“Deputat mandatlarının sayı artırılmalıdır” - MÜSAHİBƏ
Fəzail Ağamalı: “Proporsional seçki sistem bərpa edilməli, deputat yerləri 150-yə qaldırılmalıdır”
16 Oktyabr 2012 16:42 MüsahibəMüsahibimiz Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır
- Fəzail bəy, proporsional seçki sisteminin bərpası məsələsi son dövrlər yenidən gündəmi məşğul etməkdədir. Hətta, hakim partiyanın funksionerlərindən olan Siyavuş Novruzov da mətbuata açıqlamasında bu məsələnin haçansa reallaşa biləcəyinə işarə edib. Necə hesab edirsiniz, 2015-ci il parlament seçkilərinə qədər bununla bağlı referendum keçirilə bilərmi?
- Ötən Konstitusiya dəyişikliyində biz belə bir təşəbbüsdə olduq və fikrimizi kütləvi informasiya vasitələri ilə çatdırdıq ki, Azərbaycanda siyasi sistemin gücləndirilməsi, siyasi partiyaların formalaşdırılması və siyasi proseslərdə fəallığının artırılması üçün proporsional seçki sisteminə keçilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin çox təəssüf ki, həmin zaman kəsiyində bizim də müdafiə etmiş olduğumuz proporsional seçki sisteminin, həm də majoritar seçki sistemi ilə bərabər, yəni, qarışıq- hər iki seçki sisteminin istifadə məsələsi reallaşmadı. Mən bu gün də bunun tərəfdarıyam və düşünürəm ki, Azərbaycanın siyasi həyatında, siyasi mühitində, siyasi sistemində siyasi partiyaların yerini və rolunu artırmaq, gücləndirmək üçün heç şübhəsiz, proporsional seçki sisteminin tətbiqinə böyük ehtiyac var. Mən çox arzulayardım ki, 2015-ci ilə qədər belə bir dəyişiklik həyata keçirilsin və biz həm majoritar, həm də proporsional seçki sistemindən istifadə edə bilək. Yəni, bu, yenidən tətbiq olunsun. Çünki bunların hər birinin özünəməxsus üstünlükləri var. Mən nə proporsional seçki sisteminin bütövlükdə tərəfdarıyam, nə də majoritar. Düşünürəm ki, hər ikisindən istifadə olunsa, hər ikisi özünəməxsus üstünlüklərə malikdir və bu baxımdan, məncə proporsional və majoritar seçki sisteminin, yəni, qarışıq seçki sisteminin tətbiqi Azərbaycanın siyasi mühiti üçün əhəmiyyətli rol oynaya bilər.
- Parlamentdə hakim partiyadan sonra ən çox millət vəkili ilə təmsil olunan partiya məhz AVP-dir. Belə halda, partiyanız adından Konstitusiya dəyişikliklərini nəzərdə tutan qanun layihəsi ilə çıxış etmək fikriniz varmı?
- Hər halda biz fəaliyyətimizin o prinsipinə üstünlük veririk ki, qaldırmış olduğumuz məsələlərin reallaşması mümkün olsun. Yəni, nəyinsə xatirinə, gündəlikdə qalmaq üçün və ya siyasi proseslərdə müzakirəyə çıxarılacaq- bir həftə, 10 gün müzakirəyə çıxarılacaq məsələlərin aktuallığı nəzərə alınan ideyaların irəli sürülməsinin heç zaman tərəfdarı olmamışıq. Biz bir qayda olaraq, bir partiya olaraq çalışırıq ki, cəmiyyətin qarşıya qoyduğu sosial sifariş xarakteri daşıyan məsələlər öz aktuallığını göstərəndə onu qaldıraq, onun reallaşmasına çalışaq. Əlbəttə, bir çox hallarda buna nail olmasaq da, hər halda belə düşünürük ki, 2015-ci ilin seçkiləri ərəfəsində ümumi məsləhətləşmələrdən sonra hadisələrin gedişini, sizin indi qaldırdığınız bu məsələnin, yəni, proporsional seçki sisteminin tətbiqinin aktuallığını nəzərə alaraq belə bir layihə ilə, belə bir təşəbbüslə çıxış etmək olar. Ancaq unutmaq olmaz ki, bu, Konstitusiya dəyişikliyidir. Bu, xüsusi qanun layihəsi ilə deyil, məhz bu Konstitusiyada edilən dəyişiklik əsasında həyata keçirilə bilər və Konstitusiyaya dəyişiklik, məncə, bir çox məsələləri özündə ehtiva etməlidir, eyni zamanda bu məsələni.
- Belə fikirlər də var ki, əgər proporsional seçki sistemi Azərbaycanda bərpa olunarsa, yaxud da qarışıq formada, ən azı parlamentdəki yerlərin sayı artırılmalıdır. Yəni, konkret olaraq deputat yerlərinin 150- 200-dək qaldırılması təklifləri var...
- Düşünürəm ki, bu təklif reallığı əks etdirən təklifdir. Əslində Azərbaycanın əhalisinin sayına, inzibati bölgüsünə görə 125 deputat azdır. Bunu proporsional seçki sisteminin tətbiqi ilə artırmaq olar. Belə deyək ki, 25-30 nəfər, əlbəttə, təqribi rəqəmi deyirəm, ya 50 nəfər ola bilər proporsional seçki sistemi, 100 nəfər də ola bilər mojaritar seçki sistemi. Bu da mümkündür və ya əksinə. Hər halda gələcəkdə əgər proporsional seçki sistemi tətbiq olunarsa, mojaritarla bərabər, heç şübhəsiz ki, deputat mandatlarının respublikada say və miqdarı da artırılmalıdır. Yəni, real rəqəm hardasa 150 nəfər. Belə düşünürəm. Onun 50-si proporsional, 100-ü isə mojaritar sistemlə keçə bilər.Və ya bərabər ola bilər. Məsələn, 75-in 75-ə.
Alim