Azərbaycan şərtlər uyğun olduğu anda Minsk qrupunun vasitəçiliyindən imtina edə bilər

Hatəm Cabbarlı: “Və problemin başqa müstəvidə həll olunması üçün təşəbbüs göstərə bilər”

"20 ildən çoxdur tərəflərə heç bir məqbul həll təklifi verməyən qurumdan bundan sonra da nə isə gözləmək mümkün deyil"

Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistanın maraqlarına xidmət edən fəaliyyəti zaman-zaman özünü büruzə verib. Vasitəçilərin bu mövqeyi müntəzəm olaraq Azərbaycan cəmiyyəti tərəfindən kəskin pislənilib və haqlı olaraq bu missiyadan imtina etmək təşəbbüsləri irəli sürülüb. Günümüzdə də ATƏT-in Minsk Qrupunun həmsədrlərindən imtina etmək məsələsi gündəmdədir. Yenə də başlıca səbəb vasitəçilərin sərgilədiyi ermənipərəst mövqedir. Xüsusilə, Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində Azərbaycan tərəfinin Ermənistanın işğalçılıq siyasətindən bəhs edən qanun layihəsi hazırlaması və həmin sənədə həmsədrlərin ciddi etiraz bildirməsi onların Ermənistanın maraqlarından çıxış etdiyini bird aha açıq şəkildə ortaya qoydu. Ona görə də haqlı olaraq Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən imtina etməsi barədə fikirlər yenidən aktuallaşıb. Bəs görəsən indiki halda belə bir addımın atılması mümkündürmü? Ümumiyyətlə, Azərbaycan ATƏT-in Minsk Qrupundan imtina edəcəyi təqdirdə hər hansı təzyiqlərlə üzləşə bilərmi? Bu və ya digər suallarla Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri həmsədrlərin Azərbaycan tərəfinin haqlı iradlarını nəzərə almalı olduğunu deyib.

-Hatəm müəllim, son vaxtlar həmsədrlərin mövqeyindəki ermənipərəsət yanaşmanın daha açıq büruzə verilməsi haqlı olaraq bu institutdan imtina edilməsi kimi fikirləri yenidən aktuallaşdırıb. Siz bu barədə necə düşünürsünüz və həmsədrlərdən imtina edilməlidirmi?

-Azərbaycan torpaqlarının Ermənistanın işğalından sülh yolu ilə azad edilməsi üçün qurulan ATƏT Minsk Qrupu ənənəvi olaraq Ermənistanı müdafiə edir. Son zamanlarda Minsk qrupunun "vasitəçilik" missiyasında bu daha çox hiss edilir. Azərbaycan dövlət başçısı və digər rəsmi şəxslər bu barədə fikirlərini və etirazlarını bildirirlər. Son zamanlarda Azərbaycanın Minsk qrupunun vasitəçilik missiyasından imtina edəcəyi barədə müxtəlif fikirlər səslənir. Əslində bu problemin iki cür həll yolu var: Birincisi, Minsk qrupunun vasitəçilik missiyasından birdəfəlik imtina etmək, yəni artıq bu qurum tərəflər arasında vasitəçilik edə bilməz. İkincisi, Minsk qrupunda daha passiv və Ermənistanın mövqeyini dəstəkləyən bir və yaxud iki dövləti başqa dövlətlə əvəz etmək.

-Əgər vasitəçilərdən imtina edilsə Azərbaycan sülh prosesindən uzaqlaşan bir ölkə kimi xarakterizə edilməyəcəkmi?

-Birinci yol siyasi olaraq daha çətindir. Ermənistan və Qərb bunu Azərbaycanın sülh prosesindən kənarlaşması kimi təqdim edə bilər. Bu onlar üçün siyasi bir gediş və Azərbaycana təzyiq vasitəsi ola bilər. Əslində 20 ildən çoxdur tərəflərə heç bir məqbul həll təklifi verməyən qurumdan bundan sonra da nə isə gözləmək mümkün deyil. Azərbaycan şərtlər uyğun olduğu anda Minsk qrupunun vasitəçiliyindən imtina edə və problemin başqa müstəvidə həll olunması üçün təşəbbüs göstərə bilər.

-İndiki halda münaqişənin həllini ATƏT-dən alınıb hansı quruma verilməsi daha effektli ola bilər?

-Azərbaycan problemin başqa beynəlxalq təşkilatlar çərçivəsində deyil, sadəcə bu qrup çərçivəsində həll olunacaq deyə bir öhdəlik qəbul etməyib. İkinci yol Azərbaycan baxımından daha diplomatik bir təşəbbüs ola bilər, Bu yəqin ki, Azərbaycan üçün ciddi problemə də səbəb olmaz. Azərbaycan ATƏT və digər beynəlxalq təşkilatlar nəzdində Minsk qrupunun fəaliyyətinin səmərəsizliyini mütəmadi şəkildə ön plana çıxararaq, yuxarıda qeyd etdiyim iki yoldan birini seçə bilər.

-Sizcə Azərbaycan tərəfindən irəli sürülən bu kimi fikirlər həmsədrləri bundan sonra daha məsuliyyətli olmağa, münaqişənin həlli istiqamətində ciddi addımlar atmağa vadar edə bilərmiu?

-Azərbaycan bu məsələ barəsində təşəbbüs göstərərsə, əlbəttə bu həmsədr dövlətlərə ciddi mesaj olacaq və böyük bir ehtimalla onlar məsələnin həlli yolunda müəyyən ciddi təşəbbüslər göstərə bilərlər. Bütün hallarda Minsk qrupu həmsədr dövlətləri Azərbaycanın etirazlarını diqqətə almalı və vasitəçilik missiyasında ciddi korrektlər etməlidir. Əks təqdirdə Minsk qrupunun imici və ciddiyyəti hər keçən gün bir az daha zədələnir və tərəfsiz fəaliyyəti şübhə doğurur.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31