Müxalifət siyasi səhnədə söz sahibi deyil
Tural Abbaslı: “Bu gün müxalifət liderləri dediyimiz şəxslər demək olar ki, prossesi məhvə doğru sürükləyib”
26 May 2016 14:49 MüsahibəQurultaydan sonra Arif Hacılının diktator xarakterli idarəçiliyinə etiraz edərək Müsavat Partiyasından uzaqlaşan keçmiş divan üzvü Tural Abbaslı çox keçmədən təsis etdiyi "AĞ" Blokla siyasi çevrələrdə özünü təsdiq edə bildi. Sözügedən blokun yaxın vaxtlarda partiyaya çevriləcəyi barədə fikirlər dolaşdığı bir ərəfədə ısə Tural Abbaslı və tərəfdarları partiyanın təşkilatlanma prosesini yarımçıq qoyaraq Vahid Azərbaycan Partiyasına üz tutdular. Heç şübhəsiz ki, Müsavat kimi bir partyiyadan ayrılıb Vahid Azərbaycan Partiyasına keçmək heç də siyasi dairələrdə birmənalı qarşılanmadı. Hətta bu addımına görə sabiq müsavatçını qınayanlar da oldu. Bəs görəsən Tural Abbaslı bu barədə nə düşünür? Sabiq müsavatçını belə bir addım atmağa nə vadar etdi? Ümumiyyətlə, qarşıdakı planlar, siyasi hədəflər nədən ibarətdir? Bu və ya digər məsələlərlə bağlı "AĞ" Blokun təsisçisi Tural Abbaslı ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Tural Abbaslı hazırda müxalifət düşərgəsində mövcud olan vəziyyətə də aydınlıq gətirib. O, müxalif düşərgədə birlik yaratmaq istiqamətində göstərilən səylərə də münasibət bildirib və bütün bunların mənasız bir fəaliyyət olduğunu diqqətə çatdırıb.
-Tural bəy, Müsavat Partiyasını Vahid Azərbaycan Partiyasına dəyişmək nə dərəcədə doğru qərar idi?
-Mən bu məsələyə hansısa partiyanı digər bir partiyaya dəyişmək kimi baxmıram. Hesab edirəm ki, bu əqidə və ideologiya məsələsi deyil. Bu sırf siyasi və texniki bir məsələdir. İdeologiyaya gəldikdə isə, müsavatçılıq ideologiyası heç kəsin və heç bir siyasi təşkilatın inhisarında deyil. Odur ki, artıq belə məsələlərə keçmişdən qalma qaragüruh təfəkkürlə yox, müasir sivil siyasi yanaşmayla baxmaq lazımdır. Düşünürəm ki, kim özünü harada daha faydalı bilirsə orada da olmalıdır.
-Vahid Azərbaycan Partiyasında gələcək siyasi karyeranızı necə qura biləcəksiniz?
-Mən düşünürəm ki, kiminsə siyasi kariyerası onun təmsil olunduğu qrumdan deyil, şəxsi bilik və bacarığından asılıdır. Biz Müsavat Partiyasında olduğumuz üçün deyil, biz olduğumuz, mübariz, ardıcıl və bacarıqlı olduğumuz üçün bəlli bir yerlərə gəlmişik. Bunun belə olduğunu zaman tezliklə sübut edəcək.
-Bəs qarşıdakı əsas hədəfləriniz nədən ibarətdir?
-Qarşıdakı ilkin hədəfimiz Vahid Azərbaycan Partiyasının qurultayını keçirməkdir. Bu zaman orada nəzərdə tutduğumuz islahatları aparmaq və siyasi arenaya yeni qüvvə olaraq çıxmağı düşünürük. Nəhayət hədəfimiz isə bütün siyasi partiyaların hədəfi olmalı olan hakimiyyətə gəlməkdir.
-Vahid Azərbaycan Partiyası ölkənin müxalif siyasi düşərgsində bir canlanma yarada biləcəkmi?
-Bir daha qeyd edirəm ki, bu Vahid Azərbaycan Partiyası və ya başqa təşkilatdan deyil, oradakı insanların bacarığından asılıdır. Mən əminəm ki, bizlər istədiklərimizə nail ola biləcək təcrübə və bacarığa sahibik.
-Müxalifətin bu gün tamamilə passiv olması fikri ilə razısınızmı?
.Bəli təəssüflər olsun ki, elədir. Bu gün müxalifət siyasi səhnədə söz sahibi deyil. Nəinki söz sahibi deyil, heç siyasi səhnənin oyunçusu belə deyil. Bu gün müxalifət liderləri dediyimiz şəxslər demək olar ki, prossesi məhvə doğru sürükləyib.
-Aprel döyüşləri zamanı cəmiyyətin bütün siyasi qütbləri eyni mövqeni sərgiləyə bildimi?
.Düşünürəm ki, aprel ayının əvvəlində gedən döyüşlər zamanı xalq və siyasi arena tam birlik nümayiş etdirə bildi. Əslində siyasi səhnənin əsas həlledici aktyoru olan xalqın da mövqeyi burada önəmli oldu. Xalqın o ruh yüksəkliyi və əhvalı qarşısında zatən birlik göstərməmək kimi bir şans yox idi.
-Ancaq bəzi siyasi liderlər, Azərbaycan Demokrat Partiyasının sədri hesab edir ki, Dağlıq Qarabağı aldıqları qrant müqabilində yaddan çıxaran siyasi təşkilatlar var. Siz də belə düşünürsünüzmü?
-Mən feyə bilmərəm ki, bu məsələdə kim və haradan qrant alıb və ya alır. Ancaq yuxarıda da qeyd etdiyim kimi xalqın Qarabağ məsələsindəki güzəştsiz və konkret mövqeyi hər kəsi onunla hesablaşmağa məcbur etdi. Yəni bu məsələdə kim xalqın siyasi iradəsindən kənara addım atsaydı, siyasi səhnədən həmən və bir dəfəlik silinə bilərdi. Bu riski gözə ala biləcək təşkilatların olacağına inanmıram.
-Hazırda müxalifətin yeni birlik və bloklarına ehtiyac varmı?
-Müxalifətin birlik məsələsi mövzusu o qədər istismar edilib ki, bu mövzuda danışmaq artıq ciddi gəlmir. Məncə müxalifət indiki məqamda birləşmək, birıik yaratmaqdan daha çox, xalqın itirilmiş inamını qaytarmağa cəhd etməlidir.
Süleyman İsmayılbəyli