“Müxalifət partiyaları YAP-la da əməkdaşlıq edə bilər”

Ramil Hüseynov: “Müxalifət o halda vahid quvvə kimi fəaliyyət göstərə bilər ki,….”

"Dövlətin gələcəyini, millətini duşunər"

Parlament seçkilərindən sonrakı dövrdə bir sıra müxalifət partiyaların fəaliyyətində passivlik müşahidə edilməkdədir. Bəziləri bunu seçkilərdəki uğursuzluqla əlaqələndirdiyi halda, digər bir qisim siyasi səhnədə aktiv proseslərin cərəyan etməməsi ilə xarakterizə edir. Seçkilərdən sonrakı dövrdə o qədər də aktiv siyasi fəaliyyət göstərməyən partiyalardan biri də Vətəndaş və İnkişaf Partiyasıdır. Partiyanın sədr müavini Ramil Hüseynovla söhbətimizdə bunun səbəbləri, VİP-in bundan sonra qarşısına qoyduğu hədəflər barədə danışdıq.

-Ramil bəy, parlament seçkilərindən sonrakı dövrdə Vətəndaş və İnkişaf Partiyasının qarşısına qoyduğu məqsəd və vəzifələr nədən ibarətdir?

-Əslində parlament seçkiləri bizim partiya üçün hələ bitməyib. Çünki seçkilərlə bağlı partiyanın sədri haqlı olaraq məhkəmə proseslərini davam etdirir. Həm seçkilərdən əvvəl, həm də seçki günü baş verən pozuntularla bağlı iki mərhələdən ibarət məhkəmə orqanlarına müraciət olunub. Qanunun imkan verdiyi bütün instansiyalardan biz huquqi cavablarımızı alacağıq. O cavablar bizi qane etməsə belə, bu mərhələləri keçəcəyik . Konkret olaraq Yasamal 15-ci dairəsində mən şəxsən seçkinin gedişatında iştrak etmişəm bu pozuntuları həyata keçirənlər əslində dərhal həbs olunmalıdı. İnanıram ki, o insanlar mütləq qanun qarşısında cavab verəcəklər. Buna baxmayaraq hesab etmirəm ki, bizim seçkidən əvvəl qarsımıza qoyduğumuz məqsədlərdə hansısa bir ciddi dəyişiklik olacaq. Partiya olaraq bizim üçün mustəqilliyimiz, suverinliyimiz, dövət maraqları həmişə öndə olub. Kiminsə yanlış informasiyalar nəticəsində məcburiyyətdən ədalətsiz qəbul etdiyi qərar bizi bu yoldan sapdıra bilməz. Bəzi xırda məmurların, şəxslərin atdığı addımlar mövqeyimizdə dəyişiklik yarda bilməz. Hesab edirəm ki, biz düz bildiyimiz yolu davam edəcəyik. Yaxın zamanlarda partiyanın rəhbər orqanlarının toplantısı olacaq və bütün baş verən hadisələrə qiymət veriləcək, gələcək planlarla bağlı konkret qərarlarımız olacaq.

-VİP-in də üz olduğu "Azadlıq-2015" seçki bloku buraxıldıqdan sonra partiya olaraq yeni əməkdaşlıq imkanları barədə düşünürsünüzmü?

-"Azadlıq-2015" seçki bloku buraxılsa da, blokda olan partiyalarla hələ ki, əməkdaşlıq davam edir. Düşünürəm ki, siyasi əməkdaşlıq məsələsi siyasi maraqlardan doğur. Ölkədə sabah elə bir siyasi şərait yarana bilər ki, müxalifət partiyaları hakim Yeni Azərbaycan Partiyası ilə də əməkdaşlıq edə bilər. Çünki bu gün dünyada baş verən hadisələr, qlobal problemlər sabah bunu diqtə edər və həm müxalifət, həm də iqtidar buna məcbur olar. Qeyd etdiyim kimi partiyanın səlahiyyətli qurumları yaxın gələcəkdə toplaşacaq, təşkilatın, o cümlədən əməkdaşlıq formatları və gələcək perspektivlərlə bağlı qərarlar qəbul ediləcək.

