Vergi ödəyicilərinə göstərilən xidmətlər təkmilləşdirilir

Vergilər Nazirliyinin vergi ödəyiciləri ilə səmərəli əməkdaşlığının qurulmasında və çevik vergi inzibatçılığının həyata keçirilməsində 2011-2015-ci illəri əhatə edən "Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin İnkişafı Konsepsiyası" mühüm əhəmiyyət kəsb edir. İcra müddəti başa çatmış Konsepsiya çərçivəsində görülmüş işlərlə bağlı Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədovla sühbət etdik.

- Elçin müəllim, öncə Konsepsiyanın müəyyənləşdirdiyi başlıca hədəflər barədə: qarşıya hansı vəzifələr qoyulmuşdu?

- 2010-cu ilin sonunda qəbul edilmiş bu sənəd Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin qarşısında 5 illik yeni mərhələdə vergi ödəyicilərinə xidmət sahəsinin inkişafı, xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, funksional idarəetmənin yeni formalarının tətbiqi kimi vəzifələr qoymuşdu. Əsas hədəflərimiz bunlar idi: elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, e-xidmətlərdən istifadənin kütləviləşdirilməsi; vergi bəyannamələrinin təkmilləşdirilməsi, tərtibatının sadələşdirilməsi; vergilərin vaxtında ödənilməsi, vergi borclarının yaranmaması üçün profilaktik işlərin təşkili; vergi ödəyicilərinə xidmətin forma və metodlarının təkmilləşdirilməsi; vergi ödəyicilərinə xidmət sahəsində çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və s.

- Elektron xidmətlərin genişləndirilməsi nəinki Vergilər Nazirliyinin, ümumiyyətlə, hökumətin fəaliyyətinin başlıca prioritetlərindəndir. Konsepsiya çərçivəsində bu sahədə hansı nailiyyətlər əldə olunub?

- Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin genişləndirilməsi bizim üçün həmişə aktualdır. Burada əsas məqsəd perspektivdə vergi ödəyiciləri ilə canlı təmas formalarını məhdudlaşdırmaq və müasir informasiya texnologiyalarından istifadə etməklə vergi orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada tətbiqinin genişləndirilməsinə nail olmaqdır. Hazırda ölkəmizdə müxtəlif dövlət qurumları tərəfindən 432 elektron xidmət göstərilir. Bu xidmətlərin böyük hissəsi, dəqiq desək, 62-si Vergilər Nazirliyinin payına düşür. İndi Vergilər Nazirliyi mərkəzi icra hakimiyyəti orqanları arasında ən çox elektron xidmət göstərən dövlət orqanıdır. Tətbiq olunan elektron xidmətlər vergi inzibatçılığının, demək olar ki, bütün mərhələlərini əhatə edir.

- Son illər Azərbaycanda informasiya texnologiyaları xeyli inkişaf edib. Ancaq onu da etiraf etmək lazımdır ki, vətəndaşlar müasir texnologiyalar sahəsində yetərincə təkmil bilik və səriştələrə malik deyillər. Belə bir şəraitdə Vergilər Nazirliyi elektron xidmətlərin tətbiqi nəzərdə tutulan auditoriyanı əhatə edə bilirmi?

- Tamamilə doğru yanaşmadır. Həqiqətən, heç də bütün vergi ödəyicilərinin informasiya texnologiyalarından istifadə imkanları və bacarıqları eyni deyil. Vergi ödəyicilərinin bir qismi lazımi istifadəçi bacarıqlarına malik deyil, müvafiq bacarıqlara malik digər hissəsinin isə sərəncamında müvafiq texniki vasitələr yoxdur. Əlbəttə, hər iki amil ciddi problemdir və bunların həlli üçün müvafiq tədbirlər görmüşük. Konsepsiya qüvvəyə minməzdən əvvəl - 2007-ci ildən Vergilər Nazirliyi tərəfindən vergi orqanı olmayan şəhər və rayonlarda müasir avadanlıqlarla və sürətli internet xətti ilə təchiz edilmiş kompüter terminalları yaradılaraq vergi ödəyicilərinin istifadəsinə verilmişdi. Sonradan bu obyektlər vergi ödəyicilərinə xidmət mərkəzlərinə çevrildi. Burada vergi ödəyiciləri digər xidmətlərlə yanaşı, elektron xidmətlərdən də yararlanmaq imkanı əldə ediblər. Təməli həmin dövrdən qoyulan yanaşma bu gün də vergi ödəyicilərinə xidmət mərkəzlərində davam etdirilir və bu strukturlar elektron xidmətlərin təşviqi sahəsində aparıcı qüvvəyə çevrilib. Son 4 il ərzində - 2012-2015-ci illərdə göstərilmiş elektron xidmətlərin sayı 539 mindən çox olub. Digər tərəfdən, xidmət mərkəzlərinin əməkdaşları tərəfindən vergi ödəyicilərinə elektron xidmətlərdən istifadə ilə bağlı əməli kömək göstərilməklə yanaşı, onların informasiya texnologiyaları üzrə bacarıqlarının yaradılmasına da diqqət yetirilir. Məqsəd budur ki, vergi ödəyicisi növbəti müraciətlər zamanı özünə lazım olan xidmətlərdən müstəqil şəkildə yararlana bilsin.

