“Bu gün müxalifətin səsləndirdiyi iqtisadi tezislərin heç birinin əsası yoxdur”
Mayis Güləliyev: “Elmi əsaslandırılmamış iqtisadi tezis boş bəyanatdan başqa bir çey deyil”
8 Fevral 2016 13:35 Müsahibə"Ölkədə vəziyyət müxalifətin qeyd etdiyi kimi acınacaqlı deyil"
Ölkədə baş verən devalvasiya prosesi uzun müddətdir ki, qış yuxusuna getmiş müxalifət düşərgəsini də oyadıb. Mövcud vəziyyətdən maksimum dərəcədə istifadə etməyi qarşıya məqsəd qoyan bir sıra müxalifət partiyaları antiböhran koalisiyası adlı qurum da təsis ediblər. Bəzi radikalyönümlü müxalifət partiyaları isə nə qədər qəribədə olsa mövcud vəziyyətdən çıxış yolu kimi irəli sürdükləri bəzi şərtlərin hakimiyyət tərəfindən qəbul edilməsini vacib sayıblar. Ancaq müəyyən siyasi təşkilat və qurumlar isə hələlik bu kimi koalisiya və əməkdaşlıq formatlarından kənarda durmağa üstünlük verirlər. Belə təşkilatlardan biri də "Vətən" Siyasi Bloku və Yaşıllar Partiyasıdır. Blokun icraçı katibi Mayis Güləliyevlə söhbətimizdə bunun səbəbləri, eləcə də müxalifət partiyalarının hər hansı əməkdaşlığının perspektivli olub-olmayacağından danışdıq. "OLAYLAR"-a verdiyi müsahibədə Mayis Güləliyev hakimiyyətin həyata keçirdiyi antiböhran tədbirləri barədə də fikirlərini bölüşüb.
-Mayis bəy, ölkədə baş verən devalvasiya prosesi müxalifət düşərgəsində də bir hərəkətlilik yaradıb. Belə ki, bir sıra müxalif partiyaların birləşdiyi antiböhran koalisiyası yaranıb. Ancaq nədəsə nə "Vətən" Siyasi bloku, nə də Yaşıllar Partiyası bu prosesə qoşulmadı. Səbəb bu istiqamətdəki əməkdaşlığa olan inamsızlıqdır, yoxsa sizi özlərindən kənar tuturlar?
-İcazə verin, axırıncı sualdan başlayım. Azərbaycanda özünü müxalifət hesab edən demək olar ki, bütün partiyalar bizi müxtəlif vaxtlarda əməkdaşlığa dəvət ediblər. Demək olar ki, bütün müxalifət birlikləri bizim də onlarla olmağımızı istəyiblər və istəyirlər. Yəni, onlar bizi özlərindən kənar tutmurlar, əksinə biz onlardan kənar gəzirik. Lap yarandığımız vaxtdan, yəni 2006-cı ildən indiyə qədər Yaşıllar Partiyası müxalifətin hər hansı birliyində olmağa cəhd etməyib. Yalnız 2013-cü il prezident seçkiləri zamanı Ədalət Partiyası ilə birgə olduq və bu gün də "Vətən" Bloku çərçivəsində birgəyik. Digər partiyalarla ona görə birgə ola bilmirik ki, bizim hadisələrə özünəməxsus yanaşmamız, özünəməxsus taktikamız və strategiyamız var. Elə son dövrlərdə də müxalifətin guya "aktivlik" kimi qələmə verdiyi fəaliyyətdə də iştirak etmək fikrimiz yoxdur. Ona görə ki, onların bu hadisələrə baxışı ilə razı deyilik. Qaldı onların yaratdığı anti-böhran koalisiyasına, necə deyərlər, Allah işlərini avand eləsin. Onların öz yolu var, bizim öz yolumuz. Və mən bu ifadə ilə də razi deyiləm ki, guya onlar "hərəkətdədir", biz yox. Onlar siyasi mübarizənin metodu kimi belə "hərəkəti" seçirlər, biz isə hələ ki, belə "hərəkətsizliyi". Unutmayın ki, "hərəkətsizlik" yalnız müəyyən hesablama sistemlərinə görə olur. Hesablama sistemi dəyişəndə ən "hərəkətsiz" görsənən fəaliyyət ən "hərəkətli" görsənir. Hər şeyin ölçüsü zaman və məkandır.
-Ümumiyyətlə, müxalifət mövcud vəziyyətdən çıxış kimi hansısa effektli təşəbbüsdə ola bilərmi?
-Qeyd etdiyim kimi, onların öz metodları var. Bizim seçdiyimiz metod onların seçdiyindən fərqlənir. Biz hadisələrə elmi cəhətdən yanaşmanın tərəfdarıyıq. Biz hisslərlə deyil, hesablamalarla hərəkət edirik. Bizim hesablamalar göstərir ki, bu gün müxalifətin səsləndirdiyi iqtisadi tezislərin heç birinin əsası yoxdur. Elmi əsaslandırılmamış iqtisadi tezis boş bəyanatdan başqa bir şey deyil. Biz özümüzə və sözümüzə hörmət edirik. Bizim cari iqtisadi vəziyyət demək olar ki, bütün detalları ilə tədqiq edilib. Vəziyyətin necə olduğu və olacağı olduqca aydındır. Bu haqda hazırlanan tədqiqat materialları hökumətə bu yaxınlarda təqdim ediləcək. Qeyd edim ki, bizim nəticələr müxalifətin bəyan etdiyi nəticələrdən kəskin fərqlənir. Ən əsası ölkədə vəziyyət müxalifətin qeyd etdiyi kimi acınacaqlı deyil. Sadəcə iqtisadi problemlər var və bu problemlər həll edilməlidir. Amma bu vəziyyəti dramatikləşdirməyə ehtiyac yoxdur.
-Sizcə, müxalifət indiki vəziyyətdə səmimi şəkildə, birgə əməkdaşlığa hazırdırmı?
-Bizim Ədalət Partiyasından başqa digər müxalifət partiyaları ilə əməkdaşlıq etməməyimizin əsas səbəblərdən biri də elə bu məsələdir.
-Ümumilikdə, hökumətin həyata keçirdiyi antiböhran tədbirlərini necə qiymətləndirərdiniz?
-Hələ ki, hökumətin atdığı addımlar ümidvericidir. Amma ciddi tədbirlər planı hazırlanmalıdır. Bu plan ən azı 5-6 ili əhatə etməlidir. İqtisadiyyatın bütün sektorları arasında əlaqələr öyrənilməlidir. Hətta təcili surətdə sahələrarası balans tərtib edilməlidir. Azərbaycanın xarici siyasətində liberallaşma davam etdirilməlidir. İdxala qadağa qoymaq olmaz. İdxal tam sərbəstləşməlidir. Əksər növ qeyri-tarif məhdudiyyətlər aradan qalxmalıdır. İxracı dəstəkləyən dövlət tədbirləri həyata keçirilməlidir. Bütün ölkə boyu sahibkarlıq tam azad olmalıdır. Sahibkarlığa bütün müdaxilələr aradan qalxmalıdır. Mən o məsələləri sadaladım ki, onların reallaşması siyasi iradə tələb edir və mümkündür. Məhz bundan sonra iqtisadiyyatı diriltmək üçün konkret tədbirləri həyata keçirmək olar. Bu tədbirlər planı 5 ili əhatə edən iqtisadi plan olmalıdır.
S.İsmayılbəyli