Arzu Nağıyev: “Konkret qərar qəbul edilməsə, yolumuzu dəyişəcəyik” MÜSAHİBƏ

Politoloq Arzu Nağıyevin SİA-ya müsahibəsi:

- Arzu müəllim, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini formal xarakterli fəaliyyət hesab etmək olar?

- Təəssüf hissi ilə qeyd edilməlidir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ötən illər ərzində ancaq deklorativ bəyanatlar verməklə kifayətləndilər və münaqişənin həllində mühüm addımlar atılmadı, hətta əksinə vəziyyət daha da gərginləşdi. Əlbəttə buna regionda baş verən amillər də təsir göstərdi. Bundan da ermənilər öz xeyrinə istifadə etdilər və status-kvonun saxlanmasına, öz siyasi ambisiyalarına uyğun olaraq beynəlxalq hüquq normalarına hörmətsizliklə yanaşaraq addımlar atdılar. Buna da beynəlxalq qurumlar, o cümlədən ATƏT susqunluq nümayiş etdirdi. Bu il də belə olsa, artıq bütün məsuliyyət məhz ATƏT-in üzərinə düşəcək.

- Sizcə, həmsədrlərin konkret mövqe ortaya qoya bilməməsinin səbəbi nədir? Bunun arxasında öz dövlətlərinin maraqlarının dayandığını demək olar?

- Təbii ki, bu da var. Lakin əsas məqamlardan biri, məhz nüfuz davasıdır. Hazırda ABŞ və Rusiyanın regionda və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı nüfuz davası ATƏT-in də atacağı addımlara təsir göstərə bilər və bu yolla
həmsədrlərin rolunu artırmaq olar. Bu da ki, mühüm əhəmiyyət kəsb edir. Maraqlı dövlətlər nüfuz davası ilə birlikdə təşəbbüsü ələ almaqla regionda öz iqtisadi meqalayihələrini və bir sıra siyasi maraqlarını həyata keçirməyə zəmin yaradırlar. ATƏT-in Minsk Qrupunun Vaşinqton təmsilçisi Uorlik görüşlə bağlı öz anonsunda məhz Londonla məsləhətləşmələr aparılamasının vacibliyini qabardır. Düşünürəm ki, əsas müzakirə istiqaməti atəşkəsin pozulmasının qarşısının alınması və Rusiya-Türkiyə münasibətinin münaqişənin həllinə olan təsirindən çıxarıla biləcək nəticələrdən asılı olacaq.

- AŞPA-nın bu ayın sonunda keçiriləcək növbəti sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq. Necə düşünürsünüz, bu sessiyada Ermənistan qarşısında konkret tələb xarakterli qətnamənin qəbulu mümkündürmü?

- Məlumdur ki, gələn həftə AŞPA-da Azərbaycan ərazilərinin işğalı və Sərsəng su anbarı ilə bağlı müzakirələr olacaq. Sərsəng su anbarı işğal olunmuş ərazidir və ermənilər təmas xəttində yerləşən kəndlərə bu vasitə ilə də təsir edirlər və bunun həll ediləcəyi inandırıcı görünmür. Maraqlıdır ki, Almaniyanın ATƏT-də sədrliyə başlamasından sonraya təsadüf edən bu müzakirələrdən bir sıra istiqamətlərdə çox şey gözləmək olar, lakin inandırıcı deyil. Yuxarıda qeyd edildiyi kimi, nüfuz davası davam edir və hərənin öz maraqları var. Rusiya da öz maraqları naminə müəyyən addımlar atmağa çalışır və onu İranın sanksiyalarının götürülməsindən tutmuş, Səudiyyə Ərəbistanında baş verənlər, Türkiyəyə edilən köməklər və s. narahat edir və buna görə də regionla bağlı addımlar atılacağında maraqlıdır. Buna görə də, sessiyada Ermənistanla bağlı konkret tələb xarakterli hər hansı qətnamənin qəbulu inandırıcı görünmür.

- BMT-nin Dağlıq Qarabağla bağlı da qətnamələri var. Amma bu qətnamələr icra olunmur. Bu fakt BMT-nin nüfuzuna zərbə vurmur ki?

- Bidiyiniz kimi, belə qətnamələrin sayı çoxdur, lakin icra mexanizmi yoxdur və ən əsas prinsip kimi "Madrid" prinsipləri götürülür və təbii ki, ərazi bütövlüyü çərçivəsində bu, Azərbaycan tərəfini qane edir. Çox təəssüf ki, BMT hətta bu məsələdə də seyirçi mövqe tutur. Çünki tək qətnamə qəbul etməklə, deklorativ bəyanatlarla münaqişə həll edilmir, bu qeyd etdiyiniz kimi beynəlxalq qurumların nüfuzuna xələl gətirir. Bundan başqa demək olar ki, hər gün atəşkəs pozulur, itkilər verilir, Ermənistana xeyirli olan status-kvo saxlanılır. Beynəlxalq qurumlar bu işə daha həssas yanaşmalıdırlar ki, bunun sonu böyük müharibə ilə nəticələnə bilər, deməli belə getsə, yəni konkret qərarlar qəbul edilməsə, bizim yolumuz güc nümayiş etdirməklə təcavüzkarı sülh masasına əyləşdirməkdən ibarət ola bilər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31