“Ölkə başçısı vəziyyətə nəzarət edərək operativ müdaxilələr edir”

Hazırda dünyada, o cümlədən də regionda diqqətli siyasət yürütməyi tələb edən həssas geosiyasi vəziyyət yaranıb. Rusiya-Türkiyə arasında "təyyarə böhranı"nın yaşanması, İran-Səudiyyə Ərəbistanı arasında "dini məzhəbçilik" zəminində qarşıdurmanın baş verməsi,  bu və ya digər təsirlərlə neftin qiymətinin dəfələrlə aşağı düşməsi, eyni zamanda dolların digər milli valyutalara nisbətdə yüksək dəyər qazanması və s. davam edən bu kimi mənfi tendensiyalar heç də xoş gələcək vəd etmir. Böhranlı vəziyyət bütün ölkələrə bu və ya digər şəkildə öz təsirini göstərməkdədir. Bu halda əsl liderlik nümunəsi sərgiləyən dövlət başçıları belə vəziyyətdən öz ölkəsini, xalqını daha az itkilərlə çıxarmağa qadirdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırki vəziyyətdə də öz uzaqgörən və məqsədyönlü siyasətini davam etdirməkdədir. Bütün bu mənfi proseslərin Azərbaycana təsiri, çıxış yolları nədən ibarət ola bilər və s. suallar ətrafında Siyasi İnnovasiya və Texnologiyalar mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu ilə söhbət apardıq. SİA bu müsahibəni təqdim edir:

Mübariz müəllim, Azərbaycanda milli valyutanın dollar qarşısında kəskin dəyər itirməsi bəzi sosial-iqtisadi problemlərə gətirib çıxarıb. Azərbaycanın MDB məkanı ölkələri ilə daha sıx ticarət, iqtisadi əlaqələri mövcuddur. Bəs həmin ölkələrdə vəziyyət necədir?

Çox düzgün vurğuladınız ki, Azərbaycanın ən sıx əlaqələri olan ölkələr MDB ölkələridir. Belə sosial-iqtisadi problemlər təkcə Azərbaycanda deyil, MDB məkanında da  yaşanır. Bu mənfi proseslər digər MDB ölkələrində daha öncədən başlayıb. Ağırlaşma ilk olaraq Qazaxıstanda yaşandı, milli valyuta böyük dəyər itirdi və dərhal ardınca bu proses Rusiyaya da təsir etdi. Bu iki böyük və yaxın tərəfdaş ölkələrdə baş verən ağırlaşmanın mənfi təsirlərinə Azərbaycan dövləti bacardığı qədər müqavimət göstərdi. Amma bu qaçılmaz idi. Nəzərə alsaq ki, Qazaxıstan və Rusiya təbii ehtiyatlarına görə Azərbaycandan qat-qat böyükdür. Bu ölkələrdə adambaşına düşən neft-qaz ehtiyatı ölkəmizdən 3,5 dəfə daha çoxdur. Bu rəqəm Qazaxıstanda daha böyükdür. Belə vəziyyətdə Azərbaycan manatının hazırki vəziyyətini qənaətbəxş hesab etmək olar. Türkmənistan dünyanın 3 nəhəng neft-qaz dövlətindən biridir və xeyli ölkələrə öz sərvətini satmaqla məşğuldur. Ancaq hazırki böhran vəziyyətində bu ölkə əvvəllər öz əhalisinə pulsuz verdiyi qazı indi pul ilə satır. Hətta bəzi hallarda əhalisini qazla təmin etməkdə belə çətinlik çəkir. Bu ölkədə əhali dolları talonla alır. Müqayisə nəticəsi olaraq onu deyə bilərəm ki, Azərbaycan yaranmış vəziyyətə görə ən pis halda olan dövlət deyil. Ölkə rəhbərliyi adekvat addımlar atır.