- Xidmət mərkəzlərində elektron xidmətlərdən əlavə, daha hansı xidmətlər göstərilir?

- Hazırda sayı 55-ə çatmış xidmət mərkəzlərinə müraciət edənlər elektron xidmətlərlə yanaşı, şifahi suallarına cavab alır, yazılı müraciətlərini təqdim edir və hazır sənədləri götürə bilirlər. Təkcə 2015-ci il ərzində bu mərkəzlərə 390 minədək vergi ödəyicisi müraciət edib və onlara 580 minədək xidmət göstərilib. Qeyd edim ki, bu mərkəzlərdə mobil nömrə vasitəsilə identikləşdirilən, asanlığı və rahatlığı ilə fərqlənən, vergi ödəyicisinin məlumatlarının təhlükəsizliyinə xidmət edən "ASAN imza"nın alınmasında da əməli kömək göstərilir. Yaranma tarixindən 2015-ci ilin sonunadək 190.590 "ASAN imza" verilib ki, bunların bir hissəsi mərkəzlər vasitəsilə təmin olunub. Hazırda müraciət edən şəxslərin məmnunluğunu və rahatlığını təmin etmək məqsədilə bütün xidmət mərkəzləri növbə, qeydiyyat, videonəzarət, səsyazma və qiymətləndirmə (sorğu keçirmə) sistemləri ilə təchiz olunub. Hər bir xidmət mərkəzinin girişində elektron növbə terminalı quraşdırılıb ki, bu da vergi ödəyicilərinə xidmətin təhlil üzərində qurulmasına imkan yaradır.

- Konsepsiyanın hədəfləri arasında bəyanetmə proseslərinin sadələşdirilməsi də var. Bu sahədə hansı nailiyyətlər əldə olunub?

- Əslində, vergitutma bazasının müəyyən olunmasına xidmət edən bəyanetmə vergi inzibatçılığının ən önəmli həlqələrindən biri kimi qəbul olunur. Təsadüfi deyil ki, Dünya Bankı tərəfindən "Doing Business" icmalında ölkə imicini formalaşdıran əsas amillərdən biri məhz bəyannamələrin təqdim olunmasına sərf edilən müddətdir. Bəyanetmə proseslərinin sadələşdirilməsi iki amili ehtiva edir - bəyannamə formalarının mümkün qədər sadələşdirilməsini və bəyannamələrin təqdimolunma formalarının təkmilləşdirilməsini. Bəyannamə formalarının təkmilləşdirilməsi bir çox digər amillərlə, o cümlədən vergi nəzarətinin təkmilləşdirilməsi və vergitutma bazasının müəyyən olunması ilə sıx bağlıdır. Ona görə də Vergilər Nazirliyinin aidiyyəti strukturları tərəfindən bu proses üzərində iş davam etdirilir. O ki qaldı bəyanetmə imkanlarına, hazırda vergi ödəyicisi vergi öhdəliklərini 3 yolla - şəxsən təqdim etmək, poçtla təhvil vermək və elektron şəkildə göndərməklə bəyan edə bilir. Bir qədər də elektron bəyanetmə barədə məlumat vermək istərdim. Bu proses 2007-ci ildən başlayıb və ilkin mərhələdə yalnız Vergilər Nazirliyinin xüsusi Bəyannamə Tərtibatı Proqramı (BTP) vasitəsilə offlayn qaydada həyata keçirilirdi. Sonrakı dövrlərdə sadələşdirilmiş vergi bəyannaməsini onlayn qaydada təqdim etmək imkanı yaradıldı. Bəyanetmə prosesinin inkişafının daha bir təzahürü torpaq vergisinə şamil edilən bəyannamələrin vergi orqanları tərəfindən ilkin tərtibatı və növbəti mərhələdə vergi ödəyicisi tərəfindən təsdiqi mexanizminin işə salınmasıdır. Daha bir yenilik mobil texnologiyalar sahəsində baş verib. 2015-ci ildən vergi ödəyiciləri Vergilər Nazirliyinin "195" Çağrı Mərkəzinə zəng edərək, sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına "ASAN imza" vasitəsilə daha rahat və sadə yolla təqdim edə bilirlər.

