"Böyük Qafqazın cənub hissəsində 3-4 yerdə zəlzələ olacaq"

Seysmoloji Xidmət Mərkəzinin baş direktor müavini nöqtələrin dəqiq yerini açıqlamayıb

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun müavini Azay Rzayevin ANS PRESS-ə müsahibəsi.

- Azərbaycanda son günlər Zaqatala və digər ərazilərdə baş verən zəlzələni necə xarakterizə edərdiniz?

-Son günlər Zaqatala və digər rayonlarda baş verən zəlzələlər gözlənilən idi. Son 2 il idi ki, biz Zaqatala-Şəki zonasında gərginliyin toplanmasını izləyirdik. Bu zonalardan əlavə başqa yerlərdə də gərginliklərin toplanması prosesi gedir. Ona görə də, baş verən zəlzələ qeyri-adi hadisə deyil. Bu olmalı idi. Sadəcə biz bu zəlzələnin dəqiq başvermə vaxtını deyə bilməzdik.Hazırda 3-4 gərgin zonalar var. Onları biz izləyirik və böyük ehtimal var ki, orada da nəsə olacaq. Amma dəqiq vaxtını bilmirik.

- Zaqatalada bu gün (dünən-red.) 4 bal gücündə zəlzələni əvvəlki təbii hadisənin davamı kimi avtoşok sayılır?

-Bəli, bu avterşok sayılır. Avterşokların içində də çox güclü avtoşoklar olur. Burada əsas təkan artıq baş verib. Bu enerji artıq sönməyə doğrudur. Bu şiddətli aktiv zona sayılır. Qırılma öz aktivliyini hər yerdə bir dəfə göstərmir. Bu gün Zaqatalada olursa, sabah başqa yerdə baş verə bilər. Mayın 7-də baş verən zəlzələdən sonra 500-dən çox müxtəlif güclərdə avtoşoklar qeydə alınıb. Bu proses yavaş-yavaş sönür. Çıxan enerji tədricən tükənir.

- Hansı ərazidə?

- İstəməzdim dəqiq ərazini deyim. Çünki bütün mətbuata yayılar və camaat arasında çaxnaşma düşər. Böyük Qafqazın cənub hissəsində 3-4 yerdə zəlzələ olacağı gözlənilir.

- Zaqatala rayonu da bu hissəyə daxildir?

- Zaqatala da elə bu hissəyə daxil idi. Amma artıq Zaqatalada bu baş verdi. Orada bayaq vurğuladığım kimi enerji azalmağa doğru gedir. Amma başqa 3-4 zona var ki, hazırda həmin yerləri seysmik metodlarla izləyirik.

- Qonşu ölkələr-İran, Türkiyə, Gürcüstanda baş verən zəlzələ ilə bizdə baş verən yeraltı təkanlarla hər hansı əlaqəsi varmı?

- Bütün bu aktiv zonanı götürsək, Türkiyədən tutmuş, Qafqaz və Himalaya kimi, bu eyni aktiv zona sayılır. Biz də bu aktiv zonanın içindəyik. Bütün bu qlobal prosesin nəticəsində, zəlzələ baş verir. Yəni, müəyyən yerdə baş verən zəlzələ xırda bir şeydir, amma proses qlobal prosesdir. Bütün Qafqazda bu eyni prosesdir.

- Bakıda necə, belə güclü zəlzələ ola bilərmi?

-Xatırlayırsınız da, Bakıda 2000-ci ildə güclü zəlzələ baş vermişdi. Bizim tədqiqatlar göstərir ki, yaxın 100 il ərzində belə güclü yeraltı təkan gözlənilmir. Bəlkə 100 ildən sonra bu təkrar olunsun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31