Arzu Nağıyev: “Görüşün baş tutması regiondakı nüfuz məsələsi idi”
21 Dekabr 2015 16:43 MüsahibəPolitoloq Arzu Nağıyevin SİA-ya müsahibəsi
- Arzu müəllim, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı İsveçrədə keçirilən görüşünü ümumilikdə necə şərh etmək olar?
- Əvvəlcədən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bir çox mülahizələr var idi. Hətta ATƏT-in Minsk qrupunun nümayəndələri də bu barədə öz bəyanatlarını yaymışdılar. Cəbhədə vəziyyətin günbəgün gərgin vəziyyət alması görüşün özünün baş tutacağını sual altına alırdı. Bu görüşün baş tutması regiondakı nüfuz məsələsi idi. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu görüşün keçirilməsinin labüd olması ilə bağlı bir neçə dəfə təşəbbüs göstərmişdi. Lakin bunun əleyhinə olan digər qüvvələr də vardı. Bununla ABŞ regionda bu münaqişənin həllində öz nüfuzunu göstərməyə çalışırdı.
- Sizcə, danışıqlar xatirinə danışıqlar aparmağa dəyərmi?
- Mən belə deməzdim. Real sülh naminə görüşlər lazımdır. Bu görüşün təşkilinin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən ibarətdir. Sülh yolu ilə həll məqamları Madrid prinsipləri, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə apardığı görüşlərdə öz əksini tapıb. Bugünki gün bizim əsas məqsədimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə ərazi bütövlüyü məsələsi ilə başlamaqdır. Bu regionun ərazi bütövlüyünü həm Azərbaycan, həm Ermənistan qəbul etdikdən sonra digər məsələlərə qayıtmaq olar. Burada ən acınacaqlı məqam Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq qəbul etmək fikrinin olmamasıdır. Bu gün danışıqlar masasına əyləşdiyimiz zaman əsas məqsədimiz ərazi bütövlüyü məsələsinin təsbit olunmasıdır.
- Danışıqlar ərəfəsi və ondan sonra da cəbhədə Ermənistanın təxribatlarının artdığı müşahidə edilir. Bunun danışıqları pozmaq məqsədi daşıdığını demək olar?
- Hər gün şəhid verilir, artıq ağır texnikadan istifadə edilir. Regionda sabitlik pozulur. Rusiya-Türkiyə qarşıdurmasından sonra 102-ci briqadada canlı qüvvənin, texnikanın sayı artmaqdadır, balans pozulur. Bu da, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addım deyil. Bu gün regionda baş verə biləcək hər hansı qarşıdurma bütün dünyanın istər siyasi, istərsə də iqtisadi arenasına böyük təsirlər göstərir, regionda böyük ölkələrin maraqları və bu maraqlardan doğan qarşıdurması var.
- Danışıqların nəticəsiz qalması fonunda cəbhədə vəziyyətin gərginləşməsinə ATƏT-in Minsk qrupunun həmsədrlərinin seyirci yanaşması bu qurumun dəyərsizliyini bir daha ortaya qoymur ki?
- Bəli, Ermənistanın əsas məqsədi status-kvonun saxlanmasıdır. Təəssüf ki, bu status-kvonu uzatmaq nəinki Ermənistan, həmçinin onun havadarlarının da xeyrinədir. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri deklorativ addımlardan bir qədər dərinə gedə bilmirlər. Onlar heç bu gün də qəbul edə bilmirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, bu, BMT tərəfindən qəbul olunub. Son zamanlar cəbhədə qarşıdurma daha da gərginləşib.