Azərbaycanda sabitliyin pozulması üçün dini amildən istifadəyə cəhdlər olunur
Əlabbas Məhərrəmli: “Bunun da arxasında məlum xarici dairələr dayanır”
16 Noyabr 2015 12:26 Müsahibə"Güman etmirəm ki, məhdud çevrələrin aksiyaları geniş qarşıdurmaya səbəb olsun"
Son günlər dünyada və yaşadığımız regionda bir-birindən maraqlı proseslər cərəyan etməkdədir. Bir tərəfdən İŞİD terror təşkilatına qarşı aparılan və hələlik ciddi effekt verməyən əməliyyatlar, digər tərəfdən Parisdə baş vermiş. qanlı terror aktı, eləcə də Güney azərbaycanlıların yenidən haqlı olaraq ayaqlanması, bütün bunların fonunda Rusiyanın Cənubi Qafqazda fəallaşmasının regiona təsirsiz ötüşəcəyi istisna edilmir. Bu ərəfədə müntəzəm olaraq gündəmə gələn Rusiyanın əli ilə işğal edilmiş Azərbaycan ərazilərinin bir qisminin azad edilməsi məsələsi yenidən müzakirə predmetinə çevrilib. Hələlik qeyri-rəsmi olaraq gündəmə gələn bu məsələnin doğurdan da reallaşacağı isə şübhə doğurur. Bəs görəsən Rusiya işğal altında olan ərazilərin boşaldılmasında nə dərəcədə səmimi və iddialıdır? Eləcə də işğalçı Ermənistan Azərbaycanın işöal altında saxladığı rayonlarını geri qaytarmağa hazırdırmı? Bu və ya digər məsələlərlə bağlı müstəqil ekspert Əlabbas Məhərrəmli ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə ekspert son günlər Güneydə baş verən hadisələrə də aydınlıq gətirib.
-Əlabbas bəy, son günlər yenidən işğal olunmuş ərazilərin Rusiyanın əli ilə geri qaytarılacağı deyilir. Sizcə Rusiya belə bir addım atarmı?
-Qarabağ münaqişəsinin yenidən alovlanmasında, daha sonra genişmiqyaslı müharibəyə çevrilməsində, Azərbaycan ərazilərinin işğalında, Xocalı Soyqırımı kimi qırğının törədilməsində Rusiyanın birbaşa iştirakını nəzərə alsaq, bu versiya təbii ki, inandırıcı deyil. Rusiyanın münaqişəni həll etmək niyyəti olsaydı, hətta ATƏT-in Minsk qrupu olmadan da, Ermənistana təsir edərək, münaqişəyə son qoyardı. O baxımdan, Rusiyanın belə bir addım atması mənim üçün gözlənilən deyil. Amma hazırda dünyada və regionda elə mürəkkəb proseslər gedir ki, Rusiya öz maraqları naminə bu istiqamətdə müəyyən işlər görə bilər.
-Bəs Ermənistan bu prosesə nə dərəcədə hazırdı?
-Ermənistanın bu məsələdə nə qədər hazır olub-olmamasının əhəmiyyəti yoxdur. Rusiyadan Azərbaycanın işğal altındakı ərazilərinin boşaldılmasına konkret təşəbbüs olacaqsa, Ermənistanın razılaşmaqdan başqa yolu qalmayacaq. Çünki razılaşmasa, daha böyük problemlə üzləşəcəyini bilir.
-Bu arada ölkədə dini zəmində qarşıdurma yaratmağa cəhdlər edilir. Bunu necə dəyərləndirirsiniz. Azərbaycanda belə bir təhlükə gözlənilirmi?
-Təbii ki, belə hadisələr ciddi narahatlıq doğurur. Amma güman etmirəm ki, məhdud çevrələrin hansısa addımları, aksiyaları geniş qarşıdurmaya səbəb olsun. Aydın görünür ki, Azərbaycanda sabitliyin pozulması üçün dini amildən istifadəyə cəhdlər olunur və bunun da arxasında məlum xarici dairələr dayanır. Lakin Azərbaycan dövləti və xalqı bu təhlükələri dəf etmək imkanındadır.
-Güneydə baş verən son proseslər nədən xəbər verir?
-Güneydə baş verənlər oradakı soydaşlarımızın hakim rejim tərəfindən təhqir olunmasına (yəni bir televiziya verilişi özbaşına hazırlanıb yayımlana bilməzdi) adekvat cavabdır. Ümumiyyətlə, güneydəki soydaşlarımızın milli özünüdərki hər zaman yüksək səviyyədə olub və rejimin belə təhqirlərinə qarşı həmişə təpki göstəriblər. Milli hüquqları pozulan soydaşlarımızın televiziya verilişində təhqir olunmaları təbbi ki, cavabsız qala bilməzdi. Gördünüz ki, soydaşlarımızın geniş etiraz aksiyalarından sonra həm rəsmi şəxslər, həm də o telekenalın rəhbərliyi üzr istəmək məcburiyyətində qaldılar. Yəni bir telekanalda getmiş süjet göstərdi ki, Güneydəki soydaşlarımız istənilən vaxt təşkilatlanıb böyük güc kimi ortaya çıxa bilirlər.
-Sizcə aksiyaların bir faydası olacaq və İran rejimi soydaşlarımızın haqq və hüquqlarını tanıyacaqmı?
-Bu aksiyalardan sonra rəsmilərin üzr istədiklərini qeyd etdim. İran hakimiyyəti də özünün indiki vəziyyətində soydaşlarımızın timsalında əlavə gərginliyin yaranmasında maraqlı deyil. Ona görə də, müəyyən addımların atılması istisna olunmur.
S, İsmayılbəyli