“İntiharı heç də iqtisadi çətinliklə və ya böhranla səciyyələndirmək doğru olmazdı”
Hacı Ceyhun Şükürov: “Bu birbaşa insanların mənəviyyatı ilə bağlıdır”
9 Fevral 2016 13:09 Müsahibə"Mənəvi-psixoloji durumu münasib olmayanların bir çoxu bu uyğunsuzluqdan çıxış yolunu məhz intiharda görür"
Son vaxtlar ölkədə intihar halları artmağa başlayıb. Cari ilin əvvəlindən indiyə qədər onlarla şəxs bu və ya digər səbəblərdən intihara əl atıb. Maraqlıdır ki, insanlar intihar etmənin günah olduğunu bildiyi halda bu yola əl atırlar. Bəs görəsən insanları intihara sürükləyən nədir və bunun qarşısını necə almaq olar. Bu və ya digər suallarla ilahiyyatçı Hacı Ceyhun Şükürovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə o, bu kimi neqativ halların qarşısının alınması üçün həyata keçirlməsi vacib olan tədbirlərdən də danışıb. İlahiyyatçı ölkədə baş verən devalvasiya prosesindən sonra radikal dini qruplaşmaların fəallaşması ehtimalları barədə də fikirlərini bildirib.
-Ceyhun müəllim, son vaxtlar ölkədə intihar hallarının sayı artıb. Dini baxımından intiharın günah olduğunu bildiyi halda bir müsəlmanın bu yola əl atmasını necə qiymətləndirmək olar?
-Həqiqətən də son vaxtlar cəmiyyətimizdə intihar halları ilə çox rastlaşırıq ki, bu da arzuolunmaz bir haldır. Bəziləri bu intihar hallarını iqtisadi böhranla əlaqələndirsələrdə, bu heç də həqiqətə uyğun deyil. Bir çox inkişaf etmiş ölkələrin əksəriyyətində intihar hallarına mütəmadi olaraq rast gəlinir. Demək ki, intiharı heç də iqtisadi çətinliklə və ya böhranla səciyyələndirmək doğru olmazdı. Bu birbaşa insanların mənəviyyatı ilə bağlıdır. Mənəvi-psixoloji durumu münasib olmayanların bir çoxu bu uyğunsuzluqdan çıxış yolunu məhz intiharda görür.
-Ümumiyyətlə, dində, Qurani Kərimdə intihar edən bir şəxsin günahı necə göstərilir?
-Ümumiyyətlə intihar sözü ərəb dilindən götürülüb "nahara"- boğazın kəsdi mənasından əmələ gəlmişdir Qurani-Kərimdə "əl-KÖVSƏR" surəsinin sonuncu-3-cü ayəsində keçən "vənhər"kəliməsi də məhz qurbanlıq heyvanların boğazının kəsilməsini qeyd edir. İntihar bir şəxsin öz canına qıyaraq hər hansı bir vasitə ilə özünü öldürməsinə deyilir. Qurani-Kərimdə birbaşa bu kəlimə işlədilməsə də -"Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir" (əl-Bəqərə 195) ayəsində bu açıq aşkar bir bəyandır. Həmçinin başqa bir ayədə isə Allah Təala belə buyurur: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar. (Nisə 93) Hər bir halda istər öz canına istərsə də başqasının canına qıymaq müqəddəs kitabımızda qadağan edilibdir. "Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar" (Furqan, 68, 69). Həmçinin Peyğəmbərimizdə öz hədislərində bu əməlin böyük günah olduğunu bildirmişdir . "Kim özünü bir şey ilə öldürsə, cəhənnəmdə eyni şey ilə əzab ediləcəkdir" (Buxari, Muslim). Eyni zamanda Peyğəmbər özünü bıçaqla intihar edənin cənazə namazını qılmamış bunu başqasına həvalə etmişdir. (Müsilm, Nəsai, Əbudavud, İbni Macə,Tirmizi) Bu da bu əməlin nə qədər arzu olunmaz və qadağan olduğuna bir dəlalətdir. Başqa bir hədisdə isə bildirilir ki:" "Kim bir təpədən özünü aşağıya atıb özünü öldürsə, cəhənnəmdə yuvarlanacaq. Kim zəhərli bir maddə içərək özünü öldürsə əbədiyyən zəhər içəcək. Kim özünü dəmir bir alətlə öldürsə cəhənnəmdə də o aləti durmadan qarnına sancacaqdır" (Buxari, Müslim, Əbudavud). Yuxarıda sadaladığım ayə və hədislərdən aydın görünür ki, bu əməl tamamən qadağan olunan ən böyük günahlardandır, sahibi cəhənnəmlə cəzalanacağı xəbəri verilir. Dini doğru-dürüst yaşayan bir müsəlman təbii ki, bu qadağadan uzaq durmalıdır.Axı intihar Allahın qədərinə qarşı çıxmaq kimi səciyyələnir.Allah Təala başqa bir ayədə buyurur : " de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Zumər 53) Unutmayaq ki, bu bədən Uca Allahın biz insan övladına verdiyi ən böyük əmanətdir. Bu əmanəti ruh bədəndən insanın öz müdaxiləsi olmadan çıxmayana qədər qorumaq lazımdır.
-Sizcə, bu kimi neqativ halları aradan qaldırmaq üçün ilk növbədə insanlar arasında hansı işləri aparmaq lazımdır?
-İnsanın mənəvi və fiziki sıxıntılara sona qədər səbir göstərməsi İslamın meyarıdır. Əks halda, intihar etməklə dünyəvi sıxıntı və problemlərini həll edəcəyini düşünən kimsə dərhal üzləşəcəyi qəbir və daha sonra axirət həyatında daha böyük sıxıntı və fəlakətlərlə qarşılaşacaq. Həyat isə ən pis şərtlər altında da gözəldir. Çünki ruh bədəndə qaldıqca Allahdan ümid kəsilməz.
-Son vaxtlar ölkədə iqtisadi zəmində baş verən proseslərdən sonra radikal dini qruplaşmaların yenidən fəallaşdığı bildirilir. Ümumiyyətlə, ölkədə bu cür təhlükə mövcuddurmu?
-Son vaxtlar iqtisadi zəmində baş verən proseslərdə radikal dindarların fəallaşdığı deyilsə də bu heç də onların fəallaşmasından xəbər vermir. Dövlətin güc sturukturlarının apardığı uğurlu əməliyyarlar xüsusən Nardaran hadisələri bir daha onu sübut etdi ki, radikal dindarlar hər istədiklərini yerinə yetirə bilməyəcəklər. Bu radikallar hər istədiklərini həyata keçirmək iqtidarında deyillər. Çox şükür azda olsa cəmiyyətimiz artıq bu kimi neqativ halları yaxına buraxan deyil. Az-az orda burda "səsləri" çıxsa da məzhəbindən asılı olmayaraq radikal dini kəsimin fəallığı öncəki illərə nisbətən azalmışdır.
Süleyman