“Müxalifətin planlaşdırdığı aksiyalar birmənalı şəkildə Birləşmiş Ştatların maraqlarına uyğundur” - MÜSAHİBƏ

Cümşüd Nuriyev: “Milli Məclisdə oturan deputatların əksəriyyəti elə yaman gündədir ki”

Sabiq millət vəkili Cümşüd Nuriyevin "OLAYLAR"-a müsahibəsi

-Cümşüd bəy, müxalifətin 2013-cü ilin prezident seçkiləri ilə bağlı hakimiyyətlə anlaşma əldə etməsi barədə yayılan məlumatlar nə dərəcədə həqiqəti əks etdirir? Ümumiyyətlə, seçki öncəsi belə bir prosesin baş tutması realdırmı?

-Bir sıra ölkələrdə zaman-zaman belə bir metodlardan istifadə edilib. Buna bir növ zondaş metodu deyilir. Ona görə də Azərbaycan müxalifətinin zondaş metodundan istifadə etməsi təqdirəlayiqdir, alqışlanmalıdır. Müxalifətin bu kəşfiyyat metodu Azərbaycan mətbuatı üçün bir qədər qeyri-ənənəvi olduğu üçün bu düzgün anlaşılmır.

-Deməli, İctimai Palatanın nəzərdə tutduğu kütləvi aksiyalar da görüntü xarakteri daşıyır?

-Hazırda dünyanın yeni düzəni formalaşmaqdadır. Bu düzənin əsas geostrateji həlqələrindən biri də Cənubi Qafqaz regionudur. Nəzərə çatdirim ki, bir müddət əvvəl amerikalı siyasətçi Corc Fridmanın "Növbəti 100 il" əsəri çapdan çıxıb. Həmin əsərdə də Qafqazın ələ keçirilməsində Türkiyənin xüsusi statusunun olacağı gündəmə gətirilib. Ümumiyyətlə, Türkiyə, Polşa və Yaponiyanın əli ilə bunlar Rusiyanı dağıtmaq planını gündəmə gətiriblər. Bu planın tərkib hissəsində Azərbaycan üçün də önəmli bir yer var. Bundan başqa həmin qüvvələr Azərbaycanın iqtisadi layihələrində pay sahibi olmaq istəyirlər. Çünki Azərbaycan ilk dəfədir ki, TANAP layihəsinə birbaşa investisiya qoymaqla onun idarəçiliyini əlində saxlayır. Birləşmiş Ştatlar və Qərb sözügedən layihədə pay sahibi olmaq istəyirlər. Ona görə də Azərbaycan iqtidarına bu cür təzyiqlər göstərilir. Başda Amerika olmaqla Qərb dövlətlərinin göstərdiyi təzyiqlər heç də həmin respublikalara demokratiya gətirmək məqsədini daşımır. Bu əsasən ABŞ-ın iqtisadi maraqlarını təmin edəcək və Birləşmiş Ştatlar hakimiyyətini hazırda maaliyələşdirən bir qrup insanların iqtisadi maraqlarına xidmət edəcək düşünülmüş bir gedişdir. Birləşmiş Ştatların Azərbaycana yeni təyin olunmuş səfirinin də məhz karbohidrogen yataqlarının daşınması və istifadəsi üzrə mütəxəssis olması da təsadüfi deyil. Diqqət yetirsək görərik ki, yeni səfir Azərbaycana gələn gündən əvvəlki diplomatlardan fərqli olaraq tamam başqa bir metodla işləyir. Amerikanın indiyə qədərki səfirləri Azərbaycanda bir general qubernator statusu ilə çıxış edirdilər. Ancaq Morniqstar daha təcrübəli diplomat olduğu üçün hələlik özünü müşahidəçi statusunda göstərməyə çalışır, heç bir şeyə qarışmır. Ancaq əslində o, daha çox Amerikaya lazım olan məsələləri Azərbaycanın içərisindən həll etməklə məğğuldur. Hesab edirəm ki, müxalifətin planlaşdırdığı aksiyalar da birmənalı şəkildə Birləşmiş Ştatların maraqlarına uyğundur. Amerikanın Azərbaycandakı sözçüsü isə Türkiyədir. Bu gün Qərbin hazırda çox ciddi problemləri var, avronu qoruya bilmirlər. Avropa İttifaqı dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Həmçinin Avropanın aparıcı dövlətləri, istər bu regionun iqtisadi lokomotivi olan Almaniya, istər düşünən beyni sayılan Fransa, istər ideya sahibi olazn İngiltərə, istərsə də Avropanın bir növ cığal övladı sayılan İtaliyanın maliyyə durumu çox çətindir. Ona görə də Avropanın Azərbaycanda yeganə marağı enerji təhlükəsizliyinin təmin olunması ilə bağlıdır.

