“Monte Melkonyanı İbad Hüseynov öldürüb” - MÜSAHİBƏ

Məhəmməd Qədirov: “Bu tip intiqralara getməsi general səviyyəsini alçaldır!”

İbad Hüseynov I Qarabağ Müharibəsində dəfələrlə Ermənistan Hərbi Qüvvələrinin nəzarəti altında olan ərazilərə keçərək düşmənə ağır itkilər verib. Hüseynov həmçinin bir çox gizli əməliyyatlarda da iştirak edib.
12 İyun 1993-cü ildə erməni səhra komandiri Monte Melkonyan tutaraq öldürdüyü iddia edilir. O vaxtı İbad Hüseynovun 22 yaşı olub. İgidliyinə görə Hüseynov "Azərbaycan bayrağı medalı" ilə təltif edilib. 6 noyabr 1999-cu ildə İbad Hüseynovun toyuna keçmiş prezident Heydər Əliyev də dəvət edilib. Lakin, Əliyev işlərinin sıxlığı səbəbindən toyda iştirak edə bilməyib və təbrik məktubu göndərib. Məktubda Heydər Əliyev İbad Hüseynovun Qarabağ müharibəsindəki göstərdiyi qəhrəmanlıqları bir daha tərifə layiq olduğunu bildirib. İbad Hüseynov Qarabağ savaşında kəşfiyyat-diversiya dəstəsinin komandiri olub. Həmçinin qəhrəman komandir haqqında 2010-cu ildə sənədli film çəkilib. Qarabağ müharibəsindən uzun müddət keçməsinə baxmayaraq İbad Hüseynovun erməni komandiri Monte Melkonyanı öldürməsi insanların yaddaşından silinməyib. Lakin, bu barədə mətbuata açıqlama verən istefada olan general-leytenant Talıb Məmmədov əslində Monte Melkonyanı İbad Hüseynovun öldürmədiyini iddia edib. Məmmədov Monte Melkonyanın 1993-cü il iyunun 12-də Mərzili kəndi uğrunda gedən döyüşlərdə 708-ci briqadanın ikinci motoatıcı batalyonu tərəfindən məhv edildiyini deyir. Talıb Məmmədovun sözlərinə görə, Melkonyanın öldürülməsi ilə bağlı sənədlər Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsində saxlanılır. Talıb Məmmədov İbad Hüseynovun erməni zabitini öldürməsi haqqında irəli sürülən ittihamların ədalətsiz olduğunu deyib. "İbad" Vətənpərvərlər İctimai Birliyinin sədri, İbad Hüseynovun komandiri olmuş, hazırda istefada olan polkovnik Məhəmməd Qədirov isə öz açıqlamasında Talıb Məmmədovun sözlərini təkzib edib. Qədirov Melkonyanın Muğanlı kəndi istiqamətində gedən döyüşlərdə öldürüldüyünü bildirib. Məhəmməd Qədirov bu barədə MTN-də kifayət qədər faktların olduğunu iddia edir.

-Məhəmməd bəy, Talıb Məmmədov iddia edir ki, erməni zabiti Monte Melkonyanı İbad Hüseynov öldürməyib...

