Yaxın və Orta Şərqdə yeni siyasi mühəndislik planı həyata keçirilir

Hatəm Cabbarlı: “Hər dövlət özünə daha çox pay almağa çalışır”

"Önümüzdəki 30-40 il sonra yaşanacaq müharibələr bu gün bölgədə həyata keçirilməyə çalışılan siyasi mühəndislik planlarının tərkib hissəsidir"

Günümüzdə barıt çəlləyini xatırladan Yaxın Şərqdə vəziyyət sabitləşmək, nizama salınmaq əvəzinə hər ötən gün bir qədər də gərgin xarakter alır. Əgər əvvəllər Yaxın Şərqdə vəziyyətin nizama salınmasının yolunun İsrail-Fələstin probleminin həllindən keçdiyi bildirilirdisə, indi artıq bu məsələ arxa planda qalıb. Bu gün regionda Suriya, İŞİD kimi ciddi problemlər mövcuddur. Hazırda İŞİD terror təşkilatına qarşı mübarizə adı altında bir sıra dövlətlər mübarizə aparsalar da, hələlik bu problemi aradan qaldırmaq mümkün olmur. Vəziyyətin getdikcə arzuedilməz situasiyaya qədəm qoyması isə bir müddət əvvəl ərəb dövlətlərinin İŞİD terror təşkilatına qarşı birləşməsini zərurətə çevirdi. Artıq Səudiyyə və Qətərin rəhbərliyi altında bir ordunun İŞİD-ə qarşı səfərbər olduğu bildirilir. Yaxın günlərdə ərəb ölkələrinin hərbi qüvvələrinin birləşdiyi ordunun İŞİD-ə sarsıdıcı zərbə vurmaq üçün Suriyaya daxil olacağı bildirilir. Bəs görəsən, bu əməliyyatlar nə dərəcədə uğurlu alınacaq? Yaxud ərəb ölkələrinin hərbi birləşmələrinin Suriyada peyda olması Əsədin, Rusiyanın maraqlarına nə dərəcədə ziddiyyət təşkil edəcək? Bu və digər məsələlərlə bağlı "OLAYLAR"-ın suallarını Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı cavablandırıb. Hatəm Cabbarlı ərəb ordusunun Suriyaya hərbi müdaxiləsinin kürdlərin Kürdüstan yaratmaq ideyasına mümkün təsirlərindən də danışıb.

-Hatəm bəy, Səudiyyə Ərəbistanı və Qətərin rəhbərlik etdiyi ərəb ordusunun Suriyaya daxil olacağı bildirilir. Bu Suriyada onsuz da gərgin olan durumu daha da ağırlaşdırmayacaq?

-Yaxın və Orta Şərqdə son yüz ildə hər zaman müharibələr və etnik konfliktlər olub. Bölgənin müstəmləkəçilikdən azad olub müstəqil ərəb dövlətlərinin yaranması belə bu problemi həll edə bilmədi, əksinə bu problemləri daha da mürəkkəbləşdirdi. Son zamanlarda Yaxın və Orta Şərqdə Ərəb baharından sonra yaşanan hadisələr bu prosesin hələ uzun zaman davam edəcəyinə işarədir. Bölgənin sahib olduğu enerji mənbələri ilə bərabər yerləşdiyi geosiyasi mövqeyi bu problemlərin əsas səbəbləridir. Suriya böhranının başlaması isə vəziyyəti daha da çətinləşdirdi.

-Bəs belə bir hərbi müdaxilə Rusiyanın maraqlarına zidd olmayacaq?

-Ovuc içi boyda olan bir ölkədə-Suriyada Rusiya, Birləşmiş Ştatlar, Avropa İttifaqı, Türkiyə, İran, Səudiyyə Ərəbistan və Qətər kimi dövlətlər mübarizə aparır. Hərəsinin də öz maraqları var. Son zamanlarda Səudiyyə Ərəbistanının Qətər ilə birlikdə Suriyaya 150 minlik ordu ilə müdaxilə edəcəyi bildirilir. Hər şeydən əvvəl adı keçən dövlətlərin ABŞ hökumətinin razılığını almadan və onların da mənafelərini qorumadan Suriyaya hərbi müdaxilə edəcəyi ehtimalı zəifdir.

-Suriyada başlanan əməliyyatlar İŞİD, eləcə də Əsəd üçün sonluq ola bilərmi?

-Bölgədə siyasi və iqtisadi marağı olan dövlətlər beş ildən çoxdur İŞİD-ə qarşı müxtəlif koalisiyada birləşərək guya mübarizə aparsalar da, hələlik ortada ciddi nəticə yoxdur. İŞİD unudulub, hamı Suriya üzərində hegemoniya qurmağa çalışır. İŞİD-in bu günə qədər məğlub edilməməsinin ən əhəmiyyətli səbəblərindən biri də bu terror təşkilatının əslində böyük dövlətlərinin nəzarətində olmasıdır. Bu gün Yaxın və Orta Şərqdə yeni siyasi mühəndislik planı həyata keçirilir, hər dövlət özünə daha çox pay almağa çalışır. Bölgə insanlarının ölməsi onları əsla maraqlandırmır. Bu dövlətlərin hamısı demokratiya və azadlıq gətirəcəkləri iddiası ilə bölgəyə yerləşsələr də, regiona qan və ölümdən başqa bir şey gətirmədilər.

-Ərəb ölkələri ordusunun Suriyada hərbi əməliyyatlara başlaması Türkiyənin maraqlarına nə dərəcədə cavab verəcək? Başlanan hərbi əməliyyatlar Kürdüstan dövləti yaratmaq ideyasını nə dərəcədə arxa plana atacaq?

-Bölgədə yeni dövlət və dövlətciklərin qurulması ehtimalı yüksəkdir. Bu dövlətlərin bəziləri öz gücü ilə, bəziləri də marionet dövlət olaraq qurulacaq. O, həmin dövləti quran ölkələrin əlində oyuncaq olacaq. Əgər yaxın gələcəkdə bölgədə sülh təmin edilsə belə bu qətiyyən uzun müddətli bir sülh olmayacaq. Önümüzdəki 30-40 il sonra yaşanacaq müharibələr bu gün bölgədə həyata keçirilməyə çalışılan siyasi mühəndislik planlarının tərkib hissəsdir. Bölgə xalqları 100 illik faciədən dərs alıb, bir araya gələrək, özləri öz problemlərini həll etmədiyi müddətdə müharibələr və faciələr uzun zaman davam edəcəkdir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31