-Hər ötən seçkilərdə müxalifətin məğlub olması bu düşərgənin tədricən sıradan çıxması və siyasi səhnədən uzaqlaşması ilə nəticələnə bilərmi?

-Müxalifətin sıradan çıxması heç də iqtidara yaxşı gələcək vəd etmir. Bu çox təhlükəli tendesiyadır. Mən müxalifətin seçkidən seçkiyə zəifləməsini qəbul edirəm. Lakin bunun obyektiv səbəbləri var. Bu gün bu iqtidardakı kimlərinsə maraqlarına xidmət edir. Ancaq həmin şəxslər unutmasın ki, müxalifət zəiflədikcə onların özləri də daha çox cılızlaşır, zəifləyir və tədricən müxalifətlə birgə dediyiniz kimi sıradan çıxırlar. Bu gün ola bilər ki, o addımları ilə özlərini güclü hesab edirlər. Reallıq ondan ibarətdir ki, zəif olan siyasi rəqiblərini həmişə zəiflətməyə çalışır. Parlament qanunverici orqandı, qanun istehsal edir ki, bu dövlətini maraqları yüksək səviyyədə qorunsun, millətin sosial iqtisadi inkşafı təmin edilsin. Ancaq elə insanlar var ki, ancaq öz bizneslərini inkşaf etdirmək üçün orada təmsil olunmaq istəyirlər və statuslarından istifadə edib onlara tapşırıq verən ağalarının dəstəyi ilə ölkədə monopoliya yaradırlar. Bu da gətirib ölkənin iqtisadi inkşafını bərbad gunə qoyur. Çünki onlar bazar təfəkkurlu, inteluktual səviyyələri aşağı olan, bir dəfə belə o tribunadan səsi çıxmayan, nə savadı, nə də buna cəsarəti çatmayan parlamentarilərdir. Təbii ki, orada kifayət qədər hörmət etdiyim yuksək intelektə malik millət vəkillərimiz də var. Hesab edirəm ki, bəziləri nədən o kresloda oturdaqlarını özlərinə sual verdikdə cavablarını tapa bilmirlər. 2013-cü ilin prezident seçkilərində KİV-lərdə təşkil eilən debatlarda yalnız Zahid Orucun əks tərəfə cavablarını sərrast, məntiqli və intelektual hesab etdim. Ümumiyyətlə, bu gün görünən mənzərə ondan ibarətdir ki, ölkədə işləyən yalnız president İlham Əliyevdir. Prezident nə zaman hansısa bir sahədə mövcud olan problemlər barədə danışsa, o zaman digər qurumlar hərəkətə keçir. Məgər hər bir xırda məsələyə belə dövlət başçısı müdaxilə etməlidir?

-Bəs müxalifətin zəifləməsində bu düşərgəyə daxil olan partiyaların rolu nə dərəcədədir?

-Onunla da razıyam ki, müxalifətdə bəzi nanəciblərin fəaliyyəti də bu proseslərdə önəmli rol oynayır. O cür müxalifətin sıradan çıxması yox, ümumiyyələ yox olmasının tərəfdarıyam.

-Bəs bundan sonra müxalifətin yenidən toparlanıb vahid qüvvə kimi fəaliyyət göstərməsi mümkündürmü?

-Müxalifət o halda vahid quvvə kimi fəaliyyət göstərə bilər ki, dövlətin gələcəyini, millətini duşunər. Özünün və ailəsini təminatını ödəməyə çalışanlar heç zaman vahid qüvvə formalaşdıra bilməz. Ümid edirəm ki o, qüvvələr ki, şəxsi maraqları kənara qoymağı bacarır, dövlətin maraqlarını hər şeydən üstün tutur, onlar vahid komanda kimi birləşəcək. Bu cür müxalifət mövcuddur və yaxın gələcəkdə bunun şahidi olacağıq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31