“Nə Qərb, nə də Rusiyanın Qarabağda müharibə başlamaq fikri var”
Arzu Nağıyev: “Azərbaycan –Ermənistan müharibəsi baş verərsə, torpaqların azad edilməsi o qədər də uzaqda olmayacaq”
29 Dekabr 2015 14:21 MüsahibəDağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlayacağı barədə müntəzəm olaraq müxtəlif mənbələr tərəfindən məlumatlar yayılır. Daha çox Rusiya tərəfindən ortaya atılan bu tipli xəbərlərdən daha biri bu günlərdə yenidən gündəmi zəbt edib. İddia olunur ki, 2016-cı ilin yanvar ayından etibarən cəbhə xəttində genişmiqyaslı hərbi əməliyyatlar başlayacaq. Bu arada Rusiya və Ermənistanın hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi barədə ümumu razılığa gəlməsi də təsadüfi hesab edilmir. Bəs görəsən ekspertlər bu barədə nə düşünür? 2016-cı ilin ilk aylarında Qarabağda növbəti savaşın başlaması mümkün görünürmü? Bu və ya digər suallarla bağlı siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.
-Arzu müəllim, kütləvi informasiya vasitələrində 2016-cı ilin yanvar ayında Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlayacağı barədə xəbərlər yayılıb. Belə bir hadisənin baş verməsi nə dərəcədə mümkün görünür?
-Düşünürəm ki, müharibənin başlanması məsələsini məqsədyönlü şəkildə əsasən Rusiya gündəmə gətirir. Bunun da öz səbəbləri var. Məqsədi də regionda nüfuz məsələsini qabartmaqla Ermənistanla tərəfdaş və müttəfiq olduğunu göstərməkdir. Onsuz da cəbhə xəttində hər gün atəşkəs pozulur, itkilər verilir. Bu elə müharibə deməkdir. Təbii ki, genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi zamanı artıq ağır texnikadan da istifadə edilir. Ancaq dərindən düşünəndə görünür ki, nə Rusiyanın, nə də Qərbin müharibəni başlamaq fikri var və bu məsələ danışıqlardan o yana keçməyəcək. Çünki bu müharibə başlasa, tək Azərbaycan Ermənistan deyil, regional müharibə olacaq. Hətta bunun bir hissəsi Orta Asiyaya da gedib çıxacaq. Əsası olan isə budur ki, Rusiya buna tab gətirə bilməz. Sadəcə olaraq, neftin qiymətinə təsir edə bilər. Təsəvvür edin, Ukrayna, Türkiyə, Suriya və s. cəbhələrdə sanksiyalarla üzləşən Rusiya necə müharibə apara bilər?
-Bildirilir ki, Ermənistan Rusiyanın təhriki ilə yeni müharibəyə cəlb olunacaq. Sizcə, Rusiya indiki vəziyyətdə belə bir situasiyanın yaranmasına maraqlı görünürmü?
-Bu il bir neçə dəfə Rusiyanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu geri qaytarmaq üçün Ermənistana təzyiqlər etməsi barədə xəbərlər dövriyyəyə buraxılması, hətta bu xəbərlərin Ermənistanda həyəcanla qarşılanması müəyyən ümidlər yaratmışdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı da Azərbaycan torpaqlarının işğaldan azad olunması haqqında Ermənistan mətbuatında müəyyən mövqelər səslənmişdir. Bu gün istər virtual, istər real super güclərin toqquşması baş verir. Kim daha nüfuzludur və Dağlıq Qarabağ münaqişəsini kim həll edəcək. Onun əsəs prinsipləridən biri burada həyata keçirilən mega layihələrdir. İstər iqtisadi, istər siyasi cəhətdən Rusiya ilin yarısına qədər yaxınlıqlar elədi. Lakin məsələ bir neçə rayonun qaytarılması, sülhməramlıların yerləşdirilməsi söhbətindən o tərəfə keçmədi.
-Bu ərəfədə Rusiya və Ermənistanın hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi barədə razılığa gəlməsi elə müharibə hazırlıqlarından xəbər vermirmi?
- Bilirsiniz, heç bu bəyanatdan əvvəl də Ermənistan öz hava məkanını qorumurdu və bunu Rusiya edirdi. Məqsəd də NATO və Rusiya sərhəddinin məhz Türkiyə-Ermənistan sərhəddi olması bəhanəsi idi. Artıq bunu etməklə Rusiya sərbəst şəkildə silah və sursat daşınmasını leqallaşdıra bilir və qanunsuz uçuşlarını da leqallaşdıracaqdır.
-Əgər cəbhədə savaş başlayacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələri bunun qarşısını ala biləcəkmi?
-Düşünürəm ki, Azərbaycan Ordusu bütün parametrlərdə ermənilərdən çox üstündür. Məlumdur ki, Azərbaycan-Ermənistan qarşıdurmasını istər hərbi yolla, istərsə də sülh yolu ilə həll etmək olardı. Lakin ən yaxşı müharibədənsə, sülh daha önəmlidir. Təbii ki, beynəlxalq normalar nəzərə alınmalıdır. İlk növbədə münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır. Bunu da Azəerbaycan Ordusu həll etmək iqtidarındadır.
-Belə bir vəziyyətdə Türkiyənin Azərbaycana hərbi dəstək verməsi nə dərəcədə mümkün ola bilər?
-Yəni Dağlıq Qarabağ münaqişəsi səbəb yox, bəhanə ola bilər. Çünki bu gün Türkiyə Azərbaycanla bir yerdə olması haqqında bəyanatlar verir, NATO ilə Rusiya arasında gərginlik var, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yəni bir sözlə müharibə başlasa, heç bir tərəf bundan yararlanmayacaq. Təbii ki, Azərbaycan -Ermənistan müharibəsi havadarsız baş verərsə, torpaqların azad edilməsi o qədər də uzaqda olmayacaq.
Kamal