prinsiplərə uyğun həll etməlidirlər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31