“Türkiyə savaş deyil, barış tərəfdarıdır”

Hasan Oktay: “Amma heç bir şəkildə Türkiyə təhdidləri qeyri-ciddiyə ala bilməz”

"Qərb bloku Səudiyyə Ərəbistanı və Türkiyəni Suriyada Rusiya ilə qarşı-qarşıya qoya bilər"

Suriyada çoxlarının arzulamadığı proses baş verir. Qərbin qurduğu oyun əsasında Türkiyə və Rusiya Suriyada üz-üzə gəlir. Xəbərlərdən də aydın olduğu kimi artıq fevralın 14-dən etibarən Türkiyə Silahlı Qüvvələri Suriya ərazisinə daxil olmağa başlayıb. Paralel olaraq Səudiyyə Ərəbistanı və Qətərin də liderliyi altında yaradılmış ərəb ordusunun İŞİD terror təşkilatına qarşı mübarizə adı altında Suriyaya daxil olacağı bildirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Suriya artıq müxtəlif tərəflərin açıq mübarizə poliqonuna çevrilib. Bəs görəsən bu mübarizə meydanından kim qalib çıxacaq? Xüsusilə Türkiyənin Suriyaya müdaxiləsi bu ölkə üçün hansı təhlükələrə yol aça bilər? Bu və ya digər məsələlərlə bağlı Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKAZSAM) sədri Hasan Oktayla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə mərkəz rəhbəri Suriyadan və Kandil dağından qaçan PKK terrorçularının Dağlıq Qarabağın işğal altında olan ərazilərində özlərinə sığınacaq tapması barədə gündəmə gələn xəbərlər, eləcə də bunun mümkün təhlükələrindən də danışıb.

-Hasan bəy, artıq Türkiyədə ciddi olaraq müharibə hazırlıqlarına başlanıldığı xəbərləri yayılır və hətta ölkədə səfərbərlik elan edildiyi bildirilir. Bu xəbərlər nə dərəcədə reallığı əks etdirir və Türk xalqının bununla bağlı mövqeyi nədən ibarətdir?

-Suriyada 5 ildir ki, davam edən savaşın harada sonuclanacağı və hansı nəticənin baş verəcəyini söyləmək asan deyil. Amma indiki halda görünən odur ki, hər an böyük bir müharibə başlaya bilər. Türkiyə Cümhuriyyəti sərhədlərinin tam yaxınlığında baş verəcək müharibədən daha çox təsir görəcəyini nəzərə aldığı üçün cərəyan edən həmin proseslərə qarşı maraqsız qala bilməz. Eyni zamanda Türkiyə cənubunda bir kürd dövlətinin qurulacağı iddiası ilə də hərəkət edib hansısa ehtimallar əsasında addımlar ata bilməz. Yəni Türkiyə ölkənin cənubunda cərəyan edən prosesləri, hərəkətliliyi yaxından təqib edər. Lazım gəldiyində isə müəyyən bir hərbi müdaxilə hərəkəti edə bilər. Necə ki, YPG adlı terror təşkilatının

Türkiyəni təhdid etməsindən sonra Türkiyə də müəyyən top atəşləri ilə bu tədidlərə cavab vermişdi. YPG terror təşkilatının Rusiyanın havadan dəstəyi sayəsində Azez ilə Təl-Rıfat arasındakı əlaqələri kəsmək məqsədilə Minig Hava Bazası və Maranas kəndini ələ keçirməsi Türkiyəni hərəkətə keçirdi. Türk topçuları da öz növbəsində sərhəddə 13 kilometr məsafədə yerləşən və iki gün əvvəl YPG-nın Suriya müxalifətindən aldığı hava bazası ilə ətrafdakı obyektləri atəşə tutdu. Kilisdə yerləşdirilən topların hədəfləri uğurlu oldu. Nədən ki Ankaradaki mənbələr,YPG-nın hava bazasını ələ keçirməklə Türkiyəni təhdid edəcəyini bildirirdi. Beləliklə Türkiyə top atışlarıyla, YPG-nın Afrindən şərqə doğru istiqamətlənməsinə imkan verməyəcəyi mesajını dünyaya açıq olaraq elan etmiş oldu. Hər kəsə bəllidir ki, Türkiyə və bütün türk dünyası savaş deyil, barış tərəfdarıdır. Amma heç bir şəkildə Türkiyə təhdidləri qeyri-ciddiyə ala bilməz, PYD, YPG kimi qrupların ona təhlükə yaratmasına icazə verməz.

-Səudiyyə Ərəbistanı və Qətərin rəhbərlik etdiyi ərəb ordusunun Suriyaya müdaxilə etməsi nəyi dəyişəcək?

-Suriyada qarışıqlıq çıxdığı günlərdə bu hadisələri yoluna qoymaq üçün Səudiyyə Ərəbistanı və diğər İslam dövlətləri bir müdaxilə qrupu qurub həmin olayların indiki vəziyyətə gəlməsinin qarşısını alsaydılar, daha yaxşı olardı. İndiki müdaxilə isə Suriyada yaşananları unutdura bilməz. Suriyada İslam dünyası Qərb mədəniyyətinin ortaya qoyduğu vəhşəti, təxribatı unutdurmaq üçün bir əməliyyat həyata keçirəcəksə, əksinə bu İslam mədəniyyətini bitirəcək.

-Bəs buna Rusiyanın müdaxiləsi necə ola bilər? Rusiya Türkiyə ilə Suriyada qarşı-qarşıya gələ bilərmi?

-Rusiya-İran bloku ilə Amerika və Qərb blokunun savaşına Türkiyə və diğər İslam dövlətlərini qarışdıraraq bunu Rusiya-Türkiyə müharibəsinə çevirmək cəhdləri edilir. Çalışmaq lazımdır ki, Qərbin bu planına alət olmayaq. İran Birləşmiş Ştatlar ilə anlaşma əldə edərək Rusiyanı Suriya meydanında yanlız qoyacaq. Öz növbəsində Amerika və Qərb bloku da Səudiyyə Ərəbistanı və Türkiyəni Suriyada Rusiya ilə qarşı-qarşıya qoya bilər. Bu risqləri görərək Türkiyə və Rusiya daha təmkinli davranmalıdır. Əvəllərdə də qeyd etdiyim kimi Suriya məsələsi nə Türkiyə, nə də Rusiyanın bir nömrəli məsələsi deyil.

-Kandil dağından və Suriyadan qaçan PKK terrorçularının Dağlıq Qarabağda özünə sığınacaq tapması qarşıda hansı təhlükələrin meydana çıxmasına səbəb olar? Kürdüstan qurulması planına Qarabağdan start verilə bilərmi?

-Qarabağ ayrı bir müzakirə predmeti olmaqla bərabər onu qeyd etmək istərdim ki, indiki situasiyada Qarabağ probleminin həlli məqsədilə diplomatiya ön plana çəkilməlidir. Problemin həlli istiqamətində müharibə isə ən son variantdır. Ancaq onu da bilmək lazımdır ki, Türkiyə nə Suriya, nə də Qarabağda hansısa bir terror dövlətinin qurulmasına izin verməz.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31