Gənclərlə bağlı yeni layihə haqqında nə bilirik? - MÜNASİBƏT

Gənc Alim, Aspirant və Magistlər Cəmiyyəti Gənclər Fondunun dəstəyi ilə maraqlı layihəyə başlayıb

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi I Milli Ecazkar Oyunlar Çempionatının keçirilməsi layihəsi çərçivəsində artiq Şabran, Quba, Gəncə, Mingəçevir, Tovuz, Yevlax, Şirvan, Səlyan, Lənkəranda  seçim turları və seminarlar həyata keçirib. Layihə çərçivəsində həyata keçirilən işlərlə bağlı ətraflı məlumat almaq üçün suallarımızı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucova ünvanladıq.  

-İlqar müəllim, keçirilən seminarlarda nə qədər gənc iştirak edib?

-Seminarlarda hər şəhərdən 30 nəfər olmaqla ümumilikdə 270 nəfər intellektual və ixtiraçılıq potensialı olan gənclər iştirak ediblər. Seminarlarda oğlanlarla bərabər qızlarda aktivlik göstərib. Orta məktəblərin, litseylərin, texniki peşə məktəblərinin şagirdləri, yerli universitetlərin filiallarında təhsil alan tələbələr, Texniki Yaradıcılıq və Uşaq Yaradıcılıq Mərkəzlərinin üzvləri iştirak edirlər.

 -Seminarların əsas mahiyyəti nə ilə bağlıdır?

-Seminarlarda yerli yeniyetmə və gənclərə dünyada ildə bir dəfə olmaqla keçirilən beynəlxalq səviyyəli ecazkar zehni oyunlar yarışı (İnternational Puzzle Party-İPP), Nob Yoşiqahara ecazkar oyunlar müsabiqə barədə məlumatlar verilir, dünyada keçirilən çempionatın şərtləri haqqında iştirakçılar məlumatlandırılır.

Gənclər və İdman İdaərlərinin nümayəndələri, Texniki Yaradıcılıq və Uşaq Yaradıcılıq Mərkəzlərinin müəllimləri ilə ayrıca olaraq görüşlər keçirilərək layihədə qarşıya qoyulan məqsəd və  vəzifələr onlara izah edilib. Bakıda keçiriləcək I Milli Ecazkar Oyunlar çempionatına hazırlıq məsələləri, iştirakçıların seçilməsi, rayonda aralıq seçim turlarının keçirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda iştirakçılara Çexiya Respublikasının Praqa şəhərində yerləşən Dünya Puzzle Federasiyası, onun nizamnaməsi, təşkilati strukturu, puzzle yarışları üzrə keçirilən dünya çempionatları haqqında informasiyalar verilib və Azərbaycan nümayəndəsinin də bu tədbirlərdə iştirakının vacibliyi qeyd olunub.

-İştirakçı olacaq gənclər qarşısında çempionatla bağlı qoyulan şərtlər hansılardır?  

-Ecazkar (puzzle) oyunlar çempionatı Azərbaycanda ilk dəfədir keçirilir və beynəlxalq səviyyəli zehni oyunlar çempionatında təmsil olunmaq üçün hökmən yeni oyun yaratmaq, ölkədə keçirilən yarışın qalibi olmaq vacibdir.  Yaradılan yeni ixtiranı, ecazkar oyun nümunələrini hər bir iştirakçı özü təqdim etməlidir.

Seminarlarda puzzle oyunlarının növləri - Manipulyativ, Qeyri-manipulyativ, İnteraktiv, Tangramlar, Kilid pazllar, Qatlama pazllar və s. oyunlar haqqında iştirakçılara məlumatlar verilib, əyani olaraq nümunələr də göstərilib.

-Çempionat ilk dəfə keçiriləcəyi üçün gənclərin  çətinlik yaşaması realdır. Belə bir problemlə qarşılaşmamq üçün hansı addımlar atılır?

-Bəzi pazzle formaları haqqında iştirakçılara ətraflı məlumat verilib. Bunlardan "Qeyri-mümkün" obyekt barədə danişarkən qeyd olunub ki, bu pazl ilk görünüşdə qeyri-mümkünlük təəssüratı bağışlayır. Bura "qeyri-mümkün" obyektlərdən şüşə içində yerləşdirilmiş gəmini göstərmək olar. Məqsəd bu obyektlərin necə quraşdırılmasıdır. Çevik pazllarda isə, məsələn qutu təsvir olunur. Qutunun başından kiçik topları düşürmədən xətt boyu ilə yerinə gətirilməsinə cəhd göstərilir ki, burada da çeviklik və səbirli olmaq vacibdir. Qatlama pazllar isə xüsusi janrlı pazllar hesab olunur, burada əsas məsələ kağızın xüsusi işarəli çap hissələrini qatlamaqla hədəf şəkli almaqdır. Kilid pazl həmçinin hiylə kilid də adlanır. Qeyri-adi kilid mexanizminə malikdir. Məqsəd çətin açılan kilidi açmaqdır. 

 -Rayonlarda aralıq seçim turlarının keçirilməsinə hansı tarixdən başlanılacaq?

-Quba və Şabran rayonunda noyabr ayı ərzində aralıq seçim turlarının keçirilməsi qərara alınıb.

Növbəti seçim turları və seminarların 5-20 noyabr aralığında Zaqatala, Şəki, Qəbələ rayonlarında keçirilməsi nəzərdə tutulur.

Aygün 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31