“Həqiqi və haqq olan din dövlətçiliyə qarşı çıxmaz”
Tahir Abbaslı: “Xalqla hakimiyyət arasında barışıq yaradar”
2 Dekabr 2015 13:04 MüsahibəSon günlər ölkədə radikal dini qruplaşmaların fəallaşması, eləcə də Nardaran hadisələri ilə bağlı İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslının "OLAYLAR"-a müsahibəsi
-Tahir bəy, bir neçə gün əvvəl Nardaranda baş verən məlum insidenti doğuran səbəblər nədən ibarət idi?
-Bismilləhir rahmənir rahim. Əsasən hökumətlə nəzarətsiz gənclər arasında anlaşılmazlıq, gənclərin siyasi savadsızlıqları və yiyəsizlikləri ucbatından vətənimiz, dövlətimiz və millətimiz üçün ağır hadisə baş verib. Təxminən 25 il əvvəl olduğu kimi, yenə də Nardaran kənd camaatının reallığı, ictimai-siyasi durumu, dövlətin problemlərini hələ də dəyərləndirmədiklərini xüsusilə qeyd etmək istəyirəm. Dövlət üçün belə həssas məqamda dindarlar tərəfindən keçirilən istər böyük, istərsə də kiçik tədbirlərin dövlət tərəfindən nəzarət altında olduğunu bilməlidilər. Məscidlərdən kənarda keçirilən tədbirlər haqqında məlumat verilməməsi və təhlükəsizlik haqqında dövlətdən kömək istənilməməsi də əsas səbəblərdəndir. Ən əsas səbəb isə gənclərin həssas yaşlarında sahibsiz, ağsaqqalsız və yiyəsiz olmasıdır ki, onları dur deyib təhlükəli anlarlardan qorusunlar. Əlbəttə bu qarşudurmadan dinc yolla qaçmaq mümkün idi. Nardaranlıların deputatları Eldar Quliyev və Ziyad Səmədzadənin fəaliyyətsizlikləri ucbatından kəndin sosial durumu və milli mənəvi dəyərləri haqda dövlətə yardımçı ola bilməməkləri də səbəblərdəndi.
-Bu hadisələrdən sonra Gəncə və Lənkəranda da anoloji hadisəyə cəhdlərin olması nədən xəbər verir?
-İŞİD adı altında cinayətkar dəstələrin müsəlman ölkələrinə basqısı, ciddi narahatçılıq yaratsa da, siyasi maraqlar naminə sui-istifadəyə səbəb olmamalıdır. Hər nə qədər təhlükəli olsa da, vətəndaşlarımıza qarşı dözümlülük və həlimlik münasibəti göstərməyə cəhd olunmalıdır. Məsəl var; Qananın qanmaza borcu var. İnsanlarımızı düşündürmək üçün yaxşı nümunələr sərgiləməklə qarşıdurmalardan qaçmaq lazımdır. Hər kəslə öz dilində danışmağı öyrənmək lazımdır. Bu günümüzün tələbidir. Əks təqdirdə belə davranışlara səriştəsizlik adı vermək olar. İnsanların həyatları ilə qəzəb və nifrətlə rəftar etmək Allahın xoşuna gəlmir və cəzası ağır olar.
-Ümumiyyətlə Azərbaycanda dini zəmində ciddi qarşıdurma mümkündürmü?
-Qətiyyətlə demək mümkündür ki, həqiqi və haqq olan din dövlətçiliyə qarşı çıxmaz və xalqla hakimiyyət arasında barışıq yaradar. Amma yanlış təfəkkürdən düşmənlər sui-istifadə edib qarşıdurma yarada bilərlər. Sadaladığınz bölgələrdən belə süni qarşıdurmaların olması inandlrıcı deyil və olmaz da. Yanlış dini təfəkkürlərin (vəhhabi, nurçu və İŞİD) ölkəmizdə ayaq açıb vətandaşlarımızı qorxu içində saxlaması arzu olunan deyil. Ona görə də dövlətin proflaktik tədbirlər görməsinə əsas verir. Hər halda xalqımızın və dövlətimizin təhlükəsizliyi fərdi və qrup maraqlarından üstündür. Sabiq MT naziri və onun komandasının işlərindən azad edilməsi və cinayət məsuliyyətinə cəlb olunması də yanlış təfəkkürlərin zərərsizləşdirilməsinə xidmət edən tədbirlərin tərkib hissəsidir. Allah xalqımızı və dövlətimizi xəlardan və bəlalardan qorusun.
Süleyman