Ölkəmizi təhdid edən təhlükələr bütün siyasi qüvvələrin həmrəylik göstərməsini şərtləndirir
Taliyət Əliyev: “Müxalif siyasi qüvvələrin bu istiqamətdə çalışması və fəaliyyət göstərməsi daha məqbul olardı”
6 Noyabr 2015 12:37 MüsahibəArtıq parlament seçkiləri arxada qalıb. Seçki mübarizəsinə qoşulub bu mübarizədə müəyyən mənada uğur qazanan partiyalar növbəti mərhələdə işini qanunverici orqanda bir sıra təkliflərin gündəmə gətirilməsi istiqamətində qurduğu halda, parlament seçkilərinə qatılmayan bəzi partiyalar isə qarşıdakı zaman kəsiyində atacağı addımları müəyyənləşdirir. Belə partiyalardan biri də Azərbaycan Demokrat Partiyasıdır. Seçkidən sonrakı dönəmdə hələlik ciddi siyasi addımlar atmayan demokratların qarşıdakı hədəflərinin nədən ibarət olacağı barədə partiyanın sədr müavini Taliyət Əliyevlə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Taliyət Əliyev Ümid və Azərbaycan Demokrat Partiyasının təmsil olunduğu "Qarabağ" Siyasi Blokunun gələcək taleyi barədə də danışıb.
-Taliyət bəy, seçki mübarizəsinə qoşulmayan Azərbaycan Demokrat Partiyasının bundan sonra qarşısında duran əsas prioritet nə olacaq?
-Parlament seçkilərindən sonra ölkədə yaranmış mövcud ictimai-siyasi vəziyyət Azərbaycan Demokrat Partiyasının ötən həftə keçirilən İdarə Heyətinin toplantısında müzakirə olunub. Gəldiyimiz qənaət ondan ibarətdir ki, mövcud vəziyyət cəmiyyət və dövlət olaraq bizə heç də yaxşı perspektiv vəd etmir. Təəssüflər olsun ki, cəmiyyətimizi düşdüyü mövcud ağır durumdan çıxarmaq üçün hakimiyyətlə bərabər müxalifətin də potensialı yoxdur. Qənaətimiz ondan ibarətdir ki, ölkəni üzləşdiyi indiki ağır vəziyyətdən çıxarmaq və bizi gözləyən siyasi və sosial böhranlardan qaçmaq üçün hökmən iqtidarla müxalifət arasında siyasi dialoqa ehtiyac var. Ona görə də, partiya olaraq növbəti mərhələdə fəaliyyətimizi bu istiqamətdə qurmaqda qərarlıyıq.
-Partiya uzun müddət təxirə salınan qurultayını keçirməyi il ərzində reallaşdıra biləcəkmi?
-Doğurdan da Azərbaycan Demokrat Partiyası xeyli müddətdir ki, qurultayını keçirə bilmir. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. Bu səbəblər də hər kəsə bəllidir. Səbəblərdən biri noyabrın 1-də ölkədə parlament seçkilərinin keçirilməsi oldu. İlkin mərhələdə ADP bu seçkilərdə iştirak etməkdə maraqlı idi. Ona görə də partiyanın mərkəzi strukturları, eləcə də rayon təşkilatlarında əsas diqqət seçkilərə yönəlmişdi. Lakin sonradan məlum səbəblərdən ADP seçkilərdə iştirak etməmək barədə qərar verdi. Ona görə də bu müddət ərzində qurultayın keçirilməsi arxa plana keçdi. Hazırda da il yekunlaşmaq üzrədir və artıq ilin sonuna az qalıb. Bu baxımdan bu il Azərbaycan Demokrat Partiyasının qurultayının keçirilməsi məsələsi real görünmür.
-Parlament seçkilərində ADP ilə Ümid Partiyasının birgə iştirakının mümkünsüzlüyü "Qarabağ" blokunda yolların ayrılmasına gətirib çıxara bilərmi?
-"Qarabağ" bloku ölkədə ən uzunömürlü siyasi birlik oldu. Parlament seçkilərindən öncə biz blokun fəaliyyətinin seçkilərin sonuna kimi dayandırılması ilə bağlı qərar vermişik. Seçkidən sonra isə hələ ki, blokun fəaliyyətinin davam etdirilməsi ilə bağlı heç bir təşəbbüs yoxdur. Hesab edirəm ki, yaxın vaxtlarda bu məsələ aydınlaşacaq və müvafiq qərar veriləcək.
-Bəs Azərbaycan Demokrat Partiyası olaraq yeni əməkdaşlıq imkanları ətrafında düşünürsünüzmü?
-Partiya olaraq həmişə əməkdaşlığa maraqlı olmuşuq. Azərbaycan Demokrat Partiyası olaraq bundan sonra da siyasi maraqlarımız üst-üstə düşən partiyalar ilə əməkdaşlığa hazırıq.
-Azərbaycan Demokrat Partiyası bundan sonra müxalifətin hansı istiqamətdə fəaliyyət göstərməsini məqbul hesab edir?
-Birmənalı olaraq nəzərə alınmalıdır ki, dünyada və regionda baş verən hadisələri və bu hadisələr fonunda ölkəmizi təhdid edən təhlükələr ölkədəki bütün siyasi qüvvələrin xalqımızın və dövlətimizin maraqları naminə həmrəylik göstərməsini şərtləndirir. Azərbaycan Demokrat Partiyası olaraq hesab edirik ki, bu baxımdan müxalif siyasi qüvvələrin indiki zamanda bu istiqamətdə çalışması və fəaliyyət göstərməsi daha məqbul olardı.
Süleyman İsmayılbəyli