Qərb Rusiya ilə Türkiyə arasında süni gərginlik yaratmağa çalışır

Elşad Mirbəşiroğlu: “Qərb özünün bu strategiyası ilə həm də Türkiyənin ciddi şəkildə zəiflətmək istəyir”

Son günlər Rusiya-Türkiyə münasibətlərində yenidən mənfi istiqamətdə bir hərəkətlilik müşahidə edilir. Səbəb isə Rusiyanın yenidən Türkiyənin hava sərhəddini pozmasıdır. Belə ki, keçən ilin məlum təyyarə olayından sonra nəticə çıxarmayan Rusiya bu günlərdə bir daha Türkiyənin hava məkanını pozub. Maraqlısı isə odur ki, Kreml yol verdiyi xətaya görə Ankaraya üzrxahlıq belə etməyib. Rusiyanın növbəti dəfə Türkiyənin hava məkanını pozmasını ekspertlər Moskvanın Ankaranı təxribata çəkmək cəhdi kimi dəyərləndirilib. Bu arada hər iki tərəfin hərbi sahədə həyata keçirdiyi hazırlıq prosesi isə yenidən Türkiyə-Rusiya hərbi qarşıdurması ehtimalını artırıb. Bəs görəsən bu variant nə dərəcədə realdır və tərəflər diplomatik savaşdan hərbi savaşa keçə bilərlərmi? Bu və ya digər məsələlərlə bağlı politoloq Elşad Mirbəşiroğlu ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Elşad Mirbəşiroğlu Türkiyə-Rusiya münasibətlərinin hərbi qarşıdurmaya çevrilmək mümkünlüyü, bundan Qərbin qazanacağı dividentlər barədə də danışıb.

-Elşad müəllim, Rusiya-Türkiyə münasibətlərində yenidən gərginlik müşahidə edilir. Sizcə, bu proseslər Ankara və Moskvanı hansı istiqamətə aparır?

-Rusiya ilə Türkiyə arasında gərginliyin yaradılması məqsədlidir və bununla Qərb Rusiyanın Suriyadakı əməliyyatlarını müəyyən qədər məhdudlaşdırmaq istəyir. Belə ki, İŞİD-in "yoxdan" meydana çıxması və sürətlə əraziləri zəbt etməsi, Birləşmiş Ştatlar kimi fövqəlgücün onun qarşısını ala biməməsi, ümumiyyətlə, İŞİD-ə qarşı yaradılmış koalisiyanın "deklorativ" fəaliyyəti və bir çox digər əlamətlər dəqiq sübut edir ki, o, Qərbin layihəsidir. Təbii ki, Qərb "öz missiyasını" yerinə tam yetirməmiş İŞİD-in sıradan çıxarılmasını qətiyyən istəmir. Bu baxımdan, regiondakı müttəfiqlərinin də köməyi ilə Rusiyanın regiondakı hərbi fəaliyyətinin qarşısını almağa çalışır. Rusiyanın İŞİD-ə qarşı mübarizəsi hesab edirəm ki, beynəlxalq təhlükəsizliyin və sülhün, həmçinin dünya iqtisadiyyatında inkişafın təmin olunması baxımından təqdir edilə bilər. Çünki, İŞİD-in bazara qeyri-qanuni neft çıxarması neftin qiymətinin aşağı olmasını şərtləndirən ciddi səbəblərdəndir. Bu baxımdan, hesab edirəm ki, İŞİD-ə qarşı real mübarizə aparan tərəflə region ölkələrinin, həmçinin, Türkiyənin əməkdaşlıq etməsi daha məntiqli olardı.

-Rusiyanın yenidən Türkiyənin hava sərhəddini pozması belə deməyə əsas verirmi ki, Moskva Ankaranı təxribata çəkir?

-Düşünmürəm ki, Rusiya məqsədli şəkildə Türkiyə sərhədlərini pozmaqda maraqlı olsun. Çünki, dünyadakı siyasi və iqtisadi mövqeləri əhəmiyyətli dərəcədə zəifləmiş Rusiyaya Türkiyə ilə sərt konfrantasiya lazım deyil. Həm də Rusiyada aydın dərk edirlər ki, regionun əsas güclərindən olan Türkiyə ilə münasibətlərdə gərginliyin artması onun Yaxın Şərqdəki hazırkı və gələcək hərbi-siyasi fəaliyyəti üçün əlavə əngəllər yaradır. Bununla yanaşı istisna etmirəm ki, hərbi əməliyyatlar gedişində Rusiya Türkiyə hava məkanına daxil olsun və ya yaxınlaşsın. Regionda genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirilirsə, bunu real və ya mümkün hal kimi nəzərdən keçirmək olar. Amma, bir daha qeyd etmək istəyirəm ki, Rusiyanın sərhədpozma hallarına qəsdən yol verdiyini düşünmürəm. Bundan başqa, hava sərhəddinin pozulması ilə bağlı ciddi sübut da hələ ki, təqdim olunmayıb. Bu da sübut edir ki, Qərb Rusiya ilə Türkiyə arasında süni gərginlik yaratmağa çalışır. Bunun motivində isə, Türkiyənin əli ilə Rusiyanı müəyyən qədər zərərsizləşdirmək cəhdi dayanır.

-Bəs iki ölkə arasındakı gərginliyin hərbi qarşıdurmaya gətirib çıxaracağı nə dərəcədə mümkün görünür?

-Təbii ki, bunun Qərbin gözləntilərinə cavab verəcək hər hansı bir nəticəyə gətirib çıxaracağını sanmıram. Xatırlatmaq istəyirəm ki, 2008-ci ildə Qərb Gürcüstanı Rusiya ilə hərbi qarşıdurmaya "ruhlandırdı", sonra isə onu Rusiyanın qarşısında tək buraxdı. Nəticədə Gürcüstan üçün sözün əsl mənasında ciddi təhlükə yarandı. Hesab edirəm ki, həm Rusiya, həm Türkiyə tərəfi məsələyə və reallıqlara rassional yanaşaraq aralarındakı gərginliyi dinc yolla aradan qaldırmağa qərar verəcəklər.

-Bəs gərginliyin dərinləşməsi tərəflərə nə verəcək və bundan Qərbin qazancı nə olacaq?

-Gənginliyin dərinləşməsi tərəflərə yaxşı heç nə vəd etmir və bundan udan yalnız Qərb olacaq. Qərb özünün bu strategiyası ilə həm də Türkiyənin ciddi şəkildə zəiflətmək istəyir. Tərəflər arasında açıq hərbi qarşıdurmanın baş verəcəyini isə istisna edirəm.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31