“İŞİD üçün Azərbaycan və ya digər dövlət məhfumu yoxdur”

Arzu Nağıyev: “Onlar hər yerdə var, ola bilərlər”

Türkiyəni ciddi cəhdlə İŞİD terror təşkilatına qarşı mübarizətə cəlb etməklə onu terror təşkilatının hədəfinə çevirməyə çalışan Qərb, indi də eyni oyunu Azərbaycan üçün hazırlamaqdadır. Müntəzəm olaraq İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlarda Azərbaycanın adının hallandırılması da məhz bu məqsədə xidmət edir. Bir müddət əvvəl Rusiyanın Xəzər dənizindən İŞİD mövqelərini vurması və hava zərbələrini endirən gəminin kapitanın azərbaycanlı olması barədə informasiyanın gündəmə gəlməsi, son günlər yenidən xarici KİV-lərdə oxşar məlumatların yer alması təsadüfi sayıla bilməz. Görünən odur ki, Qərbin qarşısında duran yeganə məqsəd indi də Azərbaycanı İŞİD-in hədəfinə çevirməkdir. Bəs görəsən bu nə dərəcədə mümkün olacaq və qeyd edilən məlumatların yayılmasında məqsəd nədir? Bu və ya digər suallarla bağlı siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.

-Arzu müəllim, artıq ikinci dəfədir ki, İŞİD mövqelərinin vurulmasında Azərbaycanın adı hallandırılır. Sizcə burda məqsəd nədir və planlı şəkildə Azərbaycanın da İŞİD-in hədəfinə çevriməyə cəhd edilmirmi?

-Yəqin ki, burada son vaxtlar Rusiya hərbiçilərinin, daha döğrusu dəniz qüvvələrinin Xəzər dənizindən atdığı raketlər nəzərdə tutulur. Bu raketlər Azərbaycan ərazisindən atılmayıb və atılsa da, bu məsələ terrorla mübarizə sahəsində aparılan hərbi əməliyyatlardır. Digər təfədən Azərbaycan illər boyu terrora və təcavüzə məruz qalan bir ölkədir, daima buna qarşı mübarizə aparıb və aparacaqdır. Adlarını müxtəlif cür qoyan terrorçular və ya onların havadarları tək Azərbaycanın yox, bütün bəşəriyyətin düşmənidirlər və burda da hər hansı qorxudan söhbət gedə bilməz. Məhz buna görə də hansısa siyasi məqsədlər axtarmaq olmaz. Fakt odur ki, bütün proseslər bizim sərhədlərdən çox da uzaq olmayan ərazilərdə gedir və buna hazır olmaq lazımdır.

-Paris terrorundan sonra İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlar terror təşkilatını bir qədər də aqressivləşdirməyəcəkmi?

-Dəfələrlə qeyd edilib ki, dini radikalizmlə bağlı olan bütün terror təşkilatları milli və dövlət təhlükəsizliyinə təhdidin bir növüdür. Bu təşkilatların maliyyə mənbəyini kəsmək və rüşeymdə məhv etmək lazımdır. Təbii ki, İslami dəyərlərə də hörmətlə

yanaşmaq vacib məsələdir. Fransada baş verən son hadisələr bir daha humanizmlə demokratiyanın, özbaşnalığın, xüsusi xidmət orqanlarının yarıtmaz işlərinin təzahürünün nə ilə nəticələnə biləcəyini ortaya qoydu. Dövlət və dövlətçiliyə qarşı yönələn istənilən aqressiyaya qarşı mübarizə aparmaq lazımdır.

-Ümumiyyətlə, İŞİD-in Azərbaycanı hədəf seçməsi nə dərəcədə mümkündür?

-Qeyd edildiyi kimi İŞİD üçün Azərbaycan və ya digər dövlət məhfumu yoxdur. Onlar hər yerdə var, ola bilərlər. Sadəcə adları müxtəlifdir. İstər şimal sərhədlərimizə yaxın ərazilərdə, istərsə də cənubda bunlara bənzər və eyni məram və məqsədli qruplar mövcuddur. Düşünürəm ki, Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları belə qurumlarla mübarizəni daha da gücləndirməli və eyni zamanda aidiyyatı qurumlar da maarifləndirmə işini genişləndirməlidirlər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31