Neft qiymətlərinin aşağı salınmasında hədəf Rusiyadır

Əlabbas Məhərrəmli: “ABŞ belə bir vəziyyətdə öz məqsədinə çatmaq üçün ondan asılı olan hər şeyi edir”

Dünya iqtisadiyyatında arzuedilməz mənfi tendensiya müşahidə edilir. İl ərzində neftin qiymətinin 3 dəfədən artıq aşağı düşməsi əsas neft ixrac edən ölkələr üçün ciddi problemlərə səbəb olub. Xüsusilə, indiyə qədər neft və digər enerji resurslarının satışından kifayət qədər gəlir əldə edərək iqtisadiyyatını dirçəldən Rusiya Federasiyası iqtisadi cəhətdən tənəzzül dövrünü yaşayır. Cərəyan edən proseslər onu deməyə əsas verir ki, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi heç də sırf iqtisadi amillərlə bağlı deyil və bu məsələdə siyasi maraqlar daha qabarıq şəkildə özünü göstərir. Belə ki, Ukrayna böhranından sonra Qərbin sanksiyaları qarşısında çətin vəziyyətə düşəcəyi gözlənilən Rusiyanın məhz neft gəlirləri hesabına ayaqda dura bilməsi, hətta Qərbə gövdə nümayiş etdirməsi Birləşmiş Ştatları razı sala bilməzdi. Ona görə də indiki vəziyyətdə Rusiyanı çökdürməyin yeganə yolu neft qiymətlərinin aşağı salınması idi ki, buna da Birləşmiş Ştatlar nail oldu. Bu arada uzun illərdən bəri bağlı saxladığı rezervləri açmağı qərarlaşdıran Birləşmiş Ştatların belə bir addım atmasının da başlıca səbəbi məhz Rusiya iqtisadiyyatını ciddi tənəzzülə uğratmaq idi. Burada mənfi məqamlardan biri isə ondan ibarətdir ki, Birləşmiş Ştatların neft qiymətlərinin aşağı salınaraq Rusiya iqtisadiyyatına zərbə vurmaq istəyi təkcə Moskvaya deyil, eləcə də digər neft ixrac edən ölkələrə təsirsiz ötüşmür. Bir qədər də dəqiqləşdirsək Birləşmiş Ştatların siyasi maraqlar naminə iqtisadi sahədə oynadığı oyun ümumilikdə dünya iqtisadiyyatına öz mənfi təsirini göstərir. Bəs görəsən bu barədə ekspertlər nə düşünür? Doğurdanmı neft siyasətinin arxasında məhz Birləşmiş Ştatların siyasi maraqları dayanır? Bu və digər suallarla bağlı müstəqil ekspert Əlabbas Məhərrəmli ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Əlabbas Məhərrəmli dünya bazarlarında neftin qiymətinin düşməsinin Azərbaycana mümkün mənfi təsirlərindən də danışıb.

- Əlabbas bəy, dünyada neftin qiymətinin sürətlə aşağı düşməsi sizcə Rusiya iqtisadiyyatını tənəzzülə uğratmağa hesablanmayıbmı?

-Əslində, Birləşmiş Ştatlarla Rusiyanın Ukraynada böhranın yaranması ilə başlanan qarşıdurmasında az qala bütün vasitələrdən istifadə olunur və bu sırada neft amili də var. Bilirsiniz ki, böyük dövlət olmasına baxmayaraq, Rusiyanın da iqtisadiyyatında neft böyük rol oynayır. Bu ölkənin gəlirlərinin böyük hissəsi neftdən asılıdır. Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinin istənilən nəticəni verməsi üçün Birləşmiş Ştatlar dünya bazarında neftin qiymətinin aşağı düşməsinə qərar verdi və ərəb ölkələri də bu işdə ona dəstək verərək, neft istehsalını artırdılar. Bundan başqa, İranın da dünya neft bazarına girməsinə şərait yaradaraq, neftin qiymətinin düşməsinə, yəni Rusiyanın gəlirlərinin azalmasına, böyük çətinliklə üzləşməsinə nail oldular. Amma təbii ki, bu proses Rusiya ilə yanaşı neft ölkələrinin hamısında, o cümlədən Azərbaycanda da ciddi problemlər yaradıb. Lakin əsas hədəf Rusiya Federasiyasıdır.

-Sizcə Birləşmiş Ştatların uzun illərdən bəri rezervlərini bağlı saxlayıb indi açıq elan etməsi də məhz bu məqsədə xidmət etmirmi?

- Bayaq da qeyd etdim ki, Birləşmiş Ştatlar İran kimi bir ölkənin dünyanın neft bazarına təkrar girməsinə şərait yaratmağa hazırlaşır. ABŞ belə bir vəziyyətdə öz məqsədinə çatmaq - yəni Rusiya iqtisadiyyatını çökdürmək üçün ondan asılı olan hər şeyi edir. O cümlədən, Birləşmiş Ştatların neft ixracatını bərpa etmək qərarı da bu məqsəddən irəli gəlir.

- Bununla Qərb, ABŞ Rusiya iqtisadiyyatına sarsıdıcı ölüm zərbəsi vura biləcəkmi?

- Dediyim kimi, Rusiyanın əsas gəlirlərinin mühüm hissəsini neft satışından əldə olunan vəsaitlər təşkil edir. Neftin qiymətinin az qala üç dəfə düşməsi əlbəttə ki, Rusiyaya ciddi mənfi təsir göstərib. Eyni zamanda, deməliyik ki, Birləşmiş Ştatların Rusiyaya qarşı təzyiqləri tək neftin qiymətinin salınması ilə məhdudlaşmır. O baxımdan, ABŞ-ın Rusiya iqtisadiyyatını sarsıtmaq siyasətinin nəticəsiz qalacağını düşünmürəm.

- Bu prosesdən ümumilikdə dünya iqtisadiyyatı hansı acı nəticələri görəcək?

-Dünya bazarında neftin qiymətinin düşünülmüş şəkildə aşağı salınmasının zərbəsi tək Rusiyaya dəymir. Bundan bütün neft ölkələri ziyan çəkir. Digər tərəfdən, bu proseslərin davamı olaraq, Birləşmiş Ştatlar dollarının da digər ölkələrin valyutalarına nisbətdə sürətlə möhkəmlənməsi başqa ölkələrin iqtisadiyyatına ciddi təsir göstərir. Azərbaycanın indi düşdüyü vəziyyət dediklərimin bariz nümunəsidir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31