-Erməni zabiti Monte Melkonyanı öldürməsinə qədər İbad Hüseynov nə qədər əməliyyatlar keçirib, başlar kəsib, qəhrəmanlıqlar edib. Bunu biz bilirik. Digər tərəfdən də Talıb Məmmədovun iddialarını tamamilə başa düşə bilmirəm. Məmmədovu çoxdan tanıyıram. Hələ onu Müdafiə Nazirliyində işlədiyi dönəmdən tanıyıram. İndi də İbad Hüseynovu elə təqdim eləyirlər ki, guya İbad Hüseynov təkcə Monte Melkonyanı məhv edib. İbadın elə onlarla əməliyyatları olub. Monte də bir əməliyyat idi, keçirilib. O əməliyyatın keçiriləndə orada nəzarətdə olmuşam və əməliyyat haqqında dəlil və sübutları özüm görmüşəm. Orada MTN-nın əməkdaşı da olub və Müdafiə Nazirliyinin nümayəndəsi olub. Əməliyyatın keçirilməsi şəraitinə baxılıb və sübut olunub. İbadla əməliyyatda iştirak etmiş 14 nəfər var idi. Onlardan biri çəhid olub, 13-ü isə hələ də sağdır. Əgər bununla bağlı kimin fikri, sözü varsa o 13 nəfər canlı şahid bunu danışa bilir. 708-ci briqada ilə bağlı açıqlama bir neçə il bundan qabaq bir qəzetdə verilib. Erməniyə sərf eliyən variantdır bu. Ermənilər bundan istifadə edərək Monte Melkonyanı qəhrəman kimi təqdim etmək istəyirlər. Guya ki, Monte döyüş əsnasında ölüb. Belə bir məlumat yaymışdı ki, Melkonyan iyunun 9-da Mərzili ətrafında məhv olub. Bununla bağlı internet saytlarında da yazılar var. Ancaq, sonradan sübut olundu ki, Mərzili o dövrdə bizim əlimizdə olub. Monte haradan gəlib çıxıb ora, kim vurub onu? Maraqlıdır ki, belə məlumatlar insanlarda haradandır? Yoxsa ki, erməni tərəfdən zəng edib dedilər ki, güllənin biri Montenin, biri artunyanın başına dəydi? Ümumiyyətlə, o gün də demişəm, bu gündə deyirəm ki, İbad Hüseynov haqqında irəli sürülən ittihamların Talıb Məmmədovun dediyinə inanmıram. Məmmədovu yaxşı zabit kimi tanımışıq, yaxşı döyüş yolları keçib. General-leytenant olub, hansı səbəblərdən cavan yaşında tərxis olunub bilmirəm, hal-hazırda ehtiyatdadır. Biz "İbad" adına Vətənpərvərlər Cəmiyyətini yaratdıq ki, gənclərdə bu hissləri təbliğ edək. Burada tək İbaddan söhbət getmir Azərbaycan uğrunda kim vuruşubsa, şəhid olubsa onları tanıtdıraq.

-Ümumiyyətlə nəyə görə Talıb Məmmədov İbad Hüseynov haqqında belə bir iddia irəli sürmək fikrinə gəldi? Hansı məqsədi güdür bununla?

-Bununla hansı məqsəd güddüyünü bilmirəm. Ola bilsin ki, bunun arxasında hər hansı müxalif qüvvələr var. Mən Talıb Məmmədovu belə tanımırdım. Bu cür hərəkətlər generala yaraşmaz. Bir Monte Melkonyanın ölümü ilə bağlı ittihamlar irəli sürmək general səviyyəsi deyil. Talıb Məmmədov deyir ki, mən 708-ci briqadanın komandiri olanda o vaxtı Xətai Baxışov batareya komandiri olub. O deyir ki, mənzilinə güllə atdıq deyəsən onlara dəydi. Erməni tərəf deyir, şükür Allaha qoy elə bilsinlər ki, mənzilində ölüb və yalan məlumatlar yaymağa başlayıblar. Bizim jurnalistlərimiz var idi ki, getdilər araşdırmağa. Həm o tərəfdə, həm də ki bu tərəfdə araşdırmalar aparıldı və sübut olundu ki, Monte hansı vəziyyətdə öldürülüb. Ermənilərin özləri də bunu qəbul etdilər. Bu barədə MTN-də araşdırma aparıb. Film çəkilib MTN nəzarətində. Dövlət bunu həyata keçirib. Bunları keçmiş prezident Heydər Əliyev də bilirdi. Belə işlər generala yaraşmır. Məmmədov bu qərara getməklə öz səviyyəsini alçaldır.

-Heydər Əliyevin 6 noyabr 1999-cu ildə Hüseynovun toyuna göndərdiyi təbrik məktubunda bu barədə yazılmışdı?

-Bəli, qeyd edilib. Bayaq da vurğuladığım kimi İbad Hüseynovun Monte Melkonyanı öldürməsi barədə Əliyevin xəbəri olub. 

Məsələ ilə bağlı Milli Qəhrəman İbad Hüseynovla əlaqə saxlamağa çalışsaq da bu baş tutmadı. Məhəmməd Qədirov Hüseynovun Türkiyəyə getmək ərəfəsində olduğunu bildirdi.     

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31