Moskva və Ankara odla oynayırlar
Mirzə Xəzər: “Rusiya ilə Türkiyə arasında münaqişənin kəskinləşməsi, şübhəsiz, Azərbaycanı da xoşagəlməz vəziyyətə sala bilər”
7 Dekabr 2015 12:40 MüsahibəTəyyarə olayından sonra gərginləşən Türkiyə-Rusiya münasibətləri hər ötən gün bir qədər də kritik hal alır. İqtisadi sahədə bəzi məhdudiyyətlərin tətbiqi ilə başlanan gərginlik iki ölkənin qarşılıqlı olaraq gəmilər həbs etməsi ilə pik həddə çatıb. Artıq tərəflərin açıq savaşa başlayacaqları səslənən ehtimallar sırasındadır. Hətta bir sıra beynəlxalq hərbi ekspertlər bu savaşda hansı ölkənin qalib gələ biləcəyi ilə əlaqədar fikirlər də səsləndirirlər. Bəs görəsən təyyarə olayı doğurdan da Türkiyə-Rusiya savaşına gətirib çıxaracaqmı? Yaxud tərəflər arasında müharibə baş verəcəyi təqdirdə bu savaşın hər iki ölkənin qonşuları, Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycana hansı mənfi təsirləri olacaq? Bu və ya digər məsələlərlə bağlı siyasi analitik, publisist Mirzə Xəzərə müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Mirzə Xəzər Azərbaycanın Türkiyə-Rusiya münasibətlərinin normallaşması üçün vasitəçilik edə bilmək mümkünlüyündən də danışıb.
-Mirzə bəy, Rusiyaya məxsus qırıcı təyyarənin Türkiyənin hava məkanını pozmasına qarşılıq olaraq vurulmasından sonra meydana çıxan Ankara-Moskva gərginliyi tərəflər arasında ciddi qarşıdurma və hətta savaşa gətirib çıxara bilərmi?
-Tərəflər arasında qarşıdurma artıq mövcuddur. Daha ciddi qarşıdurma isə qaçınılmazdır. Bunun səbəbi isə çox sadədir. Rusiya Bəşər Əsəd rejiminin müttəfiqidir. Bu səbəbdən Rusiya Əsədə müxalif olan bütün silahlı qruplara qarşı savaşır. Türkiyə isə Bəşər Əsədə düşmən kəsilib. Bu səbəbdən Əsədə qarşı vuruşan müxalif silahlı dəstələri himayə edir, onları silah və sursatla təchiz edir. Bununla yanaşı, Ankara Türkmən dağı və Bayır Bucaq bölgəsində mövqe tutmuş türkmən və ərəb dəstələrini yaxından müdafiə edir və bu bölgəni Türkiyənin həyati əhəmiyyətə malik ərazi kimi hər vasitə ilə qorumaq niyyətində olduğunu dəfələrlə və rəsmi dildə izhar etmişdir. Beləliklə, mənzərə çox aydındır - bir tərəfdə Bəşər Əsəd və Rusiya, qarşı tərəfdə Türkiyə və onun müttəfiqi olan qüvvələr. Belə vəziyyətdə iki tərəf arasında qarşıdurmadan qaçınmaq mümkün deyildir. Yaxın gələcəkdə Rusiya ilə Türkiyə arasında toqquşmanın açıq müstəvidə olacağını təxmin etmək səhv olmazdı. Bunun bir neçə səbəbi var. Mənim fikrimcə Rusiya Suriyada yalnız hava bombardmanları ilə kifayətlənməyəcək və hansısa bir mərhələdə Suriyaya quru qoşunlar yeritmək qərarına gələcək. Bu baş verərsə, Türkiyə-Rusiya toqquşmasının qarşısını almaq mümkün olmayacaq. Birləşmiş Ştatlar və NATO-ya gəlincə, onların əl-qolu bağlıdır. Yəni ABŞ və NATO Suriyada "İslam Dövləti" ilə mübarizədə Rusiyaya möhtacdır. Buna görə onlar Türkiyə-Rusiya qarşıdurmasına mane ola bilməyəcəklər.
-İki ölkə arasındakı münasibətlərin gərginləşməsinin regiona, xüsusilə Azərbaycana hansı mənfi təsirləri ola bilər?
-Regionda vəziyyətin gərginləşməsi Azərbaycandan yan keçməyəcək. Azərbaycan bir tərəfdən Rusiyaya bağlıdırsa, digər tərəfdə Türkiyə ilə sıx dostluq əlaqələrini hifz edir. Rusiya ilə Türkiyə arasında münaqişənin kəskinləşməsi, şübhəsiz, Azərbaycanı da xoşagəlməz vəziyyətə sala bilər.
-Türkiyə ilə münasibətlərin gərginləşməsi Rusiya iqtisadiyyatı üçün hansı çətinliklərə yol açacaq?
-Türkiyə ilə münasibətlərin gərginləşməsi bir çox sahədə Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək. Lakin Vladimir Putinin bu çətinliklər üzündən öz mövqeyini yumşaldacağını düşünmək sadəlövhlük olar. Rusiya nəyin bahasına olur-olsun indiki xətti izləməkdə davam edəcək. Putinin geriyə addım atması, onun siyasi karyerasına ağır zərbə endirə bilər. Və Putin bilir ki, yalnız Türkiyə ilə ədavəti qızışdırmaqla xalq arasında öz reytinqini qaldıra bilər və eyni zamanda xalqı şovinist və millətçi şüarlar altında birləşdirə bilər.
-Azərbaycan bu prosesdə vasitəçilik rolunu oynaya bilərmi?
-İnanmıram. Azərbaycanın bu dueldən kənar qalması məsləhətdir. Moskva və Ankara odla oynayırlar. Azərbaycanın isə oda-alova ehtiyacı yoxdur.
Süleyman İsmayılbəyli