“Siyasi həyatda mövcud olan partiyalar inkişaf istəmirlər”

Tural Abbaslı: “Onlar mübarizə yox, mübarizənin imitasiyası ilə məşğuldurlar”

"Daxili intriqalarla yeniliyin qarşısını kəsirlər"

Arif Hacılının Müsavat başqanı seçilməsindən sonra bu partiyada yaşananlar, kütləvi istefalardan sonra Müsavat rəhbərliyinin hansısa bir nəticə çıxaracağı və etirazçılarla bir araya gələrək problemi danışıqlar yolu ilə həll edəcəyi düşünülsə də, gözləntilər heç də özünü doğrultmadı. Əksinə partiya rəhbərliyinin yeni rəhbərliyə qarşı çıxan müsavatçılara qarşı daha da aqressiv davranması Müsavatdakı iç savaşı bir qədər dərinləşdirdi. Partiyadan bir qrup ayrılaraq Azərbaycan Demokratiya və Rifah Hərəkatı yaratdığı halda, digər bir qrup parlament seçkiləri ərəfəsində "Ağ blok" siyasi təşkilatını yaratdılar. Hazırda isə "Ağ blok" təşkilatı partiyaya çevrilmək istiqamətində çalışır. Elə sözügedən blokun yaradıcısı, Müsavat Partiyası Divanının sabiq üzvü Tural Abbaslı da "OLAYLAR"-a verdiyi müsahibədə bunu təsdiqləyib. Tural Abbaslı yeni yaradılacaq partiyanın fəaliyyət istiqamətəri, digər müxalifət partiyaları ilə mümkün əməkdaşlığı məsələlərindən də danışıb.

-Tural bəy, gözlənildiyi kimi Ağ Blokun partiyaya çevrildiyi bildirilir. Bu istiqamətdə işlər hansı mərhələdədir?

-Əvvala onu qeyd edim ki, "AĞ Blok" hələ partiyaya çevrilməyib. Ancaq belə bir niyyətimiz, çalışmalarımız da yox deyil. Məlumat üçün qeyd edim ki, bu istiqamətdə müəyyən müzakirələrimiz və danışıqlarımız davam edir. Düzdür, etiraf etmək lazımdır ki, bizə də hər şeyi yenidən sıfırdan başlamaq asan deyil. Çünki illərimizi qoyduğumuz siyasi qurumlarımız, partiya və təşkilatlarımız var. Ancaq onu da etiraf etmək lazımdır ki, bu gün siyasi həyatda mövcud olan həmin partiyadakılar inkişaf istəmirlər, mübarizə yox, mübarizənin imitasiyası ilə məşğuldurlar. Daxili intriqalarla yeniliyin qarşısını kəsirlər. Yeni yanaşmaya və yeni simalara maneçilik törədirlər. Belə olan təqdirdə məcbur olursan ki, mübarizəni səmərəli təşkil edə biləcək bir platforma yaradasan. Və bu da yeni təşkilat, hərəkat və ya partiya ola bilər. Ona görə biz də bu istiqamətdə çalışırıq.

-Bu qədər partiya bolluğunun olduğu bir ərəfədə yeni bir partiyanın yaranması ehtiyacı duyulurdumu?

-Təbii ki, bu qədər siyasi partiyaların çoxluğunda yeni bir qurumun meydana çıxması və özünü təsdiq etməsi o qədər də asan bir iş deyil. Əgər biz yeni bir partiya quracağıqsa bütün bu çətinlikləri göz önündə tutub quracağıq.

-Partiya sırf gənclərdən ibarət olacaq, yoxsa sıralarınızda nisbətən yaşlı insanlar da yer alacaq?

-Əgər nəzərdə tutduğumuz planlar alınarasa və partiya quruculuğuna başlayarıqsa təbii ki, burada ancaq, gənclər olmayacaq. Biz çalışacağıq ki, cəmiyyətin bütün kəsimlərini və yaş qruplarını əhatə üdən bir partiya olaq.

-Ağ Blok Partiyası digər müxalifət partiyaları, xüsusilə Müsavatda hansı formada əməkdaşlıq edəcək?

-Biz çalışacağıq ki, siyasi düşərgədə təmsil olunan bütün partiyalarla normal əməkdaşlıq edək. Ancaq təbii ki, bu əməkdaşlıq zamanı qarşı tərəfin də bizə olan münasibəti nəzərə alınacaq. Əgər qarşı tərəf bizimlə əməkdaşlıq etməyə maraqlı görünməyəcəksə, o halda həmin partiyanı bizimlə əməkdaşlığa məcbur edə bilmərik.

-Sizcə, partiyanız "yeni siyasi qüvvələr və partiyalar ortaya çıxmalıdır" kimi deyimləri qarşılaya və cəmiyyət üçün lazım olan münasibıti sərgiləyə biləcəkmi?

-Biz hansısa eyforiyaya qapılmamışıq və real siyasi şəraitdən xəbərdarıq. Çünki bizim blokda təmsil olunan gənclərin bəzilərinin 15 ilə yaxın siyasi mübarizə təcrübəsi var və bir çoxu bu və ya digər siyasi partiyalarda rəhbər strukturlarda təmsil olunub. Bütün bu təcrübə bizə cəmiyyət tərəfindən ciddi siyasi qrum kimi qəbul olunacaq bir partiya yarada biləcəyimizə əminlik yaradır

-Partiya özünü cəmiyyətə nə dərəcədə ciddi bir siyasi qüvvə kimi təqdim edəcək?

-Bizim qarşımıza qoyduğumuz hədəflərə çatıb çatmayacağımızı indidən demək mümkün deyil. Biz ən azından bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik. Nəticənin olub olmayacağını isə zaman göstəeəcək.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31