“Yeni siyasi simaların arenaya çıxması ənənəvi liderləri ikinci plana atacaq”
Tural Abbaslı: “Ənənəvi müxalifətdən heç bir gözləntim yoxdur”
7 Yanvar 2016 12:47 Müsahibə"Çünki artıq uzun illərdir ki, onların uğursuz siyasətləri heç bir nəticə vermir"
Müsavat Partiyasının qalmaqallı qurultayından sonra partiyada baş verən kütləvi istefalar bu partiya üçün ciddi problem yaratsa da, lakin Müsavatdan ayrılanlar üçün bu uğurlu oldu. Yeni başqanın diktatorlara xas idarəçiliyinə etiraz edən bir qrup özünə yeni bir hərəkat təsis etdi. Əsasən gənclərdən ibarət olan qrup isə qısa müddətdə özünün "AĞ" Blok adlı qurumunu yaradaraq siyasi səhnəyə atıldı. Hazırda isə sözügedən blokun partiyaya çevrilməsi istiqamətində müvafiq işlər aparılır. Partiyanın təsis olunması, onun təşkilatlanması istiqamətində görülən işlər və qarşıda duran hədəflərlə bağlı "AĞ" Blokun təsisçisi, Müsavat Partiyasının Divanın sabiq üzvü Tural Abbaslı ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Tural Abbaslı təsis edəcəyi partiyaya qarşı keçmiş müttəfiqləri tərəfindən qısqanc münasibətin olub-olmayacağına da aydınlıq gətirib.
-Tural bəy, "AĞ" Blokun təşkilatlanması, partiyaya çevrilməsi istiqamətində işlər nə yerdədir?
-Biz bu il AĞ Blok olaraq artıq rəsmi qeydiyyatdan keçmiş partiya olmağı qarşımıza məqsəd qoymuşuq. Bildiyiniz kimi bu istiqamətdə biz artıq keçən ildən addımlar atırıq. İndiki məqamda daha çox təşkilatlanma və yeni qüvvələrin cəlb olunması ilə məşğuluq. Bu istiqamətdə görüşlərimiz və müzakirələrimiz davam edir. Hətta siyasi səhnədə uzun illərdir fəaliyyətdə olan bəzi insanlar və təşkilatlarla da müzakirələr aparırıq. Hazırkı situasiyada müxtəlilif variantlar və kombinasiyalar arasında seçim etməyə çalışırıq. Çalışacağıq ki, bu ilin ilk 6 ayında partiyamızı rəsmi şəkildə elan edək.
-Sizcə, gənclərin önə çıxmasını istəməyən siyasi partiyalar və onların rəhbərləri fəaliyyətinizə maneçilik törətməyəcəklər?
Onsuz da uzun illərdir ki, siyasi arenada yeni nəfəsə və yeni simalara ehtiyyac vardı. Qeyd etdiyim kimi artıq uzun müddətdir ki, hakim komandada olduğu kimi muxalif camiədə də yeni simalara tələb artıb. Mən deyərdim ki, bu artıq xalq tərəfindən sosial sifarişdir. Təbiidir ki, yeni siyasi simaların arenaya çıxması ənənəvi liderləri ikinci plana atacaq və ümumiyyətlə siyasi səhnədən siləcək. Odur ki, onların bu prossesə qısqanclığı və aqressivliyi haradasa başa düşüləndir. Biz əgər yeni bir dalğanın başlamasına təkan veririksə, bütün bu çətinlikləri nəzərə almalıyıq. Odur ki, onların bizə və quracağımız AĞ Partiyaya münasibəti bizə qətiyyən maraqlı deyil.
-Ümumiyyətlə, bu müddət ərzində keçmiş partiyadaşlarınız, müxalif partiyalar tərəfindən hansısa qısqanc münasibətlə qarşılaşmısınız?
-mən heç vaxt onun tərəfdarı olmamışam ki, kimsə qalxmalıdır və yerini mənə verməlidir. Burada sağlam rəqabət olmalıdır və bu rəqabət sayəsində hər kəsin yeri bəlli olmalıdır. Ancaq burada əsas və önəmli nüans məhz "sağlam rəqabət" olmalıdır.
-Bu il üçün ümumilikdə Azərbaycan müxalifətindən gözləntiləriniz nədir?
-Bu il üçün ənənəvi müxalifətdən heç bir gözləntim yoxdur. Çünki artıq uzun illərdir ki, onların uğursuz siyasətləri heç bir nəticə vermir. Onlar da bu siyasətdə heç bir dəyişiklik etmək istəmirlər. Nəinki dəyişiklik etmirlər, əksinə bu günə qədər minlərlə fədakar insanların əziyyəti bahasına əldə olunan gücü itirməklə məşğuldurlar. Onların partiyaları isə artıq hakimiyyət uğurunda deyil, varlıqlarını qorumaq uğurunda mübarizə aparırlar. Ancaq müxalifət arenasında xalqın inamını itirməmiş yeni potensiallı simalar mövqe tuta bilsələr nəsə canlanma və müsbət dəyişikliklər ola bilər.
-AĞ blok partiyaya çevriləcəyi təqdirdə ümummiilıli məsələlərdə hətta hakimiyyətlə belə əməkdaşlıq edəcəkmi?
-AĞ Partiya elan olunacağı təqdirdə Azərbaycanın bütün ümumimilli məsələlərində hər bir siyasi qüvvə ilə əməkdaşlıq edəcək. Bizim üçün Azərbaycanın və xalqın maraqları özümüzün bütün siyasi maraqlarımızdan daha çox üstündür. Hər bir siyasi quruluşun, partiyaların həmçinin də AĞ Partiyanın əsas məqsədi müstəqil, güclü və firavan Azərbaycan olmalıdır.
Süleyman