- Vergi ödəyicilərinə xidmət sahəsinin inzibatçılığının inkişafı xidmətlərin davamlı təkmilləşdirilməsini tələb edir. Bu istiqamətdə hansı işlər görülür?

- Başlıca məqsədlərimizdən biri məkandan, vaxtdan, əməkdaşın və vergi ödəyicisinin kimliyindən, digər subyektiv amillərdən asılı olamayaraq, vergi ödəyicilərinə xidmətlərin eyni şəkildə, eyni səpkidə, eyni səviyyədə göstərilməsini təmin etməkdir. Bunun üçün "Vergi ödəyicilərinə xidmətlərin vahid standartları" müəyyən olunub. Vergi orqanlarına telefonla, yaxud şəxsən müraciət edən şəxsləri "195" Çağrı Mərkəzinin və xidmət mərkəzlərinin təmsilçiləri qarşıladıqları üçün onların davranışı, rəftarı Vergilər Nazirliyi barədə ilk təəssürat yaradır. Bunu nəzərə alaraq, həmin mərkəzlərin əməkdaşları tərəfindən göstərilən xidmətlərin səviyyəsinin bir qədər də artırılması məqsədilə müvafiq qaydalar hazırlanıb. Vergi ödəyicilərinə üzbəüz və telefon vasitəsilə xidmət göstərən əməkdaşların fəaliyyəti daim nəzarətdə saxlanılır, xidmətlərin müəyyən olunmuş standartlara və qaydalara uyğunluğu mütəmadi yoxlanılır, əməkdaşlar qiymətləndirilir, istər vergi qanunvericiliyində və inzibatçılığında, istərsə də kadr potensialında aşkar edilən zəif tərəflərin aradan qaldırılması istiqamətində əməli tədbirlər həyata keçirilir. Təkcə 2015-ci ildə xidmət mərkəzlərinin 160 təmsilçisinin qiymətləndirilməsi nəticəsində 29 əməkdaşla bağlı məsuliyyət, 31 nəfərə isə həvəsləndirmə tədbirinin görülməsi təklif olunub, distant təhsil formasında 188 əməkdaş tədris kurslarına cəlb edilib.

- Qarşıdakı dövrdə vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində daha hansı addımların atılması nəzərdə tutulur?

- Hazırda "Fiziki şəxsin onlayn qeydiyyatı" və "Şəhadətnamə-dublikatın verilməsi" kimi elektron xidmətlərin təkmilləşdirilməsi üzərində işlərimiz davam edir. Dəyişiklik nəticəsində vergi ödəyiciləri hər iki xidmətdən Çağrı Mərkəzinə zəng etməklə yararlana biləcəklər. 2016-cı ildən "İqtisadi zona" verilişinin radio formatının yayımına da başlamaq niyyətindəyik. Vergi ödəyiciləri hər həftə bir saat ərzində canlı yayımda suallarını SMS vasitəsilə interaktiv qaydada göndərərək, nazirliyin rəsmi nümayəndəsindən cavab ala biləcəklər. Proqramlarda Vergilər Nazirliyinin rəsmilərinin və ekspertlərin çıxışları da nəzərdə tutulur. Xüsusi olaraq, "Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək" Tvinninq layihəsini də qeyd etmək yerinə düşər. Artıq layihə üzərində işə başlanmışdır, IOTA tərəfindən dəvət edilmiş ekspertin və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə bu sahədə mövcud vəziyyəti və istənilən nəticəni özündə əks etdirən tvinninq layihəsinin "fiş"i (xüsusi sifarişi) hazırlanmışdır. Onu da bildirim ki, İspaniya və Fransanın birgə təklifi elan olunmuş tenderdə qalib gəlib.


Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31