-Birləşmiş Ştatların Gürcüstanda uduzması Amerikanın regiondakı maraqlarının təhlükə altına düşməsindən xəbər vermirmi?

-Təbii ki, Amerika Gürcüstanı uduzandan sonra Azərbaycanı əlində saxlamaq üçün hər cür variant fikirləşəcək. Artıq gedişdən görünür ki, Amerika strateqləri Azərbaycan üçün yeni bir layihə hazırlayıblar. Çünki Birləşmiş Ştatların Azərbaycan müxalifəti ilə də kifayət qədər problemləri var. O mənada ki, Azərbaycan müxalifəti onların ayırdığı vəsaitə uyğun hərəkət edə bilmədi. Əksinə Azərbaycan iqtidarının yürütdüyü siyasət müxalifətin həm Qərb, həm də xalqın gözündən düşməsi ilə nəticələndi. Hazırda isə yenidən müxalifəti diriltməyə göstərilən cəhdin arxasında Gürcüstanda yol verilən səhvlərin təkrarlanmaması niyyəti dayanır. Çünki Birləşmiş Ştatların İvanaşvilisi yoxdur ki, Azərbaycana transfer etsinlər. Yeganə variant Rəsul Quliyevdir ki, onun da Azərbaycana gəlmə ehtimalı sıfıra bərabərdir. Eyni zamanda Amerikanın Azərbaycanda Saakaşvilisi yoxdur. Belə olan halda Birləşmiş Ştatların yeganə çıxış yolu qalır ki, ölkə daxilində müxalifəti yenidən reanimasiyadan çıxarsın. Reanimasiyadan çıxardığı müxalifəti isə yenidən gündəmə gətirsin. Ancaq bu layihə heç də Azərbaycan üçün uğurlu alınmayacaq. Bir sözlə mitinqlərlə Azərbaycan iqtidarını qorxutmaq mümkün olmayacaq. Bunlar baş tutan şeylər deyil.

-Son vaxtlar gündəmi məşğul edən məlum videogörüntü olayının digər deputatları da silkələyəcəyi bildirilir. Sizcə, parlamentin digər üzvləri barədə də anoloji hallar ortaya çıxa bilərmi?

-Ümumiyyətlə, bu presidentin özü yaxşı hal deyil. Mətbuatdan bildiyimə görə, Elşad Abdullayev ayrı-ayrı adamlarla bağlı da şantaj dolu fikirlər səsləndirir. Onda belə bir video var, ya yox onu deyə bilmərəm. Hesab edirəm ki, istər daxildən, istərsə də xaricdən onu Azərbaycana qarşı yönəldən maraqlı qüvvələr var. Çünki bu Elşad Abdullayevin düşünə biləcəyi bir şey deyildi, o çoxdan Azərbaycandan qaçmışdı. Şübhə etmirəm ki, növbəti videoda istər dövlət məmurları, istərsə də millət vəkillərinin adı hallanmayacaq. Belə bir zəmanətim yoxdur. Elşad Abdulayev deyir ki, onda bir neçə saatlıq videogörüntülər var. Belə çıxır ki, Elşad Abdullayev rektor olmaq əvəzinə işi-gücü otaqda yazma olub. Bu Azərbaycan iqtidarını vurmaq üçün çox ustalıqla düşünülmüş bir variantdır. O ki, qaldı parlamentin digər deputatlarına, Milli Məclisdə oturan deputatların əksəriyyəti elə yaman gündədir ki, onları hansısa video ilə şantaj etməyin özü səviyyəsizlikdir. Çünki həmin deputatların əksəriyyəti biznes, alver adamlarıdır. Bu cür adamlsrın videosunu çəkib nəyisə sübut etmək səviyyəsizlikdir. Bütün halda bu cür videogörüntülərin olma ehtimalı çox yüksəkdir. Nəzərə alsaq ki, iqtidar daxilində müəyyən qüvvələr var və həmin qüvvələr bir-birini şantaj etmək üçün bəlkə də pulla bu cür görüntüləri Elşad Abdullayevə ötürəcəklər. Elşad Abdullayev də bu kimi materialları gündəmə gətirə bilər. Hesab edirəm ki, insanların özündən xəbərsiz görüntülərini qeydə almaq, onları şantaj etmək əxlaqsız bir siyasətdir. Bu kimi məsələlərdə ehtiyatlı olsaq daha yaxşıdır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31