“İnsanlar əl-ələ verib, dövlətə və hakimiyyətə yardım etməlidir ki, faciələrlə üzləşməsinlər”

Hacı Tahir Abbaslı: “Qərəz, kin və qəzəb müxalifət düşərgəsini içindən dağıtdı”

"Şüarçılıqdan bir addım da o tərəfə gedə bilməmişik"

Son vaxtlar müxalifət düşərgəsində bir hərəkətlilik müşahidə edilir. Bir neçə partiya yeni birlik, əməkdaşlıq formatı axtarışına çıxdığı halda, bəzi partiyalar yaranmış iqtisadi çətinlikdən çıxış yolları axtarır və bu məqsədlə geniştərkibli görüşlər keçirirlər. Bəs görəsən müxalifətin bu hərəkətliliyi hansısa müsbət nəticələrə səbəb olacaqmı? Ümumiyyətlə, yaxın perspektivdə bu düşərgənin yenidən toparlanıb birgə fəaliyyət göstərməsi mümkündürmü? Bu və ya digər məsələlərlə bağlı İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı ilə söhbətləşdik.

-Tahir bəy, son vaxtlar müxalifət partiyaları arasında yenidən toparlanma, əməkdaşlıq imkanları barədə müzakirələr aparılır. Sizə elə gəlmirmi ki, artıq bu kimi təcrübələr effekt vermir və partiyalar bununla yalnız görüntü yaradırlar?

-Müxalifət partiyalarının toparlanmasını və əməkdaşlıq imkanları barədə müzakirə etmələrini yaxşı hal sayıram. Burada qeyri-adi fövqəladə bir şey görmürəm. Qeyd edim ki, müxalifət düşərgəsi 24 ildə varlığını ancaq belə tədbirlər vasitəsilə qoruyub saxlaya bilib. Düzdür siyasi hərəkatlarda belə tədbirlərdən sonra bəhrələnən və uğurlar qazanan, ciddi və səmərəli nəticələr də əldə edən vaxtlarımız da olub. Əsasən müstəqilliyimizin ilk 10 illiyində bu cür tədbirlər yenilik kimi xalqın nəzərində qəhramanlıq simvolu idi. Fikirlərdə pərakəndəlik olsa da, bu müzakirələr özlüyündə düşüncə məkəzi kimi bir institut idi. Hər kəs demokratik dövlət qurmaq və demokrat olmaq istəyi ilə küçə savaşlarını belə tədbirlərdən parlament müzakrəsinə çıxarmaqla hökumətə təsir etmək niyyətində olurdu. Araşdırmalar, təhlilər, müzakirələr aparılıb və qərarlar çıxarılmaqla ölkədəki və beynəlxaq aləmin mövcud durumuna dəyər verməklə hər siyasi partiya öz gücünü və təsir etmək imkanını görürdü. Əksər vaxt düzgün qərarlar qəbul edilirdi. Hədlərini aşanlar isə ya ictimai qınağa tuş gəlirdi, ya da müxalifət düşərgəsini tərk edirdilər. Lakin bütün bunlar keçmişdə qaldı. Çünki müxalifət düşərgəsində də nəticə əldə etmək üçün monopoliya və inhisara alma baş verdi. Qərəz, kin və qəzəb hər yerdə olduğu kimi müxalifət düşərgəsini içindən dağıtdı. Güclü lider olmaq, xalqı arxasınca aparmaq ideyası, təkəbbürlük kimi xüsusiyyətlər, nəfsani istəklər bu dəstədə öz işini görmüşdü və bu səbəbdən də belə gözəl fikir mərkəzləri zaman-zaman dəyərini itirdi. İndi xalq yenilik istəyir. Ərəblərin atalar sözü var; "Təzə

həmişə ləzzətli olar". Xalq müxalifət düşərgəsində yeni simaların olmasını, daha demokratik təfəkkürlü, dinləmək bacarığı olan insanların yetişməsini görür və müşahidə edir. Əgər müxalifət düşərgəsi bütün bunlara rəğmən dəyişilmirsə və keçmişdəki kimi görüntü xatirinə toparlanırsa, şüarçılıqla günlərini keçirirsə sualınzda haqlısınız. Təbii ki, görüntü isə öz növbəsində özünü aldatmaqdan başqa bir şey deyidir.

-Qərbin və Avropanın marağı əsasında neft qiymətlərinin ucuzlaşması və manatın dəyərdən düşməsini sırf iqtisadi amiillərlə əlaqələndirib bəzi siyasilərin xalqı təxribatlara, aksiyalara cəlb etməsini nə dərəcədə normal siyasi mübarizə adlandırmaq olar?

