Türkiyə-Rusiya münasibətlərinin hazırkı vəziyyəti kənar güclərin təsiri ilə yaranıb
Elşad Mirbəşiroğlu: “Türkiyənin İslam dünyasında real gücə çevrilməyə başlaması Qərbi ciddi şəkildə şəkildə narahat edirdi”
3 Dekabr 2015 13:25 Müsahibə"Rusiya ilə Türkiyə arasında ciddi narazılığın yaradılması həm də Türkiyənin həm siyasi, həm iqtisadi cəhətdən zəiflədilməsinə hesablanıb"
Məlum təyyarə olayından sonra gərginləşən Türkiyə-Rusiya münasibətlərinin nizama salınması məqsədilə göstərilən təşəbbüslər hələlik müsbət nəticə vermir. Əksinə münasibətlərdə müşahidə edilən gərginlik hər ötən gün bir qədər də artır. Ankara-Moskva münasibətlərinin belə bir vəziyyət alması hər iki ölkənin yaxın qonşuları, eləcə də regiona da təsirsiz ötüşmür. Bəs görəsən Türkiyə-Rusiya münasibətlərinin yaxın vaxtda nizama salınması mümkündürmü? Xüsusilə bu məsələdə Azərbaycan tərəfi hansı rolu oynaya bilər. Bu və ya digər suallarla bağlı politoloq Elşad Mirbəşiroğlu ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Elşad Mirbəşiroğlu Ankara-Moskva münasibətlərinin gərginləşməsinin iki ölkənin iqtisadiyyatına mümkün mənfi təsirlərindən də danışıb.
-Elşad bəy, Türkiyə-Rusiya gərginliyi tərəflər arasında ciddi qarşıdurma və hətta savaşa gətirib çıxara bilərmi?
-Hesab edirəm ki, Türkiyə-Rusiya münasibətlərinin hazırkı vəziyyəti kənar güclərin təsiri ilə yaranmışdır. Bunu bir neçə aqrumentlə əsaslandırmaq mümkündür. Birincisi, son 1-2 ildə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda Rusiya-Türkiyə yaxınlaşması Qərbdə birmənalı qarşılanmırdı. Belə ki, Rusiya ilə Türkiyə arasında əlaqələrin genişləndirilməsi tendensiyası Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsirini ciddi şəkildə neytrallaşdıra bilərdi. Bildiyimiz kimi, Rusiya Türkiyə ilə enerji sahəsində daha genişmiqyaslı əməkdaşlığın reallaşdırılması istiqamətində addımlar atırdı. Bu baxımdan, Türkiyə-Rusiya münasibətlərində gərginliyin yaradılması Rusiyanı sanksiyalarla "boğmağa" çalışan Qərbin maraqlarına tam uyğun idi. İkincisi, Qərb regionda Türkiyənin söz sahibi olmasını birmənalı olaraq istəmir. Türkiyənin İslam dünyasında real gücə çevrilməyə başlaması Qərbi ciddi şəkildə şəkildə narahat edirdi. Bu baxımdan, Rusiya ilə Türkiyə arasında ciddi narazılığın yaradılması həm də Türkiyənin həm siyasi, həm iqtisadi cəhətdən zəiflədilməsinə hesablanmışdır. Rusiyalı turistlərin Misirə alternativ olaraq Türkiyəyə üz tutacağı təqdirdə Türkiyə iqtisadiyyatı əlavə böyük həcmdə gəlir əldə edərdi. Deməli, Qərb həm də Türkiyəni bu gəlirdən məhrum etdi. Üçüncüsü, Birləşmiş Ştatlar başda olmaqla, Qərb Rusiyanı Türkiyənin əli ilə cəzalandırmağa çalışır. Türkiyə ilə Rusiya arasında açıq savaşın baş verəcəyini isə real saymıram.
-İki ölkə arasındakı münasibətlərin gərginləşməsinin regiona hansı mənfi təsirləri ola bilər?
-Rusiyanın İŞİD-ə sarsıdıcı zərbələr endirməsi bütövlükdə ABŞ-ın "Yaxın Şərq" strategiyasını iflas edə bilər. Bununla da NATO birbaşa deyil, məhz Türkiyə vasitəsilə Rusiyaya "öz yerini" gösərməyə çalışdı.
-Türkiyə ilə münasibətlərin gərginləşməsi Rusiya iqtisadiyyatı üçün hansı çətinliklərə yol açacaq?
-Tərəflərin biri-birilərinə qarşı sərt reaksiyasını müvəqqəti hesab edirəm. Rusiyanın Türkiyəyə qarşı tətbiq etmək istədiyi sanksiyalar da müvəqqəti xarakterli olacaqdır. Çünki, Rusiya-Türkiyə münasibətlərindəki hazırkı vəziyyət tərəflərdən heç birinin maraqlarına cavab vermir. Artıq qeyd etdiyim kimi, münasibətlərin gərginləşməsindən Türkiyə iqtisadiyyatının ciddi zərər görməsi ilə yanaşı bu Rusiya üçün də təsirsiz ötüşməyəcək. Türkiyənin boğazları bağlayacağı halda isə Rusiyanın Suriyadakı hərbi fəaliyyəti ciddi şəkildə çətinləşəcək.
-Bəs, proseslərin Azərbaycana təsirləri mümkündürmü?
-Qeyd edim ki, Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi Azərbaycana birbaşa mənfi təsir göstərməsə də, bütün hallarda Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması ölkəmizin xeyrinədir. Çünki, biz həm Rusiya ilə, həm də Türkiyə ilə sıx qarşılıqlı əlaqələrə malikik. Hər iki ölkə ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir.
-Azərbaycan bu prosesdə vasitəçilik rolunu oynaya bilərmi?
-Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində ən uğurlu vasitəçiliyi məhz Azərbaycan həyata keçirə bilər. Azərbaycan dövlətinin və dövlət başçısı İlham Əliyev cənablarının nüfuzu ölkəmizin Türkiyə-Rusiya arasındakı gərginliyin yumşaldılması və aradan qaldırılması üçün real addımlar atmağa tam imkan verir.
Süleyman