Müxalifət ölkədəki proseslərə təsir etmək gücündə deyil

Mütəllim Rəhimli: “Siyasətini fürsətçilik üzərində quran qurumların uğur qazanması mümkün deyil”

"Siyasi mübarizə konseptual əsaslara söykənməli, uzunmüddətli planlarla tənzimlənməlidir"

Son vaxtlar müxalif düşərgədə bir hərəkətlilik müşahidə ediılməkdədir. Xüsusilə, ölkədə iqtisadi sahədə baş verən xoşagəlməz proseslərin fonunda müxalifətin fəallığı nəzərə çarpır. Belə ki, bu günlərdə bir qrup aparıcı müxalifət partiya sədrləri və ictimayyət nümayəndlərinin iştirakı "Anti-böhran koalisiyası" adlı qurum yaradılıb. Koalisiyada BAP, KXCP, Azadlıq, Gələcək Azərbaycan, Milli Konqres (MKP), ALDP, AXP, Aydınlar, Ümid, Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf partiyaları təmsil olunub. Maraqlıdır ki, son parlament seçkiıərinə qədər VİP-lə eyni təşkilatda təmsil olunan Ədalət Partiyası müxalifətin əməkdaşlıq formatından kənarda qalıb. Ümumiyyətlə, parlament seçkilərindən sonra partiyanın fəaliyyətində bir passivlik müşahidə edilir. Bəs görəsən bunun səbəbi nədir? Bununla bağlı Ədalət Partiyasının Ali Məclisinin sədri Mütəllim Rəhimli ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Mütəllim Rəhimli müxalifət düşərgəsində mövcud olan vəziyyət barədə də danışıb.

-Mütəllim bəy, son vaxtlar, xüsusilə devalvasiya prosesindən sonra bir sıra müxalifət partiyaları toparlanmağa çalışır. Bu günlərdə bir neçə partiyanın daxil olduğu yeni əməkdaşlıq mərkəzi yarandı. Ədalət Partiyasının bu proseslərdən kənarda durmasının səbəbi nədir?

-Uzunmüddətli müşahidələr göstərir ki, siyasətini fürsətçilik üzərində quran qurumların uğur qazanması mümkün deyil. Siyasi mübarizə konseptual əsaslara söykənməli, uzunmüddətli planlarla tənzimlənməlidir. Əsas məsələ strategiyanın düzgün qurulmasıdır, taktiki addımlar isə uzun müddətli məqsədlərlə ziddiyyətə girməməlidir. Görünür, bizdə müxalifət düşərgə bu prinsiplərə əməl etmədiyindən ciddi uğurlara da imza ata bilmir. Müxalifətin siyasi proseslərə uyğun olaraq dəyişməsi normaldır, amma siyasi proseslərin arxasınca sürünməsi isə yolverilməzdir. Siyasətçilərin əsas vəzifəsi ölkədəki proseslərə istiqamət verməkdir. Təəssüf ki, əksər hallarda bizdə əksinə olur, proseslər siyasiləri istiqamətləndirir. Bu isə heç vaxt yaxşı sonluqla yekunlaşa bilməz. İnanmaq istərdim ki, bəzi müxalif partiyaların əməkdaşlıq mərkəzi siyasi gücə çevriləcək. Hər halda Respublikamızda belə bir güc mərkəzinə ictimai, siyasi zərurət var. Orada iştirak etməməyimizə gəlincə isə Ədalət Partiyası təşkilatçılığında iştirak etmədiyi birliklərdə təmsil olunmamaq barədə qərar qəbul edib. Ona görə də biz bu qurumun işində iştirak etməyəcəyik.

-Ümumiyyətlə, parlament seçkilərindən sonra partiyanızda bir passivlik müşahidə edilir. Bunu bir növ parlamentdə yer almamağınızdan dolayı küskünlük kimi qiymətləndirmək olarmı?

-İndi Respublikamızda müxalifət düşərgəsində bir passivlik müşahidə edilməkdədir. Zənnimcə, bəzilərinin dediyinin əksinə olaraq bu o qədər də ürəkaçan mənzərə deyil. Ədalət Partiyasında da pasivlik müşahidə olunur. Buna Milli Məclisdə təmsilçilikdən kənarda qalmağımızın təsir göstərmədiyini desək, təbii ki, düzgün olmaz. Bir çox üzvlərimiz seçkilərin nəticələrinin bu cür olacağını gözləmirdilər. Ona görə də sanki bir şok yaşadılar. Onların bu dövrü arxada qoyması və partiya rəhbərliyinin yeni situasiya üçün fəaliyyət mexanizmlərini müəyyənləşdirməsinə bir qədər zaman lazım olacaq.

-Ümumiyyətlə, bu gün Ədalət Partiyasının qarşısına qoyduğu əsas hədəf nədir?

- Bizim hədəflərimiz dəyişməzdir. 2001-ci ildə Partiyanın Məramnaməsi qəbul olunub və burada əsas məqsədlərimiz sadalanıb. İndiyə qədərki fəaliyyətimizdə heç vaxt bu məqsədlərdən kənar fəaliyyətimiz olmayıb. Ölkəmizin ərazi bütövlüyü məsələsi, insan hüquq və azadlıqlarının qorunması, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə, iqtisadi, sosial məsələlər, demokratikləşmə, azad seçkilər və s. bağlı əvvəlcədən müəyyənləşdirilmiş hədəflərimiz hələ də dəyişməyib.

-Bəs hazırda müxalifət düşərgəsindəki vəziyyəti necə xarakterizə edərdiniz?

-Bir sözlə ifadə etsək, çox sönük bir mənzərəni müşahidə edirik. Müxalifət ölkədəki proseslərə təsir etmək gücündə deyil. Bu yaxınlarda regionlarda baş qaldıran müəyyən sosial narazılıqlar da göstərdi ki, əhali özü müstəqil olaraq narahatlığını hakimiyyətə çatdırmaqda daha maraqlıdır. Bu hərəkətlər onların müxalifətə inanmadıqlarını sübut edir. Bunun isə bir çox səbəbləri var. İlk növbədə siyasi mübarizədə ardıcıllığın və səmimiliyin olmamasıdır. Liderlərin yaxşı həyat şəraiti müqabilində onların ətrafında olan şəxslərin səfalət içərisində yaşaması da partiyalarda qarşılıqlı inamsızlığın yaranmasına gətirib çıxarır. Siyasət bəzilərinin iqtisadi təminatının əsasına çevrilib və mübarizə vasitəsi olmaqdan çoxdan çıxıb. Xalq da bunu görür.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31