Türkmənlər Suriyanın gələcəyində yer alacaq

Hasan Oktay: “Buna kimsə əngəl ola bilməz”

"Yeni dünya düzənində Türkiyə və Rusiyanı təcrid etmək siyasətini həyata keçirənlər həm türkləri, həm də rusları dünya xəritəsindən silmək istəyirlər"

Suriya problemi ilə onsuz da gərgin olan Yaxın Şərq indi əsl barıt çəlləyini xatırladır. Artıq Əsəd onun devrilməsini istəyənlərlə rejim tərəfdarları arasında olan qüvvələr üçün ikinci plana keçib. Hazırda başlıca mübarizə Suriyaya kimin nəzarət edə biləcəyi uğrunda gedir. Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması ilə Birləşmiş Ştatlar və Qərbin bu ölkə ilə bağlı planlarının zərbə altında qalması ikinciləri alternativ plana əl atmasına rəvac verdi. Alternativ plan isə Rusiyanı hansısa bir ölkə ilə Suriyada üz-üzə qoymaq idi və buna da nail olundu. Beləliklə bir güllə ilə iki quş vurmağı adət etmiş Birləşmiş Ştatlar və Qərb Suriya məsələsində Rusiya ilə Türkiyəni üzə-üzə qoydu. Xəbərlərdən də aydın olduğu ki, ötən gün Türkiyənin hava sərhəddini pozan Rusiya qırıcı təyyarəsinin birinci tərəfindən vurulması Ankara ilə Moskva arasında ciddi gərginliyə səbəb olub. Türkiyənin hava sərhəddini pozmasına baxmayaraq Ankaranın cavabının ağır olacağını bəyanlayan Rusiyanın bundan sonra hansı addımlar atacağı, təyyarə olayının Ankara ilə Moskva arasında savaşa belə səbəb olub-olmayacağı indi gündəmin əsas müzakirə mövzularından biridir. Bəs görəsən bu barədə ekspertlər nə düşünür? Məsələ ilə bağlı Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFQAZSAM) sədri Hasan Oktayla söhbətləşdik. Mərkəz sədri "OLAYLAR"-a verdiyi müsahibədə bundan sonra cərəyan edəcək proseslər barədə danışıb.

-Hasan bəy, Türkiyəylə Rusiya arasında yaşanan gərginlik hansı problemlərə yol aça bilər? 

-Rusiyanın qırıcı təyyarəsi gözlənildiyi kimi vuruldu. Rusiya Suriyada hava əməliyyatları keçirdiyi vaxtdan indiyə qədər bu ölkənin qırıcı təyyarələri 10 dəfə Türkiyə dövlətinin hava məkanını pozub. Hər dəfə Rusiya bu məsələdə məlumatlandırılsa da, buna əhəmiyyət verilməyib. Bütün bunların qarşılığında yenidən Türkiyənin hava məkanı Rusiya tərəfindən pozulduğu üçün bu ölkəyə məxsus qırıcı təyyarəsi vurulmaq məcburiyyətində qalıb. Görünən odur ki, Suriya nə Rusiyanın, nə də Türkiyənin bir nömrəli problemi olmadığına rəğmən olay rus türk savaşına çevrildi. Bu iki dövlət mövcud problemi aradan qaldırmaq üçün ağılla, təmkinlə hərəkət etməlidir. Əks təqdirdə Rusiya və Türkiyə savaşı qapıda olacaq. 

-Sizcə Rusiya təyyarəsinin vurulmasının cavabı nə olacaq? 

-Bu sualın cavabı hər kəsi maraqlandırır. Amma İran və Birləşmiş Ştatlar bu sualın cavabını ən yaxşı bilən dövlətlərin önündə gəlir. Suriya məsələsində İran və Amerikanın qarşı-qarşıya gəlməsi gözlənildiyi halda bu iki dövlət aradan sıyrıldı və nəticədə Türkiyə ilə Rusiya qarşı-qarşıya qaldı. Ona görə də həm Türkiyə, həm də Rusiya ağılla hərəkət etməlidir. Bu birinci dərəcədə nə Rusiyanın, nə də Türkiyənin savaşıdır. Hesab edirəm ki, Qərblə İran anlaşaraq Türkiyə və Rusiyanı vuruşduracaq ə beləliklə də proseslərdən təcrid edəcəklər. Düşünürəm ki, bu təhlikəli oyuna gedilməməlidir. 

-Bəs bu arada Suriyada türkmənlərin qətliamına dünya nə üçün göz yumur? 

-Türkmənlər Suriyada yaxın vaxtlarda qurulacaq yeni hakimiyyətdə ən böyük söz sahibi olma ehtimalı olan topluluq olduğu üçün indidən onları bu prosesdən təcrid etmək istəyirlər. Suriya Türkiyə və Rusiyanın birinci dərəcəli məsələsi olmadığı bir savaşda ən böyük sıxıntı çəkəcək ölkə oldu. Suriya onsuz da yenidən qurulacaq. Amma bunu Rusiya ilə Türkiyənin başbaşa verərək birgə qurması lazım olduğu halda iki ölkə arasında bilərəkdən gərginlik yaradılır. Bununla da həm Türkiyə, həm də Rusiya gələcək proseslərdən, Suriyanın yenidən qurulmasından planlı şəkildə təcrid olunur. Türkmənlər Suriyanın gələcəyində onsuz da yer alacaq və buna kimsə əngəl ola bilməz. 

-Sizə elə gəlmirmi ki, bu Qərbin müsəlmanlara, türklərə qarşı bir soyqırımıdır? 

-Qərb bloku sadəcə türklərə qarşı deyil, ruslara da qarşı bir savaş aparır. Dolayısıyla yeni dünya düzənində Türkiyə və Rusiyanı təcrid etmək siyasətini həyata keçirənlər həm türkləri, həm də rusları dünya xəritəsindən silmək istəyirlər.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31