Ermənistan terror təşkilatlarının Dağlıq Qarabağda yerləşməsini təşviq edir

Hatəm Cabbarlı: “PKK terror təşkilatının da Dağlıq Qarabağa yerləşdirilməsi ehtimalı olduqca böyükdür”

"Suriyanı yeni dünya quruluşunda "gələcəyin poliqonu" kimi dəyərləndirmək mümkündür"

Suriyada hər ötən gün vəziyyət daha da gərgin xarakter alır. Artıq Yaxın Şərqin savaş meydanına çevrilən Suriyada bu gün mübarizə təkcə Əsəd tərəfdarları ilə onun əleyhidarları arasında deyil, eyni zamanda Qərblə Rusiya arasında gedir. Keçən ildən Rusiyanın Suriyada İŞİD-ə qarşı həyata keçirdiyi irimiqyaslı hərbi əməliyyatlar Əsədin də maraqlarına uyğun olduğu üçün Qərb qətiyyətlə Moskvanın Suriya istiqamətində hərəkətinə mane olmağa çalışırdı. Müxtəlif vasitələrlə Rusiyanın Suriya planını alt-üst etməyə çalışan Qərbin artıq buna nail olduğu göz qabağındadır. Belə ki, Suriyada Rusiyanı əngəlləmək üçün Qərb Türkiyə və ərəb kartından məharətlə istifadə etməyi bacardı. Artıq Səudiyyə Ərəbistanı və Qətərin rəhbərliyi altında formalaşan 150 minlik ərəb ordusu da Suriyada Rusiya üçün ciddi problemə çevrilmək ərəfəsindədir. Bütün bunlardan gəlinən nəticə isə ondan ibarətdir ki, uzun illər söylənilən, proqnozlaşdırılan üçüncü dünya müharibəsi məhz Suriya ərazisində baş tutacaq. Elə əksər ekspertlərin də qənaəti bundan ibarətdir. Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı "OLAYLAR"-a verdiyi müsahibədə Suriyada cərəyan edən hadisələr, onun gözlənilən mümkün nəticələri və s. barədə danışıb.

-Hatəm bəy, Suriyada gedən proseslərin sonu sizcə nəylə nəticələnəcək və Suriyaya sabitlik gətirmək mümkün olacaqmı?

-Son zamanlarda Yaxın və Orta Şərqdə, xüsusilə də Suriyada cərəyan edən hadisələrə diqqət yetirdikdə Suriyanı yeni dünya quruluşunda "gələcəyin poliqonu" kimi dəyərləndirmək mümkündür. Böyük dövlətlərin hamısı Suriyaya sülh gətirmək istəyir, ancaq nədənsə bunu ortaq yox, ayrılıqda həyata keçirməyə çalışırlar. Elə İŞİD-ə qarşı mübarizə də bu cür aparılır və təbii ki, heç bir nəticə vermir. Böyük dövlətlərin ayrılıqda Suriyaya müdaxiləsi və İŞİD-ə qarşı mübarizəsində hərəsinin özlərinə məxsus müxtəlif siyasi maraqlarının olduğunu və bu maraqların qətiyyən üst-üstə düşmədiyini görürük. Bölgədə cərəyan edən hadisələrə nəzər yetirdikdə münaqişənin və silahlı qarşıdurmanın hələ uzun zaman davam edəcəyini təxmin etmək olar.

-Savaşın şiddətləndiyi bir vaxtda Suriyadakı terrorçuların digər regionlara, eləcə də nəzarətsiz halda olan Qarabağa sığınması mümkümndürmü?

-Terrorist və terrorun vətəni yoxdur. Onlar üçün harada uyğun şərait var orda məskunlaşırlar. Terror təşkilatları artıq bildiyimiz ənənəvi xarakterindən və xüsusiyyətlərindən çox uzaqlaşıb. Belə ki, bu gün Yaxın və Orta Şərqdə çətin vəziyyətdə olan terror təşkilatları operativ şəkildə yer dəyişdirərək onların rahat fəaliyyət göstərəcəyi yerlərə köçür və hətta bu zaman müxtəlif dövlətlərlə razılığa gələ bilirlər. Terror təşkilatlarının rahat fəaliyyət göstərəcəyi yerlərdən biri də, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsidir. Terror təşkilatları burada narkotik və silah ticarəti, insan alveri, qaçaqmalçılıqla məşğul olurlar. Əlbəttə bu zaman bölgəyə nəzarət edən Ermənistan dövləti ilə müəyyən razılaşmaları da olur. Məsələn, Ermənistan dövlətinin sifarişlərini yerinə yetirmək və qazandıqları pullardan bir qismini bu dövlətin rəsmilərinə vermək.

-Bu arada PKK terrorçularının Qarabağda özünə sığınacaq tapması barədə yayılan xəbərlər nə dərəcədə ciddidir?

-Təxminən 20 ildən çoxdur ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsi nəzarətdən kənarda qalıb və beynəlxalq nəzarət təmin edilmir. Buna görə də Ermənistan terror təşkilatlarının bu bölgəyə yerləşməsində ciddi əngəllər yaratmır, hətta təşviq edirlər. PKK terror təşkilatının Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa yerləşdirilməsi ehtimalı olduqca böyükdür. İrəvanda keçdiyimiz günlərdə PKK terror təşkilatının siyasi qanadının ofisinin açılmasını xatırlayarsaq, Dağlıq Qarabağda da terrorçu təşkilatın silahlı qanadının yerləşdiyi və təlimlər keçdiyi haqqında bölgə mətbuatında müxtəlif fikirlər səslənir. Yəni PKK və digər terror təşkilatlarının Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda yerləşməsi istisna edilmir.

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31