“2015-ci il bütün dünya üçün ağır il oldu”

Fəzail Ağamalı: “Başlanmış olan ağır iqtisadi durum, dünyanı bürüyən hərbi- siyasi böhran 2016-cı ildə də davam edəcək”

Cari ili başa vurmağa saylı anlar qalıb. Bu ldə nə itirdik, nə qazandıq, gələn il bizləri nələr gözləyir kimi suallar müxtəlif cür şərh olunur. Müsahibimiz millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır.

- Fəzail müəllim, artıq başa vurmaqda olduğumuz 2015-ci il bir sıra hadisələrlə yadda qaldı və onların da içərisində ən neqativlərindən biri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun ətrafında cərəyan edən hadisələr baş verdi. Bu hadisələr nəticəsində qanunsuzluqlara yol vermiş bir sıra şəxslər həbs olundu, işdən çıxarılanlar oldu. Ölkənin milli təhlükəsizlik sistemində nə baş verir?

- Bu, əvvəla, Azərbaycan dövlətinə, Azərbaycan xalqına və Eldar Mahmudova etimad göstərən ölkə Prezidentinə xəyanətdir. Bunun ayrı adı yoxdur. Kütləvi informasiya vasitələrinin vermiş olduğu çox məhdud informasiya, məlumatlardan da çıxarılan nəticə tükürpədicidir. Çünki dövlətin bel sütunu sayılan, cəmiyyətin, xalqın təhlükəsizliyində müstəsna rol oynayan bir qurumun rəhbəri, onun ətrafındakı bandanın törətmiş olduğu cinayətlərin izahını tapmaq mümkün deyil. Buradan çıxarılan ən mühüm və əhəmiyyətli nəticə bundan ibarət oldu ki, ölkə Prezidenti bir daha özünün Azərbaycan dövlətinə, onun müstəqilliyinə və Azərbaycan xalqına sədaqətini ortaya qoydu, o dəyərlərə, o istiqamətlərə bundan sonra da sədaqətlə xidmət edəcəyini bütün mənalarda nümayiş etdirdi.Həmçinin, nümayiş etdirdi ki, qanunsuzluğa yol verən hər bir kəs də Azərbaycan qanunları qarşısında hökmən cavab verməlidir. Kimsə qanunsuzluğa yol veribsə, ondan hansısa bir formada kənarda dura, kənara çəkilə, özünü qanundan kənar fövqəl bir insan kimi, fövqəl bir məmur kimi apara bilməz. Əlbəttə, bu xoşagəlməz, neqativ hadisə hər birimizdə də narahatçılıq, böyük təəssüf hissi doğurdu. Ancaq mən bundan öncəki açıqlamlarımda da həmin bandanın "anatomiyasının" mahiyyətinə uyğun olaraq onlara etik çərçivələrdə bütün ifadələri, bütün ittihamları söyləmişdim, onları ictimai rəyə gətirmişdim. Ancaq bununla bərabər biz keçmiş Milli Təhlükəsizlik Nazirlyində Azərbaycan dövlətinə, Azərbaycan xalqına sədəqətlə xidmət edən çoxsaylı insanların olduğunu da etiraf etməliyik. Buradakı çoxminli şəbəkənin heç də hamısı bu bandanın təsiri altında olmayıb, bu bandanın cinayətləri içərisində fəaliyyət göstərməyiblər. Bu baxımdan, tamamilə əminəm ki, artıq yaranmış olan yeni strukturlar səlahiyyətləri çərçivəsində öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər. Çıxarılan ən mühüm nəticələrdən biri də ondan ibarət oldu ki, hər bir məmur, yəni, ən yüksək səviyyədə prezidentin təyin etmiş olduğu dövlət xadimi Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında məsuliyyətini dərk etməlidir və Azərbaycan prezidentinə, onun etimadına xəyanət etməli deyil. Odur ki, baş vermiş neqativ, o xoşagəlməz hadisə Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti üçün, bütün məmurlar üçün çox ciddi bir örnək oldu.

- Bu kontekstdə başqa bir məsələyə - hazırda həbsdə olan, Eldar Mahmudovun cinayətlərində faktiki şərik oşmuş Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin birbaşa olmasa da, dolayısı ilə bəzi KİV-lərdə müdafiəsinin təşkil olunmasına münasibətiniz necədir?

