“Məni bu çirkin oyuna qatmasınlar” - MÜSAHİBƏ

Beynəlxalq Diaspora Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev Publika.Az-ın suallarını cavablandırıb.  Söhbətə onun niyə "Kürd İsmayıl" adlandırılmasından başladıq:

- İlk dəfə deyil ki, mənə "Kürd İsmayıl" adını yapışdırmağa çalışırlar. Mən bir türk oğlu olaraq həmişə millətimlə fəxr etmişəm. Amma mən kürd olsaydım da, bununla fəxr edərdim. Məgər kürd olmaq Azərbaycan cəmiyyətində cinayət sayılır? Bəlkə cinayətdir, bəlkə günahdır və bunu kimsə bilmir? Bəlkə Azərbaycanda yaşayan başqa azsaylı xalqlarla bağlı da eyni şeyi fikirləşirlər? Reallıq budur ki, anam Sisyandan, atam da Dərələyəzdəndir. Mən özüm çox araşdrımışam ki, nəslim-nəcabətim haradan gəlib? Düzdür, babalarımı görməmişəm, nənəm deyirdi ki, onlar İrandan Şuşaya, oradan isə Dərələyəz mahalına gəliblər. Kürd olan insanların şəcərəsi olmalıdır, onların danışığı olmalıdır. Bizim nəslimizdə, kəndimizdə də heç vaxt kürdlərlə qonşuluq, qohumluq əlaqələri olmayıb. Kürd dostlarım var, əlaqələrim var, İstanbulda da, İqdırda da. AKP-nin kürd millət vəkilləri ilə dostluq əlaqələrim var. "Kürd ismayıl" deməklə məni gözdən salmaq məqsədi güdürlərsə, hesab edirəm ki, ciddi səhvə yol verirlər. Kürdlər Azərbaycana xidmət edən insanlardır. Sadəcə olaraq "Yeni Müsavat"çılar vətənpərvər hisslərimizə kölgə salmaq məqsədi güdürlər. Mən kürd olsaydım, PKK hadisəsinin üstünə ürəklə getməzdim. Təşkilatın əleyhinə bu yaxınlarda diaspora təşkilatı olaraq yürüş təşkil etdik. Hesab edirəm ki, bu ağ yalandır. Mənə "Kürd İsmayıl" deməklə özlərini yormasınlar. Mən şərəfimlə xalqıma xidmət edən adamam. Əgər kürd olsam belə, adıma "kürd" sözü yapışdırılmamalı, işimə qiymət verilməlidir.

- "Kürd İsmayıl" adının ortaya çıxması həm də ona görə ola bilərmi ki, mənsub olduğunuz Dərələyəzdə kürdlər çox idi? Doğulduğunuz kəndə də kürdlərin çox olduğu deyilir..

- Bizim kəndimizdə heç vaxt kürd olmayıb. Atamın da, mənim də pasportumda azərbaycanlı yazılıb. Doğulduğum kənddə də kürd görməmişəm, kürd dilində sözlər eşitməmişəm. Mənim babalarım İranda olub. Ola bilər ki, onların orada kürdlərlə yaxınlığı olsun. Bir Allah şahiddir ki, mən kəndimizdə kürd görməmişəm. Sübut etsələr ki, kürdəm, ona böyük təşəkkürümü bildirəcəm. Bununla fəxr edəcəm, həmin ləqəbdən də heç kim demədən özüm istifadə edəcəm.

- Adınız məhz Elşad Abdullayev-Gülər Əhmədova videoqalmaqalından sonra gündəmdədir. Sabiq millət vəkili Gülər Əhmədova ilə hansı biznes ortaqlığınız var?

- Bununla bağlı bir sıra mətbu orqanlar yazılar dərc edib. "Təzadlar" qəzeti haqqımda araşdırma aparandan sonra yazdığı yazılarla bağlı təkzib verdi. Gülər Əhmədovanın həyat yoldaşı bizimlə qonşu kənddəndir. Bundan başqa, 2008-ci ildən bu yana Gülər Əhmədova  ilə ailəvi yaxınlıq əlaqələrimiz olub. Diaspora təşkilatı olaraq təkcə Gülər Əhmədova ilə deyil, ö cümlədən Fəzail Ağamalı, Musa Quliyev və digər millət vəkilləri ilə birgə azərbaycanlıların deportasiyası, onların hüquqlarının müdafiəsi yönündə məsələləri Avropa Məhkəməsinə çatdırmaq üçün Məşvərət Şurası yaratmışdıq. Bu məsələ ilə bağlı Gülər Əhmədova ilə birgə xarici səfərlərim olub. Bizim ortaq əlaqələrimiz diaspora, azərbaycanlıların soyqırımı və deportasiyası ilə bağlı olub. Mənim Gülər Əhmədova ilə heç bir biznes ortaqlığımızdan söhbət gedə bilməz.

-İddia edirlər ki, sizin ortaq obyektlərinizin yer aldığı siyahı var və bunların çoxu  Xızı rayonu ərazisindədir...

- Mənim qardaşım, bacımın həyat yoldaşı uzun illərdir ki, Rusiyada ticarətlə məşğul olurlar. Onlar Murmanskda, Arxangelskdə meyvə-tərəvəz ticarəti ilə məşğuldurlar, fermer təsərrüfatları uzun illərdir ki, böyük gəlir gətirir. Mənim Rusiyada çoxlu dostlarım var ki onlar da qardaşımla bahəm mənə yardım edirlər. Xızıda bir yanacaqdoldurma məntəqəmiz var. Atam Ermənistandan gətirdiyi var-dövləti hesabına 2006-cı ildə yanacaqdoldurma məntəqsinin tikilməsi üçün Xızı rayon İcra Hakimiyyətinin sərəncamını alıb. Bunun üçün bir hektardan artıq torpaq özəlləşdirilib. Həmin yanacaqdoldurma məntəqəsi də atamın adınadır. Gündə uzağı 100 litr yanacaq satılır. Sadəcə, utandığımızdan bağlaya bilmirik ki, dağıda, oğurlaya bilərlər. Qoy, qəzeti təqdim eləsinlər ki, Gülər Əhmədova ilə hansı biznes əlaqələrim, hansı ortaq obyektlərimiz var. Bizim ortaq olduğumuzu konkret sənədlərlə, sərəncamlarla üzə çıxartsınlar. Bu olarsa, ortaq biznes əlaqələrimdən olan payımı istənilən şəxsə verməyə hazıram. Məqsəd ancaq ajiotaj yaratmaqdır. Qardaşlarımın, dostlarımın normal şəkildə biznesi var, mən də bəhrələnirəm.

- İddia edirsiniz ki, sizə qarşı böhtan, iftira atılır. Bunun qarşısını almaq üçün isə hüquqi yollar var...

Məni bu çirkin oyuna qatmasınlar.  Mən işimi-gücümü atıb, hansısa qəzetin yazdığına görə məhkəmələrə gedəcəm? Bununla belə hesab edirəm ki, gələcəkdə məsələ hüquqi müstəviyə keçə bilər. Onlarla ailənin hüquqlarını Avropa Məhkəməsinin müstəvisinə çıxarmışamsa, deməli, öz hüquqlarımı da qorumağı bacararam.

Ömər Əmirov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31