Son günlər iki böyük dövlət-İran və Səudiyyə Ərəbistanı arasında dini məzhəbçilik zəminində və digər çarpışan maraqlar nəticəsində qarşıdurma yaşanmaqdadır. Azərbaycanda da bəzi qüvvələr dindən vasitə kimi istifadə etməyə adət ediblər. Sizcə bu hadisədən istifadə edib ölkədə hər hansı gərginlik yarada bilərlərmi?

Azərbaycanda sələfilərlə iranpərəst qüvvələr arasında qarşıdurmanın yaşanacağını gözləmirəm. Çünki sələfilər adekvat siyasi davranış manevrasına sahibdirlər. Onlar tədricən özlərini gücləndirmə taktikasını seçiblər. Siyasi proseslərə müdaxilə etmək kimi mövqe sərgiləmirlər. İranpərəst qüvvələrdən müəyyən aktivlik gözləyirəm. Lakin onların "motor" qüvvələri artıq ölkəmizdə azad fəaliyyət göstərə bilmirlər. Onlar ölkənin aidiyyatı qurumları tərəfindən zərərsizləşdirilib. Bu iki tərəf arasında nəzəri-ideoloji qarşıdurma yaşana bilər amma bunun hər hansı qanlı fazaya keçəcəyinə inanmıram. Azərbaycan dövləti ölkədəki dini vəziyyətə nəzarət edə bilir. Aidiyyatı qurumlar işlərini elə səmərəli və operativ qurublar ki, vaxtında önləyici tədbirlər görməyə qadirdirlər.

Son olaraq, bir çox ölkələrdə yaşanan və Azərbaycanı da əhatə edən böhranlı vəziyyətdən minimum itkilərlə çıxış yolu nədən ibarətdir?

Ölkə Prezidentinin Yeni illə bağlı xalqa müraciətində önəmli məsələlərə toxunması, qeyri-iş günləri olmasına baxmayaraq imzaladığı sərəncamlar, verdiyi fərmanlar onu sübut edir ki, cənab Prezident İlham Əliyev vəziyyətə nəzarət edir və müvafiq operativ müdaxilələrlə tənzimləmələr aparır. Dünyada baş verən siyasi və iqtisadi problemlərin Azərbaycana hansı təsirlər edəcəyini yaxşı bilən ölkə başçısı önləyici tədbirlər həyata keçirir. Mövcud vəziyyətdən minimum itkilərlə çıxmaq üçün tək yol xalqımızın ölkə başçısının ətrafında sıx birləşərək onun apardığı uzaqgörən və məqsədyönlü siyasəti dəstəkləməkdir. Eyni zamanda ictimai nəzarət gücləndirilməlidir. Hər bir vətəndaşımız belə çətin zamanlarda daha məsuliyyətli, intizamlı olmalı, öz davranışlarını adekvat vəziyyətə uyğunlaşdırmalıdır. Prezidentin təlimatlarına uyğun hərəkət edilməlidir. Xüsusilə, belə vəziyyətdə yüksək çinli məmurların üzərinə böyük məsuliyyət düşür. Onlar əllərindən gəldikləri qədər dövlət siyasətinin həyata keçirilməsində dəstək olmalıdırlar. Necə ki bir neçə il bundan öncə ancaq və ancaq öz şəxsi maraqlarını güdən məmurlarımız var idisə, baxmayaraq ki, dünya bazarında neftin qiyməti 3 dəfədən çox aşağı enib amma yenə də belə məmurlarımız var. Bu məmurlar yenə də aldadıcı məlumatlar verməklə məşğuldurlar. Onlar öz riyakarlıqlarını, xaricilər qarşısındakı öhdəliklərini, sabotajla məşğul olmağı atıb ölkə Prezidentindən nümunə götürərək, sadiqlik nümayiş etdirərək yalnız onun qarşısında öhdəlik daşımalıdırlar. Xalqımız isə ölkə başçısının apardığı siyasəti yaxından izləməklə ona uyğun hərəkət etməlidirlər. Yalnız bu halda biz hazırki böhranlı vəziyyətdən daha az itki ilə çıxmağa nail ola bilərik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31