- Əlbəttə, mənə elə gəlir ki, Cahangir Hacıyevi müdafiə edənlər elə Cahangir Hacıyevlə bərabər tutulmalıdır və bərabər də tutulanlardır.Yəni, onlar vaxtilə ya Cahangir Hacıyevin əməllərinin ört-basdır edilməsində iştirak ediblər və yaxud, zamanında Cahangir Hacıyevin parasıyla, köməyi ilə ərsəyə gələn o "müdafiəçilər" bu gün də o "missiyanı" yerinə yetirməkdədirlər. Heç bir halda da unutmaq olmaz ki, Cahangir Hacıyev haqqında həbs qətimkan tədbirinin seçilməsinə baxmayaraq, milyardlarla vəsaiti hələ də onun əlindən alınmayıb. O milyardlarla vəsait bu gün faktiki olaraq onun əməllərinin də, cinayətlərinin də ört-basdır edilməsinə yönəlməkdədir. Mən də qəzetlərin bəzilərindən oxuyuram və məni təəccüb bürüyür ki, Cahangir Hacıyev bütün günahları özündən kənara, daha doğrusu, maliyyə nazirinin üzərinə atır. Halbuki hamımız maliyyə naziri Samir Şərifovun nə dərəcədə ciddi, nəcib və təmiz bir insan olduğunu şahidiyik. Həmçinin, onun birinci müavini İlqar Fətizadənin adı heç zaman heç yerdə xoşagəlməz məqamlarda hallanmayıb. Yaxşı onda sual olunur: sən o layihəni qəbul eləmisən, o layihənin bütün detallarını müzakirədən keçirmisən, ekspertlərin səviyyəsində o layihəyə pul ayırma haqqını daha müsbət fikir üzərində cəmləmisən, sonra Müşahidə Şurasına müraciət etmisən ki, bu layihəyə filan qədər pul ayırmaq olar. İndi nəyə görə məsuliyyəti başqasının üzərinə atırsan? Axı, Cahangir Hacıyevin qərarı olmadan Müşahidə Şurasının heç bir halda Beynəlxalq Bankdan hətta 100 manat, 1000 manat dəyərində kredit ayırmaq hüququ yoxdur. Yəni, Cahangir Hacıyevin öz cinayətini İlqar Fətizadənin üzərinə atması, ondan sonra Samir Şərifovun üzərinə yönəltməsi özü heç bir ədalətə söykənmir. Bu bir daha cəmiyyəti aldatmaq və Cahangir Hacıyevin Azərbaycan dövlətinə qeyri-səmimi münasibətinin birbaşa göstəricisidir. Mən tamamilə əminəm ki, istintaqın gedişində onun bütün cinayət əməlləri təsdiq olunacaq, Cahangir Hacıyevin Eldar Mahmudovla bərabər Azərbaycan dövlətinə, onun iqtisadiyyatına, maliyyə sisteminə vurmuş olduğu zərbələr tamamilə üzə çıxacaq və Azərbaycan qanunları çərçivəsində o, öz cəzasını alacaq. Buna mənim qətiyyəm şübhəm yoxdur.

- Bildiyiniz kimi, 2015-cil il maliyyə-iqtisadi cəhətdən həm dünya, həm də elə ölkəmiz üçün çətin bir il oldu və bu çətinliklərin növbəti ildə də davam edəcəyi gözlənilir. Bu baxımdan, 2016-cı illə bağlı proqnozlarınız necədir?

- Mən proqnoz verməyi sevmirəm və heç zaman da fikirlərimi, düşüncələrimi güman üzərində qurmuram. Ancaq 2015-ci il bütün dünya üçün ağır il oldu. Bunun bir səbəbi də dünyada hegemonluq, geopolitik ambisiyaların reallaşması uğrunda gedən qarşıdurma və bu qarşıdurmanın hətta hərbi müstəviyə keçməsi, hərbi mütəviyə keçməklə bərabər bu böyük təbəddülatların, böyük qarşıdurmaların maliyyə, iqtisadi kataklizmlərlə, böhranlarla müşayiət olunmasıdır. Bəllidir ki, dünya iqtisadiyyatında neft amili çox ciddi rol oynayır. Və bir sıra ölkələr, heç şübhəsiz, öz iqtisadiyyatını neft amili üzərində qurur. Bu, Allahın vermiş olduğu təbii sərvətdir və bu təbii sərvətdən bəhrələnir, özünün problemlərini həll edir, iqtisadiyyatını qurur və sair və ilaxır. Belə bir vəziyyətdə son vaxtlar neftin qiymətinin durmadan böyük sürətlə aşağı düşməsi Azərbaycana da özünün mənfi təsirini göstərir. Pulun devalvasiyası da, ayrı-ayrı sahələrdəki qiymətlərin də artımı da bununla bağlıdır. Görünən budur ki, başlanmış olan bu ağır iqtisadi durum, dünyanı bürüyən böyük hərbi- siyasi böhranı 2016-cı ildə də davam edəcək. 2016-cı ildə xüsusilə, Rusiya ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərdə ikisindən biri digərini çökdürməli, oturtmalı olacaq öz məkanında. Görünən budur və bu prosesdə, əlbəttə, Azərbaycan da kənarda deyil. Biz, ümumiyyətlə, bundan sonra neft amilini yaddan çıxarmalıyıq, diqqətimizi daha çox özümüzün digər imkanlarımıza, potensialımıza yönəltməliyik. Azərbaycanın təbii imkanlarından, xüsusi olaraq, kənd təsərrüfatının, aqrar sektorun imkanlarından maksimum istifadə etməklə, bu sahəni daha da genişləndirməklə çalışmalıyıq ki, ölkəmiz bu ağır vəziyyətdən çox az itkiylə çıxa bilsin. Mən ümidvaram ki, belə də olacaq. Çünki ölkə Prezidentinin açıqlamaları kifayət qədər nikbindir və nəzərə alaq ki, valyuta ehtiyatlarımız da tükənməyib, kifayət qədər var. Azərbaycanda sahibkarlığının inkişafı ilə bağlı ölkə Prezidentinin iradəsinin ortalıqda olması, artıq ciddi xarakter daşıyan islahatlara geniş meydan açılması, "Lisenziyalar və icazələr" haqqında qanunun müzakirələrə çıxarılması və sair geniş şəkildə imkan verəcək ki, sahibkarlıq inkişaf etsin. Həmçinin, iqtisadiyyatın bütün sahələrində, həm maliyyə sistemində, həm vergi və gömrük sistemində ardıcıl sistemli aparılan və sürətlə aparılması zəruri olan islahatlar növbəti ildə Azərbaycanın tamamilə mövcud vəziyyətdən çıxmasını təmin edəcək, 2008-ci ildə olduğu kimi, dünyanı bürüyən maliyyə iqtisadi böhrandan Azərbaycan bir daha sığortalana biləcək.


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31