- Qərbin və Avropanın marağı əsasında neft qiymətlərinin ucuzlaşması və manatın dəyərdən düşməsinin sırf iqtisadi amiillərlə əlaqəli olmasını hər bir sıravi vətəndaş görür və reaksiyasını verir. Bu hadisə məqsədli şəkildə davamlı olaraq, qəsdən siyasi və iqtisadi marqlar xatirinə edilir. Hazırda neftin barellini sudan da ucuz qiymətə, 30 dollara aparırlar. Bu onlar üçün dövlət büdcələrini artırmaq və az müddətdə yanacaq məhsulları üçün verdiklərini geri almaq oyunudur. Müxalifətin də Qərblə əlaqədar bir qütblü siyasəti ölkəmizin və dövlətimizin dərdinə dəymədi. Qərbə inteqrasiyaya keçid dövrü uzandıqca, Qərb demokratiyasının iç üzü və mahiyyəti açıq-aydın görünür. Qərb demokratiya pərdəsi altında xüsusən müsəlman ölkələrində qarınlarını otarmaq niyyətini gizlətmədi. Suları bulandırmaqla balıq tutmaq onların xislətindədir və bunun tarixi kökləri var. Məhz müxalifətdən istifadə (piket, mitinq) etməklə Qərb ölkəmizin daxili siyasətinə təsir göstərmək məqsədini güddüyünü görməmək mümkün deyil. Məqsədləri də odur ki, iqtidarları təzyiq altında saxlamaqla öz ölkələrinin təminatların təchiz etsinlər və büdcələrini doldursunlar. Hər bir vətəndaş 24 Ildə başlarına gələn müsibətlərdən nəticə çıxararaq, ayıq və agah olmalıdır.

-Bu gün hakimiyyəti sərt şəkildə qınayan bəzi siyasilərin hazırkı durumu yaxşılaşdırmağa, böhrandan çıxış yolu tapmağa gücü və potensialı varmı?

-Müxalifət yorulub, taqətsiz halda olduğundan şüarçılıqdan başqa heç nə düşünmək istəmir. Bu o deməkdir ki, müxalifətin ittiham etməkdən başqa çıxış yolu yoxdur. Müxalifət fikir və ideyası olub, əməl və niyyətlərində haqqa, hikmətə və məntiqə söykənəndə bərəkətli olar. Ciddi təklif və ideyaları olsaydı ən azından müraciət formasında xəbərdar edərdilər. Bu yaxınlarda "Böhrandan çıxış yolu tapmaq" mözusunda tədbirə dəvət olunmuşdum. Maraqlı çıxışlar və müzakirələır oldu. Ancaq ümumi sözlərdən başqa bir şey deyilmədi. Bəzi çıxışlar isə "Bəlkə də qaytardılar" prinsipinə köklənmişdi. Xəyal qüvvələri özlərinə sərf və lazım olan fikirləri səsləndirirdilər.

-Sizə elə gəlmirmi ki, indiki məqamda bütün siyasi qüvvələr, vətəndaş cəmiyyəti, bütövlükdə xalq əl-ələ verib vəziyyətdən birgə çıxmalıdır?

-Dövləti idarə etmək və qlobal problemlərdən qaçmamaq və ekstrimal durumda məsələləri həll etmək çox çətin prosesdir. Səriştə, təcürbə və dövlətçilik məktəbi olmalıdır ki, məsələlər ədalətlə həllərini tapsın. Təsadüfən hakimiyyətə gəlməklə daşı-daş üstünə qoymaq qeyri-mümkündür. Belə ekstrimal, böhranlı durumlarda kimliyindən aslı olmayaraq insanlar əl-ələ verib, dövlətə və hakimiyyətə yardım etməlidir ki, faciələrlə üzləşməsinlər. Pusquda durmaqla fürsət gözləmək və ya gözləmə mövqeyi nə qədər məntiqlidir? Biz İslamçı demokratlar belə düşünürük ki, loru dildə desək, qarnımıza daş bağlamağı öyrənməliyik. Nəfsimizə qalib gəlməklə, israfçılığa yol verməməklə, hay-küyə səbəb olan yanlış fikirlər, şaiələr yaymamaqla, mehribançılıq, birlik nümayiş etdirməklə, xalqımıza, dövlətimizə sahib durmaqla və səbrlə öz xidmətimizi təqdim edirik.

-Bunun əksi, qarşıdurma, siyasi sabitsizlik Azərbaycana hansı mənfi fəsadları gətirə bilər?

- Təsəvvür edin Allah eləməmiş hardasa yaxınlığımızda 7, uzağı 10 gün atışma olarsa dükan bazarda nələr baş verər? İnandırım sizi dinimiz insanları tərbiyələndirməsə, heç nəyimiz ələ gəlməz. Fürsətdə duran düşmənlər min bir bəhanələr axtarır ki, ölkımizin daxilinə müdaxilə etsin. İraqın, Liviyanın, Suriyanın gününə salmağa, dinc əhalinin qırılmasına səbəb olacaq facilərin törənməsinə qol çəkməyə haqqımız yoxdur. Qara kabus İŞİD adı altında əlimizdə olanları da alıb məhv edə bilər. Bununla da biz millət, dövvlət və Allah qarşısında günah iş görmüş olarıq və qiyamətə qədər məsuliyyətdən qaça bilmərik. Başımıza gələn qada-balalar pulun başında çatlasın, təki əmin-amanlı dövlətimiz var olsun.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31